...

ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərinin Soçidə əldə etdikləri irəliləyişin dəstəklənməsi üçün əlindən gələni edəcək - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2011 19:02 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün artıq çox şey edib və münaqişə tərəflərinin Soçidə əldə etdikləri irəliləyişin dəstəklənməsi üçün əlindən gələni edəcək.
ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərinin Soçidə əldə etdikləri irəliləyişin dəstəklənməsi üçün əlindən gələni edəcək - səfir

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Y.Ostapenko/

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün artıq çox şey edib və münaqişə tərəflərinin Soçidə əldə etdikləri irəliləyişin dəstəklənməsi üçün əlindən gələni edəcək. Bu barədə cümə günü ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Trend-ə müsahibəsində deyib.

"Bakıya gəlmək üçün Vaşinqtonu tərk etməzdən əvvəl mənim Prezident Obama və dövlət katibi Klintonla ikitərəfli münasibətlər kontekstində Minsk prosesini müzakirə etmək imkanım olub, - Brayza bildirib. - Mən şahidi oldum ki, Vaşinqton tərəflərin razılığa gəlməsi üçün əlindən gələn hər şeyi etməyə çalışır".

Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması marağını bölüşür.

Brayzanın sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin dinc yolla nizamlanmaya sadiqliyi sübüt edən və qoşunların təmas xəttində insidentlərin ATƏT tərəfindən araşdırılması bəndinin olduğu bəyanatları çox böyük uğurdur. "Dünən baş tutan hərbi əsirlərin mübadiləsi də çox mühümdür", - o hesab edir.

"Cümə axşamı saat 14:00 radələrində Ağdam rayonunda Azərbaycan erməni tərəfə mülki şəxs Artur Badalyanı təhvil verib. Əsirlikdə olan azərbaycanlı hərbi qulluqçu Anar Hacıyev isə Azərbaycana qaytarılıb", - Trend-ə Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisindən bildirilib.

Cenevrə konvensiyalarına əsasən, BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən fəaliyyət göstərir.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə martın 5-də üçtərəfli görüş keçirib. Danışıqların yekunları üzrə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə bəyannamə qəbul edilib.

Sənəddə qeyd edildiyinə görə, liderlər 2010-cu il oktyabrın 27-də Həştərxanda qəbul etdikləri üçtərəfli bəyannamənin praktiki surətdə həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Xüsusilə prezidentlər qısa müddət ərzində hərbi əsirlərin mübadiləsini başa çatdırmaq barədə razılığa gəliblər. Bundan başqa, sənəddə "bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti yaxınlığında mümkün insidentlərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında tərəflərin iştirakı ilə araşdırılmasının aparılması" səyləri qeyd edilir.

"Prezident Medvedevin Soçidə mövqeyi çox konstruktiv olub və Minsk qrupu həmsədrlərinin dedikləri kimi, bu görüşdə tərəflər irəliləyişə nail ola biliblər", - səfir vurğulayıb.

"ABŞ ilk növbədə bu prosesin dəstəklənməsi üçün əlindən gələni edəcək", - o bildirib.

"ATƏT-in Minsk qrupunun həmsədri kimi biz münaqişə tərəflərinə Soçidə əldə edilən bu sülh sazişinin həyata keçirilməsi üçün kömək etməyi özümüzə borc bilirik", - Brayza əlavə edib.

Səfirin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri çox mühüm iş görürlər.

"Səfir kimi mənim işim ondan ibarətdir ki, dostum və həmkarım, gözəl diplomat səfir Robert Bradtkeyə və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinə dəstək vermək və kömək etmək üçün əlimdən gələni edim", - Brayza deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti