...

Araz Əzimov: Suriyadakı münaqişələrdə bəzi azərbaycanlıların olması Azərbaycan-Suriya münasibətlərinə kölgə sala bilməz

Siyasət Materials 24 Fevral 2014 11:05 (UTC +04:00)
"Azərbaycan Suriyadakı vəziyyətin sülh yolu ilə həll edilməsində maraqlı olduğunu və dəstəyini bəyan edib". Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə bildirib.
Araz Əzimov: Suriyadakı münaqişələrdə bəzi azərbaycanlıların olması Azərbaycan-Suriya münasibətlərinə kölgə sala bilməz

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir S.Əhmədova/

"Azərbaycan Suriyadakı vəziyyətin sülh yolu ilə həll edilməsində maraqlı olduğunu və dəstəyini bəyan edib". Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə bildirib.

Nazir müavini qeyd edib ki, Suriyada olan hansısa ayrı-ayrı şəxslərin Azərbaycan köklü olması Azərbaycan-Suriya münasibətlərinə kölgə sala bilməz: "Digər tərəfdən, bunlar Azərbaycan vətəndaşları olsalar da, əlbəttə ki, Suriyaya qeyri-qanuni gedərək orada hansısa fəaliyyətlə məşğul olurlar. Kimlərinsə həlak olması, əlbəttə ki, xoş hal deyil. Digər tərəfdən, bunun arxasında həm insanın şəxsi düşüncəsi, həm də konkret maddi marağı ola bilər. Çünki bildiyiniz kimi bu cür insanlara adətən muzd verirlər. Amma əlbəttə ki, buna genişmiqyaslı proses kimi baxılmamalıdır. Bu, təbii ki, kədərləndirici haldır".

A.Əzimovun sözlərinə görə, bunun qarşısını almaq üçün həm dini, həm də ictimai təhsilin rolu çox vacibdir.

Qeyd edək ki, bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası da bununla bağlı fətva verərək bəyan edib ki, bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunması narahatlıq doğurur. Həmçinin bildirilir ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyildir: "Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb, maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlik məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yolu ilə cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması və onlara qarşı effektiv mübarizə aparılması məqsədilə respublikada təlim kurslarının təşkilinə başlayıb.

Xatırladaq ki, bəzi azərbaycanlı gənclər Suriyada silahlı münaqişələrdə iştirak edərək edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti