...

Bayram Səfərov: ABŞ-da bilirlər ki, əvvəlki illərdə Dağlıq Qarabağa ayrılan vəsaitlər separatçılığın gücləndirilməsinə xərclənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2011 18:17 (UTC +04:00)
ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar üzrə alt komitəsində separatçı Dağlıq Qarabağ rejiminə 2012-ci il üçün pul ayırmaması müsbət haldır.
Bayram Səfərov: ABŞ-da bilirlər ki, əvvəlki illərdə Dağlıq Qarabağa ayrılan vəsaitlər separatçılığın gücləndirilməsinə xərclənib

Azərbaycan, Bakı, 1 avqust /Trend/

ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar üzrə alt komitəsində separatçı Dağlıq Qarabağ rejiminə 2012-ci il üçün pul ayırmaması müsbət haldır. Artıq ABŞ-da bilirlər ki, əvvəlki illərdə ayrılan vəsaitlər dinc insanlar üçün deyil, separatçılığı, düşmənçiliyi gücləndirmək məqsədilə xərclənib. Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

"Beynəlxalq birlik Ermənistanın siyasətinin əsl mahiyyətini anlayır və bu siyasətin sülhə xidmət etmədiyini görür", - Səfərov bildirib.

Onun sözlərinə görə, erməni lobbisinin təzyiqlərinə rəğmən ABŞ Konqresində belə bir addımın atılması Ermənistan hakimiyyətinə və Dağlıq Qarabağ separatçı rejiminə ciddi zərbədir.

"Doğrudur, əvvəllər ABŞ rəsmiləri bəyan edirdilər ki, Dağlıq Qarabağa ayrılan vəsait humanitar xarakterlidir. Amma heç kim bu vəsaitin necə xərclənməsinə dair hesabat vermirdi. Bu da milyonlarla məbləğin separatçı rejimin özü üçün xərcləməsinə əminlik yaradırdı. Əgər humanitar xarakterli addımlar atılırsa, onda, ilk növbədə, Dağlıq Qarabağdan, öz doğma yurdlarından didərgin salınmış insanlara bu dəstək verilməli idi. Mən ümid edirəm ki, növbəti mərhələlər də uğurlu olacaq və ermənilərin cəhdlərinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ separatçılarına vəsait ayırmayacaq", - Səfərov vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti