...

Prezident Saakaşvili 2013-cü ildə baş nazir postunu tutacaq - ekspertlər

Siyasət Materials 3 Noyabr 2010 09:00 (UTC +04:00)
Prezident Mixail Saakaşvili ölkəni parlament respublikasına çevirməklə 2013-cü ildə baş nazir postunu tutacaq. Ekspertlər bu qənaətdədirlər.
Prezident Saakaşvili 2013-cü ildə baş nazir postunu tutacaq - ekspertlər

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Prezident Mixail Saakaşvili ölkəni parlament respublikasına çevirməklə 2013-cü ildə baş nazir postunu tutacaq. Ekspertlər bu qənaətdədirlər.

"Dəqiq yönümlü müxalif siyasi qüvvələrin olmaması Gürcüstan Prezidenti Saakaşviliyə ölkəni parlament demokratiyasına doğru aparmaq üçün yaxşı şans verir", - Böyük Britaniyanın Trans-Atlantik İnstitutunun direktoru Ziba Norman hesab edir.

Gürcüstan vətəndaşlarının yarısından çoxu, yəni 56 faizi prezidentlik müddəti başa çatdıqdan sonra Mixail Saakaşvilinin baş nazir postunu tutmasına tərəfdardır. 29 faiz bu suala mənfi cavab verib. Bu rəqəmlər ABŞ-ın USAID fondunun sifarişi ilə "Gellap" İnstitutunun 2010-cu il sentyabrın 27-dən oktyabrın 7-dək keçirdiyi rəy sorğusunda əldə olunub.

Bununla yanaşı, Gürcüstan Konstitusiyasının hökumətin və parlamentin rolunu gücləndirən yeni redaksiyası imzalanması üçün oktyabrın 26-da Prezident Mixail Saakaşviliyə göndərilib.

Qanunvericiliyə görə, ölkə parlamentinin qəbul etdiyi konstitusiyanı imzalamaq üçün prezidentin 10 gün vaxtı var.

Yeni Konstitusiya baş nazirin və parlamentin rolunu gücləndirməklə hakimiyyətin qolları arasında səlahiyyətləri yenidən bölüşdürür.

Müxalifət nümayəndələri iddia edirlər ki, yeni Konstitusiya Saakaşvilinin 2013-cü ildə ikinci prezidentlik müddətinin başa çatmasından sonra hakimiyyətin bütün əsas "rıçaq"larının əlində cəmləşəcəyi Gürcüstanın baş naziri postunu tutmaq üçün hazırlanıb.

Müşahidəçilərin fikrincə, prezidentlik müddəti başa çatdıqdan sonra Saakaşvilinin hakimiyyətdə qalmaq üçün kifayət qədər yüksək şansları var. Ölkə vətəndaşları Gürcüstandakı sabitliyə olan ümidlərini hazırkı prezidentin adı ilə əlaqələndirirlər. Ekspertlər bu qənaətdədirlər.

Normanın sözlərinə görə, şübhəsiz ki, Gürcüstanda konstitusiya dəyişikliklərinin və hakimiyyətin bölüşdürülməsinin xeyrinə yaxşı dəlillər var.

"Parlament demokratiyası Gürcüstan üçün son dərəcədə zəruri olan sabitliyi və müstəqil dövlət kimi ölkənin gələcəyini tam təmin edə bilər", - Trend-in Ekspert Şurasının üzvü olan Norman bildirib.

Onun sözlərinə görə, Saakaşvili 2008-ci ildə Gürcüstandakı müharibəyə tab gətirən son dərəcə yenilməz siyasətçidir.

"Sorğu göstərir ki, əgər sabitliyi sevən Gürcüstan vətəndaşları Gürcüstan siyasətində Saakaşvili hakimiyyətinin onları asayişlə təmin edəcəyini hesab edirlərsə, onda onların prezidenti tamamilə dəstəkləyəcəkləri və baş nazir postuna keçirəcəkləri mümkündür", - Norman hesab edir.

Gürcü ekspertlər də Gürcüstan Prezidentinin 2013-cü ildən sonra baş nazir postunu tutacağını və parlament respublikası yaratmaqla ölkədə hakimiyyəti qoruyub saxlaya biləcəyini tamamilə mümkün hesab edirlər.

"Bu haqqı ona bu yaxınlarda qəbul edilən və prezidentin hüquqlarını baş nazirin xeyrinə azaldan Gürcüstan Konstitusiyası verir", - ekspert Giya Xuxaşvili Trend-ə bildirib.

Onun fikrincə, bu, "Milli hərəkat"ın lideri kimi hakimiyyətin Saakaşvilidə saxlanmasının nisbətən daha mümkün sxemidir.

Ekspert Ramaz Sakvarelidze onunla razıdır və hesab edir ki, ölkədə rəyi soruşulanların 56 faizinin Saakaşvilini baş nazir postunda görmək istəməsi hazırkı siyasi fonda indiki prezidentin kürsüsünü dəyişəcəyi tamamilə mümkündür.

"Hakim "Milli hərəkat" partiyasının və Saakaşvilinin şəxsən belə dəstəklənməsi indiki prezidentin hakimiyyətini qoruyub saxlayacağını düşünmək haqqı verir", - o bildirib.

Bununla yanaşı, ekspertlərin fikrincə, hakimiyyət prezident postuna baş nazir Saakaşviliyə müqavimət göstərməyəcək fiquru irəli sürmək istəyir.

Hər iki ekspertin fikrincə, prezident vəzifəsinə parlamentin hazırkı spikeri David Bakradze irəli sürüləcək.

Xuxaşvili qeyd edib ki, bu variant Gürcüstan Konstitusiyası ilə ziddiyyət təşkil etmir, lakin "demokratik deyil".

"Saakaşvili hakimiyyətinin qorunub saxlanmasına edilən bütün bu cəhdlər Qərbin dəstəyini qazanmayacaq", - ekspert qeyd edib və bildirib ki, ən demokrtik inkişaf yolu hakimiyyətin seçki yolu ilə dinc şəraitdə dəyişdirilməsidir.

Lakin Avropa Şurasının konstitusiya hüququ üzrə məsləhətçi orqanı olan Venesiya Komissiyasının eksperti, 2010-cu ilin sentyabrında yeni konstitusiyanın mətni üzərindəki müzakirələrdə iştirak etmiş Köln Universiteti yanında Şərqi Avropa Hüququ İnstitutunun rəhbəri Anjelika Nüssberqer "aktual siyasi hadisələri konstitusiyanın mətni altına qovub salmağın" əleyhinə çıxıb.

"Hazırda Gürcüstanda prezidentin səlahiyyətlərinin azaldılması ilə prezidentin deyil, baş nazirin parlament qarşısında hesabat verməsinə cəhdlər edilir. Bu, birmənalı olaraq, parlament respublikasının əlamətləridir", - o deyib. Bu barədə "Deutsche Welle" yazır.

Digər tərəfdən, prezident müdafiə, xarici siyasət sahələrində geniş səlahiyyətləri özündə saxlayır ki, bu da idarəetmənin parlament formasına xas deyil. O hesab edir ki, bu, fransız modelinə yaxın qarışıq formadır.

Materialın hazırlanmasında N.Kirsxaliya (Tbilisi) iştirak edib.

Xəbər lenti

Xəbər lenti