Azərbaycan, Bakı, 9 yanvar / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasında regionçuluq faktoru partiyanın zəifləməsinə, kadrların itirilməsinə səbəb olan amillərdəndir. Bu fikirləri çərşənbə günü Trend ə açıqlamasında AMİP-in keçmiş sədri Əli Əliyev bildirib.
AMİP sədri Ayaz Rüstəmov, səhhətində problemlər olmasını əsas gətirərək, ötən ilin sonunda vəzifəsindən istefa verib. Partiyanın yaradıcısı və lideri Etibar Məmmədov ötən il KİV-ə açıqlamasında bildirmişdi ki, AMİP-in fəaliyyəti onu qane etmir. Partiyanın Goranboy rayon təşkilatının sədri KİV-ə bildirmişdi ki, Ayaz Rüstəmovun istefası partiya fəallarının apardığı mübarizənin nəticəsidir. Rüstəmov isə, ötən gün Trend ə açıqlamasında bu iddianı təkzib edərək, bildirib ki, istefa verməsi üçün ona heç bir təzyiq göstərilməyib.
2004-2005-ci illərdə AMİP-in sədri olmuş Əli Əliyev bildirib ki, bu partiya əvvəlki nüfuzunu və gücünü itirib. Onun fikrincə, partiyanın buraxdığı səhvləri, yalnız bir regiona mənsub olan xırda çevrələri əhatə etməsi onu bu vəziyyətə salıb. Əlavə edib ki, AMİP-in 2005-ci ildə keçirilmiş son parlament seçkisində heç bir uğur qazanmaması bu partiyanın nüfuzunun azalmasının bir nümunəsidir: "Parlament seçkisində AMİP 60-dan çox namizədi ilə iştirak etdi, lakin,mən də daxil olmaqla, heç bir namizəd seçkidə qalib gələ bilmədi. AMİP-in lideri öz doğulub-yaşadığı ərazidə əhalinin etimadını qazanmırsa, topladığı səslərə görə 4-cü yerdə olubsa, bu, partiyanın cəmiyyətdəki yerini göstərir"-deyə AMİP-in keçmiş sədri bildirib.
O, əlavə edib ki, əksər partiyalarda olduğu kimi, AMİP daxilində də coğrafi mənsubiyyət, regionçuluq faktoru var və bu, partiyanın zəifləməsinə, kadrlarını itirməsinə səbəb olan amillərdəndir. Əliyev bildirib ki, AMİP-in əvvəlki gücünü, nüfuzunu bərpa edəcəyinə inamı çox azdır.
O, həmçinin, deyib ki, hazırda AMİP daxilində partiyanın sədri postuna seçilə biləcək nüfuzlu, tanınmış şəxslər tanımır: "AMİP-i cəmiyyətə tanıtdıran, nüfuzunu artıran kadrların hamısı partiyanı tərk edib. Hazırda sədr postuna layiq parlaq simalar görmürəm"- deyə Əliyev qeyd edib.
AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov çərşənbə günü Trend ə bildirib ki, partiya daxilində region mənsubiyyətinə görə ayrı-seçkilik yoxdur: "Hansısa fəal bölgəyə mənsub adamların AMİP-ə üzv olmasının qarşısını ala bilmərik. Partiya daxilində hər hansı regiona üstünlünk verilmir və AMİP hər hansı çevrəyə mənsub bir partiya deyil"- deyən Orucov əlavə edib ki, AMİP daxilində hər hansı bölgəyə mənsub şəxslər çoxluq təşkil etmir və onlara özəl münasibət göstərilmir.
AMİP-in zəifləməsi arqumentinə gəldikdə, Orucov deyib ki, bu, Azərbaycandakı bütün partiyaların problemidir: "Çünki hakimiyyət elə bir vəziyyət yaradıb ki, müxalifət partiyaları indi ancaq öz mövcudluqlarını qoruyub saxlamağa çalışırlar"- deyə Orucov bildirib.
AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.
2005-ci ilin sonunda AMİP-də parçalanma baş verib, partiya sədr Əli Əliyevin və lideri Etibar Məmmədovun tərəfdarlarına bölünüb. Hər iki tərəf ayrı-ayrılıqda AMİP adına iddia edib və sonda Ədliyyə Nazirliyi Etibar Məmmədovun rəhbərlik etdiyi partiyanı AMİP kimi tanıyıb. Əli Əliyevin tərəfdarları 2006-cı ildə öz qurultaylarını keçirərək, Vətəndaş və İnkişaf Partiyasını yaradıblar.