...

Azərbaycan 2010-cu ilin bütün sınaqlarından uğurla çıxdı - Prezident Administrasiyasının şöbə müdiri (MÜSAHİBƏ)

Siyasət Materials 21 Dekabr 2010 10:55 (UTC +04:00)
Azərbaycan 2010-cu ilin bütün sınaqlarından uğurla çıxdı - Prezident Administrasiyasının şöbə müdiri
Azərbaycan 2010-cu ilin bütün sınaqlarından uğurla çıxdı - Prezident Administrasiyasının şöbə müdiri (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir E.Hüseynli/

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun 2010-cu ilin yekunları ilə bağlı Trend-ə müsahibəsi

- Əli müəllim, dövlətin strateji məqsədlərinin həyata keçirilməsi baxımından başa çatmaqda olan 2010-cu ili Azərbaycan üçün əlamətdar hesab etmək olarmı?

- Dövlət müstəqilliyi əldə edildikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji prioritetlər uğurla həyata keçirilib və ötən hər il Azərbaycanı öz məqsədlərinə doğru yaxınlaşdırıb. Prezident İlham Əliyevin düşünülmüş, praqmatik siyasi kursunun həyata keçirilməsi nəticəsində Azərbaycan dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər əldə etmiş, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilmişdir. Ölkəmiz Cənubi Qafqaz regionunun siyasi və iqtisadi mərkəzi statusunu möhkəmləndirmiş, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, qlobal problemlərin həllində və beynəlxalq münasibətlər sistemini tənzimləyən mühüm qərarların qəbulunda ciddi rol oynamağa başlamışdır. 2010-cu ildə Azərbaycanda və ölkəmizlə bağlı dünyada baş vermiş hadisələr, müşahidə olunan proseslər deyilənləri bir daha təsdiq edir.

- Bu il Azərbaycanda parlament seçkiləri keçirildi. Seçkiləri izləyən yerli və xarici müşahidəçilərin qiymətləndirmələri müxtəlif oldu. Sizin fikrinizcə, demokratik standartlara uyğunluq baxımından seçkilər ümidləri doğrultdumu?

- Kimin necə yanaşmasından asılı olmayaraq bu seçkilər demokratik, şəffaf, beynəlxalq standartlara uyğun keçirildi. Avropa Şurası, Avropa Birliyi, ATƏT, MDB, GUAM-ın, digər nüfuzlu təşkilatların nümayəndələri, müstəqil müşahidəçilər seçki komissiyalarının fəaliyyətində, səsvermə prosesi zamanı, səslərin hesablanmasında seçkilərin nəticələrinə təsir göstərə biləcək qanun pozuntularının müşahidə olunmadığını, seçkilərin demokratik keçirildiyini bəyan etdilər.
Ən əsası odur ki, seçkilər əhalinin etimadını qazandı, seçicilər seçki prosesinin bütün mərhələlərindən razı qaldılar. Düzdür, seçkini dəyərləndirən bəzi siyasi qüvvələr radikal müxalifət namizədlərinin parlamentə düşməməsini əsas götürərək nəticələrə şübhə ilə yanaşmağa cəhd edirlər. Lakin etiraf etməliyik ki, bu nəticə son 5 ildə Azərbaycan cəmiyyətindəki ovqatın göstəricisidir. Sürətli sosial-iqtisadi inkişaf, cəmiyyət həyatında demokratiyanın dərinləşməsi ilə şərtlənən pozitiv dəyişikliklər, ictimai şüurun yeniləşməsi cəmiyyətdə yeni münasibətlər modelini formalaşdırıb. İctimai tələbat olmadığına görə, siyasi fəaliyyətdə radikallıq, dağıdıcılıq kimi zərərli meyllər daha müasir mübarizə metodları ilə əvəzlənir. Son illər radikal müxalifətin heç bir aksiyası sosial dəstək qazanmayıb, cəmiyyət heç bir radikal çağırışa reaksiya verməyib. Azərbaycan ictimaiyyətində formalaşmış "radikalizmə yer yoxdur" fikri seçkinin nəticələrinə təsir göstərməyə bilməzdi. Aparıcı sosioloqlar, politoloqlar Azərbaycan cəmiyyətindəki ovqatın keçirilən seçkilərin nəticələri ilə üst-üstə düşdüyü qənaətindədirlər. Seçki bir daha açıq nümayiş etdirdi ki, Azərbaycan cəmiyyətində radikalizm bir mərhələ kimi öz yerini konstruktivliyə, qlobal düşüncəyə, praqmatik fəaliyyətə verməkdədir. Gözləyirik ki, gələcəkdə siyasi partiyalar bu seçkinin nəticələrindən düzgün nəticə çıxaracaqlar, öz fəaliyyət prinsiplərinə, cəmiyyətdə tutduqları mövqeyə yenidən baxacaqlar.

- Ümumdünya iqtisadi böhrandan sonra təbii fəlakətlər bir çox ölkələrin iqtisadiyyatı üçün ciddi sınaq oldu, sosial və siyasi kataklizmlərə yol açdı. Azərbaycan bu sınaqdan necə çıxdı?

- Məlum olduğu kimi, 2010-cu il planetimizdə həm də təbiətin şıltaqlığı ilə yadda qaldı. Təbii fəlakətlə üzləşmiş bir sıra ölkələr yalnız beynəlxalq birliyin köməyi nəticəsində vurulan zərəri minimallaşdıra və çətin vəziyyətdən çıxa bildilər.
Bu il Kür və Araz çaylarının daşması nəticəsində ölkəmizdə minlərlə hektar torpaq su altında qaldı, 3500 yaşayış evi dağıldı və yaxud qəzalı vəziyyətə düşdü, çoxsaylı sosial obyekt uçdu. Prezident İlham Əliyev bununla bağlı dövlət qurumlarının nümayəndələri ilə təcili müşavirə keçirdi, sonra özü fəlakət zonasına səfər etdi, yerdə vəziyyətlə tanış oldu və təxirəsalınmaz tədbirlər barədə göstərişlər verdi. Daşqından əziyyət çəkmiş insanlar müvəqqəti yaşayış yerləri, ərzaq, tibbi xidmətlə təmin edildi, təhsil, rabitə və digər məsələlər operativ şəkildə öz həllini tapdı, bəndsalma və sahilbərkitmə tədbirləri görüldü, insan tələfatının qarşısı alındı. Sonrakı mərhələdə təbii fəlakətdən əziyyət çəkmiş insanlara kompensasiyalar verildi, evləri uçmuş və ya qəzalı vəziyyətə düşmüş ailələr üçün müasir mənzillər tikilir. Eyni zamanda, gələcəkdə belə fəsadlara yol verilməməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinə başlandı.
Təbii fəlakət sübut etdi ki, Azərbaycan dövləti artıq ən böyük problemləri, təbii fəlakətləri belə aradan qaldırmaq iqtidarındadır. Dövlət orqanları vahid komanda şəklində çalışaraq qarşılarında duran vəzifələri məsuliyyətlə yerinə yetirdilər, onların fəaliyyəti yüksək səviyyədə koordinasiya olundu. Ölkəmizin iqtisadi qüdrəti, maliyyə imkanları belə çətinlikləri təkbaşına, xarici ölkələrə müraciət etmədən həll etməyə imkan verir. Əksinə, ölkəmizin müvafiq orqanları digər ölkələrdə təbii fəlakətlərin aradan qaldırılmasında, məsələn, Rusiya və İsraildəki meşə yanğınlarının söndürülməsində fəal iştirak etdilər. Azərbaycan bu il də təbii fəlakətlərdən əziyyət çəkən ayrı-ayrı ölkələrə yardım ayırdı.

- Əli müəllim, sosial-iqtisadi məsələlərdən danışarkən daha hansı vacib məqamları qeyd etmək istərdiniz?

- İlk növbədə qeyd etmək istərdim ki, əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də ölkə iqtisadiyyatında dinamik iqtisadi inkişaf müşahidə olundu, əhalinin rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirildi. 9 ayın yekunlarına görə, Azərbaycan iqtisadiyyatı 4.1 faiz, əhalinin pul gəlirləri 11 faiz artıb və inflyasiyanın səviyyəsini 2 dəfə üstələyib. Azərbaycanın valyuta ehtiyatları 30 milyard dollara yaxınlaşıb.
Ölkədə infrastruktur layihələrin icrası davam etdirilir, yollar salınır, su kəmərləri, elektrik xətləri yenilənir, müasir nəhəng obyektlərin təməlqoyma mərasimi keçirilib. Məsələn, bu ilin noyabrında yeni Beynəlxalq Dəniz Ticarət Limanının əsası qoyuldu. Bu obyektin istifadəyə verilməsi nəticəsində Bakı Xəzər hövzəsində müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevriləcək, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə şərait yaradılacaq.
Sosial layihələrin icrası uğurla davam etdirilir. Bu il bütün sahələr üzrə əmək haqları, təqaüdlər, digər ödənişlər artırıldı. 128 min ailə hər ay dövlətdən ünvanlı sosial yardım alır. Bütün ölkədə quruculuq, abadlıq işləri görülür, şəhər, kənd və qəsəbələrimiz abadlaşdırılır, məktəblər, səhiyyə müəssisələri, idman kompleksləri tikilir.
2010-cu il karbohidrogen ehtiyatların hasilatı və ixracı sahəsində mühüm addımlar atıldı. Artıq Azərbaycan təkcə Cənubi Qafqaz regionunun deyil, həmçinin Avropanın enerji bazarının potensial təchizatçılarından biri kimi qiymətləndirilir. Sentyabrda Azərbaycan, Gürcüstan, Rumıniya prezidentləri və Macarıstanın baş nazirinin iştirakı ilə enerji sammiti keçirildi və AGRİ layihəsinə dair Bakı Bəyannaməsi imzalandı. Mütəxəssislərin fikrincə, bu layihə regional miqyasda yeni vəziyyət yaradacaq, regionumuzda və Avropada mühüm enerji və qaz layihələri arasında öz yerini tutacaq.
2010-cu ildə Azərbaycanda 50 milyon tondan çox neft və 28 milyard kubmetrdən artıq qaz hasil edilməsi gözlənilir. Bu il ARDNŞ tərəfindən "Ümid" layihəsi uğurla başa çatdırıldı və Azərbaycan daha bir məhsuldar qaz yatağı əldə etdi. Yaxın illərdə "Şahdəniz" layihəsinin ikinci fazası işə salındıqdan sonra Azərbaycan Avropa bazarını təbii yanacaqla təmin edən əsas ölkələrdən birinə çevriləcək.
Təsadüfi deyil ki, Azərbaycanın hərtərəfli inkişafı, mötəbər beynəlxalq qurumların diqqətindən kənarda qalmadı. Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci yerdə qərarlaşdı. BMT-nin insan inkişafına dair son hesabatında Azərbaycan 2005-ci illə müqayisədə 101-ci yerdən 67-ci yerə yüksəldi və postsovet məkanı ölkələri arasında insan inkişafı indeksinə görə ən yüksək göstəriciyə malik oldu.

- Əli müəllim, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi irəliləyiş olacağına böyük ümidlər var idi. Lakin Ermənistan ATƏT-in Minsk qrupunun səylərini, davamlı danışıqlar prosesinin praktiki nəticələrini qəbul etməkdən boyun qaçırdı. ATƏT-in Astana sammiti ərəfəsində də müəyyən nikbin proqnozlar verilirdi, lakin hər hansı irəliləyiş olmadı. Bundan sonra münaqişənin həlli ilə bağlı gözləntiləriniz nədir və Azərbaycan hansı addımları atmağı planlaşdırır?

- Keçən illərdə olduğu kimi, 2010-cu ildə həyata keçirilən danışıqlar bir daha göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, rəsmi Yerevanın münaqişənin həllini istəməməsidir. Danışıqlar prosesinin müxtəlif mərhələlərində dövlət başçısını istefaya göndərməklə, parlamenti gülləbaran etməklə, müxtəlif absurd bəhanələr ortaya atmaqla Ermənistan mövcud status-kvonu qoruyub saxlamaq istəyir. ATƏT-in Astana sammitindən öncə artıq məlum idi ki, Ermənistan qeyri-konstruktiv mövqedən çəkinməyəcək və buna görə də zirvə toplantısı Azərbaycan üçün bir daha öz mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, rəsmi Yerevanın əsl simasını ifşa etmək üçün vasitə idi.
Ermənistanın qarşısında bir perspektiv var - ya bundan sonra da işğalçılıq siyasəti yeritməklə və beynəlxalq normaları pozmaqla özünü daha da küncə sıxmalı, ya da Azərbaycanla və digər ölkələrlə normal münasibətlər yaratmalı, ərazi iddialarından imtina etməlidir. 2009-cu ildə bəzi dövlətlərin dəstəyi ilə Ermənistan-Türkiyə yaxınlaşması istiqamətində həyata keçirilən tədbirlərin, Sürix razılaşmasının iflası hamını əmin etdi ki, Azərbaycan müstəqil siyasət yürüdən güclü dövlətdir, regional proseslərə həlledici təsir imkanlarına malikdir, onun maraqları nəzərə alınmadan bölgədə hər hansı beynəlxalq təşəbbüsün, dövlətlərarası layihələrin həyata keçirilməsi mümkün deyil.
Münaqişə həll olunmayanadək Ermənistan heç bir regional əməkdaşlıq layihələrinə, iqtisadi inteqrasiyaya cəlb olunmayacaq. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycan güclənən, dinamik inkişaf edən, öz resurslarına arxalanan ölkədir. Ermənistan isə transmilli kommunikasiyalardan kənarda qalıb, başqa ölkələrin və dairələrin humanitar ianəsi ilə güclə dolanır. Bu gün Azərbaycanın hərbi büdcəsi 3.1 milyard dollar, Ermənistanın dövlət büdcəsi isə 2.36 milyard dollar təşkil edir. Zənnimcə, bu müqayisə artıq hər şeyi açıq şəkildə göstərir.

- Xəzəryanı ölkələrinin dövlət başçılarının Bakıda keçirilən zirvə görüşünü necə qiymətləndirirsiniz ?

- 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanandan sonra Xəzər hövzəsi ölkələri arasında Azərbaycanın mövqeyi ilbəil güclənir. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası Xəzər ölkələri arasında Azərbaycanı dinamik inkişafa yönəltdi və onun nəinki regionda, eləcə də dünyada geosiyasi, geoiqtisadi və hərbi-geostrateji əhəmiyyətini artırdı. Azərbaycan Xəzər hövzəsində Şərqlə Qərbi birləşdirən transmilli layihələrin təşəbbüskarı olub, onların mərkəzində durur və əsas hərəkətverici qüvvəsi rolunda çıxış edir.
Bütün bunları nəzərə alaraq qeyd etməliyik ki, Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü sammitinin Bakıda keçirilməsi təsadüfi xarakter daşımayıb və Azərbaycanın dəyərinin göstəricisi kimi qəbul edilməlidir. Azərbaycanın iştirakı və rəyi olmadan bölgədə heç bir geosiyasi, geoiqtisadi enerji, nəqliyyat və bu tipli digər layihələr reallaşdırıla bilməz. Sammit bilavasitə göstərdi ki, bəzi məsələlərdə, xüsusilə Xəzərin statusu məsələsində Azərbaycanın mövqeyi həlledicidir.

- Azərbaycanda qeyri-hökumət təşkilatlarının, söz və məlumat azadlığının inkişaf etdirilməsi ilə bağlı vəziyyət barədə fikirləriniz maraqlı olardı. Sizcə 2010-cu ildə bu sahədə həyata keçirilmiş tədbirləri qənaətbəxş hesab etmək olarmı?

- Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin və qeyri-hökumət sektorunun inkişaf etdirilməsi həmişə aktual və prioritet məsələlər olub və dövlət bu sahədə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yarandıqdan sonra qeyri-hökumət təşkilatlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırması, onların cəmiyyət həyatında rolunun yüksəldilməsi, vətəndaş təşəbbüsünün artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başladı. 2011-ci ili də nəzərə alsaq QHT layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Şuraya 10 milyon manata yaxın vəsait ayrılıb. Bu gün yüzlərlə QHT Şura ilə əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirir, dövlət və cəmiyyət üçün prioritet məsələlərin həllində fəal iştirak edir.
Kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, söz və məlumat azadlığının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuat orqanları informasiya agentlikləri ilə yaxından əməkdaşlıq edir, onların layihələrini maliyyələşdirir, jurnalist müsabiqələri keçirir.
2010-cu ildə "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalandı, ölkə səviyyəsində konfranslar, dəyirmi masalar, digər tədbirlər keçirildi. İyulun 22-də Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etdi, Şura üzvləri ilə görüşdü. Həmçinin, Prezidentin sərəncamları ilə 92 jurnalist dövlət mükafatlarına və fəxri adlara layiq görüldü, 32 qəzetin hər birinə 20 min manat, 8 informasiya agentliyinə isə ayrı-ayrılıqda 10 min manat birdəfəlik maliyyə yardımı ayrıldı. Eyni zamanda, dövlət başçısının sərəncamı ilə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrıldı.
Dövlətin informasiya siyasətinin əsas məqsədi cəmiyyətin obyektiv məlumatlandırılması funksiyasını effektiv yerinə yetirə bilməsi üçün kütləvi informasiya vasitələrinə zəruri şərait yaratmaqdır. Azərbaycan dövləti bundan sonra da söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin inkişaf etdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirməkdə israrlıdır.

- Əli müəllim, 2010-cu il daha hansı əlamətdar hadisələrlə yadda qaldı?

- Bu ilin aprelində Ümumdünya Dini Liderlərin Bakı Sammiti keçirildi. Bu tədbir bir daha təsdiq etdi ki, ölkəmiz dünya miqyasında dinlərarası dialoqun təşkil olunmasında və inkişafında mühüm rol oynamağa başlayıb.
Digər mühüm əhəmiyyətə malik hadisə kimi sentyabrda Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamənin imzalanmasını göstərmək olar. Türkiyə və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq münasibətlərini zənginləşdirmək, yeni səviyyəyə qaldırmaq hər iki dövlət rəhbərliyinin istəyi və qarşılarında duran vəzifədir.
Əlbəttə, bu və sadalamadığım digər tədbirlər beynəlxalq və dövlətlərarası münasibətlərdə Azərbaycanın artan nüfuzunun göstəriciləridir. Əminəm ki, qarşıdan gələn illərdə uğurlarımızın sayı artacaq, Azərbaycan həm regionda lider statusunu möhkəmləndirəcək, həm də qlobal siyasi, iqtisadi, humanitar və digər proseslərə ölkəmizin təsir imkanları artacaq.

Xəbər lenti

Xəbər lenti