...

Azərbaycan daima müxtəlif mədəniyyətlərin münaqişəsiz birgə mövcud olduğu ölkə olub - REA institutu direktorunun müavini

Siyasət Materials 7 Aprel 2011 14:11 (UTC +04:00)
Azərbaycan daima müxtəlif mədəniyyətlərin münaqişəsiz birgə mövcud olduğu ölkə olub.
Azərbaycan daima müxtəlif mədəniyyətlərin münaqişəsiz birgə mövcud olduğu ölkə olub - REA institutu direktorunun müavini

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir V.Javoronkova/

Azərbaycan daima müxtəlif mədəniyyətlərin münaqişəsiz birgə mövcud olduğu ölkə olub. Rusiya Elmlər Akademiyası (REA) Fəlsəfə İnstitutu direktorunun müavini, institutun İslam dünyası fəlsəfəsi sektorunun müdiri Andrey Smirnov bildirib.

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi vacib tədbirin məhz Bakıda keçirilməsi müsbət amildir, belə ki, bu gün mədəniyyətlərin müxtəlifliyi dünyada əsas mövzulardan biridir", - Smirnov cümə axşamı Trend-ə bildirib.

Onun sözlərinə görə, Azərbaycan daima müxtəlif millətlərin yaşadıqları yer olub, heç bir millətçilik problemləri olmayıb, burada hamı bir-birini çox gözəl başa düşür.

O, bu mehriban qonşuluq və xoşrəftarlıq ənənələrinin bundan sonra da Azərbaycanda mövcud olacağına əminliyini ifadə edib.

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forum "Sərhədsiz dünyaya doğru" adlı sessiya ilə açılıb. Sessiya sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələsinə həsr olunub. Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Bas sədrlik edir.

Növbəti sessiya "Daha mənalı dialoqa doğru: Mədəniyyət, incəsənət və irs" mövzusuna həsr olunacaq. Sessiyaya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə Avropa Şurasının mədəniyyət və təbii irs üzrə direktoru Robert Palmer sədrlik edəcəklər.

Aprelin 8-də keçiriləcək 3-cü sessiya mədəniyyətlərarası dialoqun aparıcı fiqurları kimi qadınların roluna həsr olunacaq. Sessiyaya Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və YUNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenu sədrlik edəcəklər.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Mədəniyyətlərarası dialoq üçün qlobal gündəliyinə (2001-ci il, noyabr), YUNESKO-nun Mədəni özünüifadə formalarının müxtəlifliyinin mühafizəsi və təşviqi haqqında Konvensiyaya (2005 -ci il), İSESKO-nun Mədəni müxtəliflik haqında Bəyannaməsinə (2004 -cü il), Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçıları rəhbərlərinin üçüncü görüşünün Bəyannaməsi və Fəaliyyət Planına, Avropa Şurasının mədəniyyətlərarası dialoq üzrə Ağ kitabına (2008 -ci il, may ), Mədəniyyətlərarası dialoqa yardım haqqında Bakı bəyannaməsinə əsaslanaraq Azərbaycan Prezidenti İlham Əliyevin hamiliyi altında 2011-ci il aprelin 7-dən 9-dək Bakıda mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun keçirilməsi haqqında təşəbbüs irəli sürülüb və BMT Baş Assambleyasının 65-ci sessiyasında (23 sentyabr 2010 -cu il , Nyu-York) Azərbaycan Prezidenti Bakıda ümumdünya forumunun keçiriləcəyini bəyan edib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu YUNESKO, BMT-nin Sivilizasiyalıar Alyansı, Aİ, Aİ-nin Şimal-Cənub mərkəzi, İSESKO, eləcə də "Avronyus" tərəfindən dəstəklənir.

Xəbər lenti

Xəbər lenti