...

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi hələ də beynəlxalq təhlükəsizlik üçün ciddi çağırışdır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2012 17:49 (UTC +04:00)
ATƏT-in səylərinə baxmayaraq, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirir və qoşunlarını çıxartmır.

Təfərrüatlar ikinci abzasdan sonra əlavə olunub (ilk xəbər 16:58-də çıxıb)

İrlandiya, Dublin, 6 dekabr /Trend, xüsusi müxbir E.Hüseynov/

ATƏT-in səylərinə baxmayaraq, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirir və qoşunlarını çıxartmır. Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu iclasında deyib.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların heç bir nəticəsi yoxdur", - nazir qeyd edib.

XİN rəhbəri bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqların tezliklə davam etdirilməsində maraqlıdır.

Nazirin sözlərinə görə, Azərbaycan həmsədrlərin fəaliyyətinə dəstək vermək üçün ATƏT-in Minsk qrupunun işinin fəallaşdırılmasının lehinə çıxış edir, həmçinin münaqişənin mərhələli şəkildə nizamlanmasına gətirib çıxaracaq hərtərəfli sülh sazişinin əldə edilməsinə başlamağa hazırdır.

Məmmədyarov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi hələ də beynəlxalq təhlükəsizlik üçün ciddi çağırışdır.

O əlavə edib ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində status-kvonu möhkəmləndirir və iğal edilmiş ərazilər üzərində nəzarəti saxlamaq üçün gücdən istifadə edərək ATƏT-in nizamnaməsini pozur.

"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycan mədəniyyətinin bütün əlamətlərini silməyə çalışaraq qaçqınların öz evlərinə qayıtmasına mane olur. İşğal edilmiş ərazilərdə toxunulmamış heç bir mədəniyyət abidəsi qalmayıb", - Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, Ermənistan hətta icmalardaxili dialoqdan imtina edir, regionun iqtisadi inkişafına əngəl törədir.

Ermənistanın işğal edilmiş Xankəndidə aeroportun açılması məsələsindən istifadə etmək cəhdləri də rəsmi Bakını narahat edir ki, bu da münaqişənin nizamlanması prosesinə xələl gətirən və regionda vəziyyəti kəskinləşdirən təxribat xarakterli addımdır.

Nazirin sözlərinə görə, Bakı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində sülhə alternativ yoxdur və bu məsələdə ATƏT-ə üzv ölkələrin dəstəyinə güvənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti