Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə təsdiq olunub.
Trend in məlumatına görə, Əsasnamə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna uyğun olaraq, ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydalarını müəyyən edir. Əsasnamənin müddəalarına görə, hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, ədliyyə orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə və ya müsahibə keçirilir. Ədliyyə orqanlarında böyük (baş ədliyyə müşaviri, ədliyyə polkovniki və tibb xidməti polkovniki istisna olmaqla) və orta xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə şəxslər, bir qayda olaraq, müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. Müsabiqəyə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun tələblərinə cavab verən ali hüquq təhsilli şəxslər buraxılırlar. Prokurorluqda və digər hüquq-mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən, digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan, hüquq sahəsində elmi dərəcəsi olan, əvvəllər hakim işləmiş, hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslərlə, ali hüquq təhsili tələb olunmayan vəzifələrə, sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul olunmaq üçün namizədlərlə yalnız müsahibə keçirir.
Müsabiqə və müsahibənin keçirilməsi üçün müsabiqə komissiyaları yaradılır. Komissiyaların tərkibi ədliyyə naziri tərəfindən təsdiq olunur. Komissiyaların işinə nüfuzlu hüquqşünaslar, alimlər və digər mütəxəssislər cəlb edilə bilərlər. Ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi - 60 yaşdır.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifələrə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir. Yaş həddinə çatmış ədliyyə orqanlarının digər işçilərinin qulluqda olma müddəti ədliyyə naziri tərəfindən uzadıla bilər. Ədliyyə orqanlarında qulluqda olma müddəti hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. 65 yaşına çatmış işçilərin ədliyyə orqanlarında qulluqda olma müddətinin uzadılmasına yol verilmir.