...

Səfir: Yunanıstan Azərbaycanın Aİ-yə tez bir zamanda inteqrasiyası üçün səy göstərməyə hazırdır (MÜSAHİBƏ) (FOTO)

Siyasət Materials 28 Yanvar 2014 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir S.Əhmədova/

Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqasın Trend-ə müsahibəsi

- Yunanıstan və Azərbaycan arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Yunanıstan və Azərbaycan arasında münasibətlər həmişə yaxşı olub, lakin ötən ilin iyun ayından etibarən əlaqələr günbəgün daha da yaxşılaşır. Bu isə iyun ayında Azərbaycan hökumətinin enerji sektoruna dair vacib qərarı ilə əlaqədardır. Belə ki, Azərbaycan qazının Avropaya nəqli üçün TAP layihəsi seçildi. TAP Yunanıstan, Albaniya və İtaliyadan keçir. Bu layihə vasitəsilə Azərbaycandan, Xəzər dənizindən təbii qaz Avropaya nəql olunacaq. Bu, Azərbaycan hökuməti tərəfindən qəbul edilən çox vacib qərardır. Eyni zamanda, ARDNŞ Yunanıstanın DEPA qaz şirkətinin aktivlərini əldə etdi. Bu sadəcə bir başlanğıcdır. Bizim artıq həyata keçirilən bir sıra ikitərəfli sazişlərimizdən ibarət çox qənaətbəxş hüquqi bazamız var. Hazırda hazırlanmaqda olan 13-14 layihə üzərində iş aparılır.

Əməkdaşlığımızı bundan sonra da təşviq etmək və genişləndirmək hər iki tərəfdən asılıdır. Hazırda münasibətlərimiz çox yaxşıdır.

- Yunanıstan Avropa İttifaqı Şurasında sədrlik edir. Ölkənizin əsas prioritetləri nədən ibarətdir?

- Bu, Yunanıstanın Avropa İttifaqı Şurasında beşinci sədrliyidir. Buna görə də bizim böyük təcrübəmiz var. Qarşıya qoyduğumuz prioritetlər təkcə Yunanıstanın deyil, eyni zamanda, Avropanın prioritetləridir. Bizim əsas prioritetimiz daha çox iş yerlərinin yaradılması, inkişafa daha çox diqqət ayırmaqdan ibarətdir. Bir çox insanlar iş yerlərini itiriblər, işsizliyin səviyyəsi bir çox ölkələrdə, eləcə də mənim ölkəmdə çox yüksəkdir. Bu səbəbdən daha çox iş yerlərinin açılması, inkişafa daha çox diqqət ayrılması üçün Aİ tərəfdaşlarımız və həmkarlarımız ilə birgə çıxış yollarını tapmaqda maraqlıyıq. İkinci prioritetimiz iqtisadi inkişafı gücləndirmək, Aİ və Avrozonada iqtisadi artımı dərinləşdirməkdir. Üçüncü prioritetimiz isə mobillik və qeyri-qanuni miqrasiyanın qarşısının alınmasından ibarətdir. Belə ki, bütün Aİ, eyni zamanda, mənim ölkəm qanunsuz miqrasiyadan əziyyət çəkir. Hər gün yüzlərlə qanunsuz miqrant gəlir. Biz bununla əlaqədar bir iş görməliyik. Aİ çərçivəsində bizim ümumi siyasətimiz mövcuddur. Bu səbədən sədrliyimiz dövründə konkret iş görməyə çalışırıq. Mən əminəm ki, bu prioritet bizdən sonra təşkilata sədrlik edəcək ölkələrin də prioriteti olacaq. Bizim digər bir prioritetimiz isə birgə dəniz siyasətidir.

- Yunanıstan Azərbaycanın Aİ-yə inteqrasiyası prosesini tezləşdirmək üçün nə kimi kömək göstərə bilər?

- Yunanıstan Aİ-nin üzvüdür. Biz Aİ-nin üçüncü ölkələr üçün etdiyi hər bir işə cəlb olunmuşuq. Aİ-də heç nə bəxş edilmir, hər şey qazanılır. Bir ölkənin üzv olması üçün çox iş görməsinə, xeyli zamana və xeyli səylərə ehtiyacı var. Yunanıstanın təkcə sədrliyi dövründə deyil, bu illər ərzində də edə biləcəyi Azərbaycanı Aİ ictimaiyyətinə daha yaxşı tanıtmaqdır. Biz 20 ildən çoxdur ki, bu ölkədəyik. Siz 1991-ci ildə müstəqillik əldə etdiniz və 1992-ci ildə biz burada səfirlik açdıq. Səfirlik fəaliyyətinə 1993-cü ildə başladı. Biz ölkəni çox yaxşı, yetərincə tanıyırıq. Ölkənin hansı uğurları əldə etdiyini də çox yaxşı bilirik. Azərbaycan bir çox nailiyyətlər qazanıb və bütün bunları Aİ-nin ictimai rəyinə təqdim etmək lazımdır. Bu, Yunanıstanın Azərbaycana kömək edə biləcəyi və kömək edəcəyi bir sahədir.

Lakin "Şərq tərəfdaşlığı" kimi Avropa siyasəti vasitəsilə də Azərbaycanın daha yaxşı tanınması istiqamətində ölkəyə kömək edə bilərik. Bu, Yunanıstandan gətirdiyimiz və Azərbaycanın siyasi rəhbərliyinə çatdırdığımız bir ismarışdır: "Yunanıstan Azərbaycanın Aİ-yə daha da yaxınlaşması və daha tez yaxınlaşması üçün əlindən gələni etməyə hazırdır".

- Azərbaycan hazırda bir çox ölkələrə sərmayə yatırır. Yunanıstan Azərbaycanın sərmayəsində nə dərəcədə maraqlıdır?

- Yunanıstan özəlləşməyə dair böyük plan elan edib və biz Azərbaycanın sərmayəsində çox maraqlıyıq. Artıq başlanğıcdan - ARDNŞ-nin Yunanıstanın DEPA qaz şirkətinin səhmlərinin 66 faizini almasından çox razıyıq. Biz, həmçinin üçüncü ölkələrə sərmayə yatırımında da maraqlıyıq. Yunanıstan qonşu ölkələrə - Balkan yarımadası, Cənub-Şərqi və Şərqi Avropa ölkələrinə investisiya yatıran böyük sərmayədarlardan biri olub və hazırda da belədir. Azərbaycanda yüksək səviyyəli nou-hou və böyük təcrübəmizin istifadə oluna biləcək sahələrini araşdırmaq və öyrənmək istərdik. Bizim Azərbaycanın ehtiyacı ola biləcək yüksəksəviyyəli nou-hou və böyük təcrübəmiz var. Turizm də Yunanıstanda böyük sahələrdən biridir. Bu sahədə də bizim çox böyük təcrübəmiz var. Hesab edirəm ki, Azərbaycan da öz turizmini inkişaf etdirmək istərdi. Bu sahədə də bir çox işlər görə bilərik.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Yunanıstanın mövqeyi nədən ibarətdir?

- Bu, çox mürəkkəb vəziyyətdir. Biz həmişə deyirik ki, bu münaqişənin həlli olmalıdır. Biz hər zaman beynəlxalq hüquqa cavab verən həll yolu axtarmalıyıq. Minsk qrupunun da, Aİ-nin də etməyə çalışdığı elə budur. Biz Aİ-nin, eləcə də ATƏT-in üzvüyük. Minsk qrupu da ATƏT çərçivəsində fəaliyyət göstərir. Həll yolunu tapmağa çalışan hər iki qrupa dəstək oluruq. Deməliyəm ki, bu, çox da asan həll oluna biləcək məsələ deyil. Bu, çox mürəkkəb məsələdir. Bu, hər iki tərəfdən kompromis tələb edir, əks təqdirdə, əbədi bir məsələ olacaq. Hər iki tərəf həll yolunu tapmağa çalışmalıdır. Lakin həm Aİ, həm də ATƏT-də təmsil olunan ölkə kimi, biz ədalətli və vacib həll üçün lazım olan hər şeyi etməyə hazırıq.

- Azərbaycanın Avropanın enerji təchizatında rolunu necə qiymətləndirirsiniz?

- Ötən ilin iyun ayında bəzi vacib qərarlar qəbul olundu. Enerji təminatında müstəqil olmaq hər zaman Aİ-nin siyasəti olub. Hər zaman bir deyil, bir neçə tərəfdaşla işləmək daha yaxşıdır. Çünkü belə olanda özünü enerji baxımından daha etibarlı hiss edirsən. Bu o deməkdir ki, Türkiyədən keçən TANAP və Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçəcək TAP təkcə iqtisadi cəhətdən deyil, həmçinin siyasi cəhətdən çox nəhəng və vacib layihədir. Bu mənim ölkəm üçün də çox vacibdir, belə ki, bu, Yunanıstana indiyədək yatırılan ən böyük özəl sərmayədir. Bunun sayəsində minlərlə iş yeri açılacaq. Bu, Azərbaycan üçün də eyni dərəcədə mühümdür. Belə ki, bu, Avropa bazarına ilk çıxışdır. Azərbaycan Avropanın enerji təminatı məsələsində əhəmiyyətli rola malikdir. Lakin bu layihə daha çox Azərbaycanın xeyrinədir. Belə ki, bu, Azərbaycanın təbii qazının Avropa bazarına ilk dəfə çıxmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti