...

Almaniya parlamenti Xocalı soyqırımı ilə bağlı petisiyaya baxacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2015 14:17 (UTC +04:00)
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) Alman Bundestaqının Petisiya Komitəsinin üzvü Günter Baumana “1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli”nə dair petisiya ilə təkrar müraciət edib.
Almaniya parlamenti Xocalı soyqırımı ilə bağlı petisiyaya baxacaq

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlkin İzzət/

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) Alman Bundestaqının Petisiya Komitəsinin üzvü Günter Baumana "1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli"nə dair petisiya ilə təkrar müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, petisiyaya Xocalı soyqırımı haqqında məlumat kitabı və 2013-cü il ərzində toplanmış Almaniyadakı azərbaycanlıların imzaları əlavə edilib. İmzatoplama aksiyasında Almaniyadakı bütün Azərbaycan diaspor təşkilatları, xüsusilə də mərkəzi Bielefeld şəhərindəki Almaniyanın Nordrayn-Vestfaliya federal əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti yaxından iştirak edib.

Bu, AAKM-nin Bundestaqın Petisiya Komitəsinə artıq ikinci müraciətidir. 2014-cü ildə verilən petisiyada təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyə qədər qəbul edilmiş qərar və bəyanatlara istinad edərək Almaniya Parlamentini Xocalı soyqırımını tanımağa çağırıb və bu istiqamətdə yeni səylər göstərəcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, 2014-cü ildə Almaniya Bundestaqına edilmiş müraciətin cavabında AAKM Petisiya Komitəsinə etiraz məktubu göndərib. İl ərzində aparılan məktublaşmada Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətində atəşkəsi pozması, azərbaycanlıların öz doğma torpaqlarında girov götürülməsi, Qarabağ sakinlərinin hüquqlarının pozulması haqqında məlumat verilmiş, beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qərarların həyata keçirilməsi, ədalətin bərqərar olması tələbləri irəli sürülüb.

AAKM-in təkidli müraciətlərindən sonra Bundestaqın Petisiya Komitəsi "1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli"nə dair petisiyaya yenidən baxmağı qərara alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti