...

Ermənistanda seçicilərə hazırkı prezidentin adının qarşısında işarə olan bülletenlər paylanır

Siyasət Materials 18 Fevral 2013 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Prezidentliyə namizəd Raffi Ovannisyanın seçkiqabağı qərargahına Ermənistan vətəndaşlarından fevralın 18-də prezident seçkilərinin gedişindəki pozuntularla bağlı çoxsaylı məlumatlar daxil olur. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Həmin məlumatlardan birində deyilir ki, ölkənin vilayətlərində, şəhərlərində və kəndlərində insanlar seçki məntəqələrinə gedir, bülletenləri götürür və səsvermə kabinəsində bülletendə prezidentliyə namizəd Serj Sarkisyanın adının qarşısında işarə görürlər. Mənbə belə halların üç seçki mənətəqəsində qeydə alındığını bildirib.

Habelə insanları zorla avtobus və taksilərdə seçki məntəqələrinə gətirir və Serj Sarkisyanın xeyrinə səs verməyə məcbur edirlər. Digər vətəndaş isə Ermənistanın iki kəndindəki böyük pozuntular barədə məlumat verir. Kəndlərdən birində bülletenlərdə Serj Sarkisyanın adının qarşısına işarə qoyulub, kənd administrasiyasının rəhbəri insanlara öz iradəsi ilə səs verməyə icazə vermir, digər kənddə isə kəndin başçısı 5 min dram məbləğində rüşvət paylayır.

Vətəndaşlardan biri xəbər verir ki, Yerevanın uşaq bağçalarından birinin tərbiyəçisini rayon administrasiyasında onun qrupunun bütün valideynlərinin səs verməsindən sonra azad ediləcəyi şərti ilə səhərdən girov kimi saxlayıblar. Yazıq qadın səhərdən valideynlərə zəng edərək onların seçkilərdə iştirak etmələrini xahiş edir.

Maraqlıdır ki, vərəndaşlar öz ailələrinin təhlükəsizliyi ilə bağlı qorxduqları üçün məlumatlarda adlarının açıqlanmamasını xahiş edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti