Azərbaycan, Bakı, 3 sentyabrt /Trend, müxbir M.Əliyev/
Ötən ay Azərbaycanda 2 793 762 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatlar nəticəsində 3 236 PHS, 12 ədəd tank əleyhinə və 2 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 425 mütəxəssis və 115 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 30 minaxtaran it iştirak edib.
İndiyədək cəmi 141 256 267 kvadratmetr ərazi təmizlənib, 625 200 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.
ANAMA tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağdam, Ağstafa, Qazax, Gədəbəy, Göygöl, Tərtər, Füzuli, eləcə də Bakı şəhəri Qaradağ rayonu ərazisində aparılır.
2010-cu ilin avqust ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.