...

Müsəlmanlarla danışıqlarda uğur Obamadan asılıdır – ekspertlər

Siyasət Materials 15 May 2009 13:04 (UTC +04:00)
Müsəlmanlarla danışıqlarda uğur Obamadan asılıdır – ekspertlər

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir Ü.Sadığova /

Ekspertlər hesab edirlər ki, Obamanın Amerika-İslam dialoqu qurmağa səy göstərdiyini nəzərə alsaq, o, müsəlman dünyasının etibarını qazana bilər, lakin bu, yalnız Fələstin-İsrail dialoqu dəstəklənəcəyi, İraq və Əfqanıstanda müharibələr dayandırılacağı təqdirdə mümkün ola bilər.

Ağ Evin rəhbəri Barak Obama iyunun 1-də Misirə səfər edəcək. Onun sözlərinə görə, o, burada müsəlman ölkələri ilə münasibətlərdə gələcək planlarını, həmçinin ABŞ-ın Yaxın Şərq siyasətini açıqlayacaq. Xəbəri Al Jazeera saytı yayıb.

Obama səfər etdiyi ilk müsəlman ölkəsi olan Türkiyədə müsəlman ölkələrini dialoqa çağırmış və bildirmişdi ki, ABŞ "heç vaxt İslam və müsəlmanlara qarşı müharibə aparmayıb" və "ABŞ-ın müsəlman dünyası ilə tərəfdaşlığı təkcə Birləşmiş Ştatların "Əl-Qaidə" ilə mübarizəsi prizmasından qurulmamalıdır". Xəbəri Türkiyənin TRT-2 telekanalı yayıb.  

"ABŞ-ın müharibəsi İslama qarşı deyil, terrora qarşı yönəlmişdir", - deyə AFP agentliyi xəbər verib.

ABŞ və müsəlman ölkələrinin münasibətləri, birincinin Fələstin ərazilərinin işğalında İsraili dəstəkləməsi səbəbindən gərginləşib. Lakin Corc Buş administrasiyasının Əfqanıstanda "Əl-Qaidə" terror təşkilatı və "Taliban" hərəkatına, daha sonra isə 2003-cü ildə İraqda müharibəyə başlaması gərginliyi ən son həddə çatdırıb.

İslam ölkələri liderləri də Buşun ərəb ölkələri ilə münaqişədə olan İsrailə maliyyə və diplomatik yardımını tənqid ediblər.

Ağ Evin keçmiş administrasiyası ərəb siyasi xadimlərini və Suriya kimi dövlətləri beynəlxalq terrorizmə dəstəkdə ittiham edirdi.

Lakin Obama Türkiyəyə səfəri zamanı ABŞ-ın müsəlman ölkələri ilə qarşılıqlı hörmət və maraqlara əsaslanan tutarlı bir əməkdaşlıq axtardığına işarə etmişdi.

Misirin "Əl-Əhram" qəzetinin siyasi icmalçısı Başşar Əbdul Fəttah Qahirədən telefonla Trend -a bildirib ki, Obamanın müsəlman dünyasının inamını qaytarmaq şansı var, çünki onun Türkiyəyə, daha sonra Misirə səfəri onun İslam dünyası ilə bağlı niyyətlərində ciddi olduğunu göstərir.

Böyük Britaniyanın Müsəlmanlar Şurası Baş katibinin müavini Davud Abdullah hesab edir ki, müsəlman ölkələri ilə münasibətləri yaxşılaşdırmaq üçün təkcə dialoqa başlamaq niyyətində olduğunu bəyan etmək kifayət etmir, bunun üçün bu istiqamətdə Amerika qoşunlarının İraqdan çıxarılması və ya Fələstin ərazilərində İsrail nəzarətinin genişlənməsinə son qoymaq kimi fəaliyyətlərin həyata keçirilməsi də vacibdir.

"Obama İsrailin Əl-Aqsada bütün müsəlman dünyasında qəzəbə səbəb olan məscid və Fələstin evlərini dağıtması barədə hələ heç nə deməib. ABŞ həmçinin, Əfqanıstanda mülki şəxslərin öldürülməsini dayandırmalı və qoşunlarını İraqdan çıxartmalıdır", - deyə Londondan telefolnla Trend -a Abdullah bildirib.

Obama prezident vəzifəsinə keçdikdən sonra 2009-cu ilin avqustunda 2011-ci ilədək qoşunlarını İraqdan çıxartmağa başlayacağını bildirib. Lakin Amerika qoşunlarının bir hissəsi yerli təhlükəsizlik qüvvələrinə təlimlərin keçilməsi məqsədi ilə İraqda qalacaq.

Merilend Universitetinin (University of Maryland) İslam siyasəti üzrə professoru Çarlz Battervos hesab edir ki, Obama müsəlman ölkələrini öz niyyətində ciddi olduğuna inandırmaq üçün Əfqanıstan və İraqda apardığı siyasəti yenidən nəzərdən keçirməlidir.

"Bu, onun [Barak Obamanın] mübarizəni dayandırması və mülki infrastrukturların tikintisinə başlaması deməkdir", - deyə elektron poçt ilə Trend -a Battervos bildirib.

Müşahidəçilər hesab edirlər ki, Obamanın İslam dünyası ilə münasibətlərdə şansları, fələstinlilərlə sülh danışıqlarında ABŞ-ın İsrailə dəstəyi yenidən nəzərdən keçirəcəyi təqdirdə arta bilər.

Ağ Ev rəhbəri dəfələrlə bəyan edib ki, Vaşinqton İsrailin sağçı hökumətinin qarşı çıxdığı müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir.

Battervos hesab edir ki, Obama ABŞ-ın Fələstin ərazilərinin işğal edilməsində İsrailə maliyyə yardımı göstərməkdən imtina etdiyini nümayiş etdirməlidir. "Bu, böyük güc və möhkəm rəhbərlik tələb edir ki,bu keyfiyyət də ABŞ-da yoxdur", - deyə o bildirib.

Konfranslarında Vaşinqtonun yüksək çinli məmurlarının iştirak etdiyi AIPAC iri yəhudi təşkilatı ABŞ-a güclü təsir göstərir. Bundan əlavə, İsrail silahın 97 faizini ABŞ-dan alır.

Amerikanın Miçiqan Universitetinin Yaxın Şərq və Şimali Afrika Tədqiqatları üzrə Mərkəzinin direktoru Gntoni Sallivan (Anthony Sullivan) hesab edir ki, İslam dünyası ABŞ-dan İsrail ilə münasibətlərdə balanslaşdırılmış siyasət gözləyir, xüsusilə də, Fələstin-İsrail münaqişəsində.

"Fələstin məsələsi İslam dünyasını Qərbdən uzaqlaşdıran əsas səbəbdir. Fələstin-İsrail problemi həll olunarsa, müsəlmanlar indi olduğu kimi ABŞ-a qarşı çıxmazlar, lakin məsələ Obamanın bunu nə zaman və necə edəcəyindədir", - deyə telefonla Trend -a Sallivan bildirib.

Ekspertlər hesab edirlər ki, Misirin müsəlmanlara müraciət yeri kimi seçilməsi ABŞ prezidentinin İslam dünyası ilə münasibətlərdə uğur əldə etməyə səy göstərməsi deməkdir.

Qahirə Fələstin-İsrail münaqişəsindəki bir çox məsələlərdə, həmçinin daxili siyasi siyəsətdə vasitəçidir. İsrail ilə diplomatik əlaqələri olan Misir hökuməti həmçinin, ABŞ-ın regiondakı iri ərəb müttəfiqlərindən biridir.

"Misir Yaxın Şərqdə sülh və regionda gələcək sabitlik üçün mərkəzdir. Obama başa düşür ki, Misir İsrailin fələstin və suriyalılarla barışması üçün lazımdır", - deyə Əbdul Fəttah bildirib.

Lakin Misirin seçiminin bütün siyasi qruplaşmaların ABŞ ilə münasibətdə Yaxın Şərqə cəlb edilməsi, həmçinin Qəzzə Zolağında baş verən müharibə nəticəsində regionda itirdiyi nüfuzunun geri qaytarılması siyasəti olması istisna edilmir.

Dekabr-yanvar aylarında İsrailin Qəzzəyə hücumu zamanı Misir anklavaya humanitar yardımın aparılması üçün Rəffah sərhəd məntəqəsini açmaqdan imtina etmişdi.

"Misir regionda ABŞ siyasətinin mərkəzidir, lakin o, İslam dünyasında nüfuzunu itirir, xüsusilə də Qahirənin yürütdüyü siyasətin nəticəsiz başa çatmasından sonra [Qəzzədə müharibə zamanı]", - deyə Abdullah bildirib.

Amerikalı analitik Sallivan hesab edir ki,  Obama Misirə regionda sülh və demokratiyanın olması üçün "Müsəlman-qardaşları" İslam təşkilatı da daxil olmaqla, bütün siyasi partiyaların siyasi prosesə cəlb edilməli olduğunu bildirimək istəyir.

"ABŞ bütün dünyada demokratiyanın olmasını istəyir, bu o deməkdir ki, zorakılığı dəstəkləməyən hər bir qruplaşma tam olaraq siyasətdə iştirak etmək hüququna malikdir", - deyə Sallivan vurğulayıb.

O əlavə edib ki, ABŞ dünyada demokratiyadan danışırsa, o zaman Obama bu sözlərin həqiqiliyini sübut etmək üçün təkcə öz müttəfiqləri ilə deyil, müsəlman dünyasının bütün tərəfləri ilə dialoqa başlamalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti