...

Demokratiyanı idxal edəkmi?

Siyasət Materials 15 Dekabr 2014 23:30 (UTC +04:00)
Tarixi eramızdan əvvələ gedib çıxan demokratiya hazırda acı günlərini yaşayır
Demokratiyanı idxal edəkmi?

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Tarixi eramızdan əvvələ gedib çıxan demokratiya hazırda acı günlərini yaşayır. Çünki minilliklər keçsə də, hələ də bütün dünyada bərqərar olmayan demokratiya etibarlı əllərdə deyil. Ona görə ki, demokratiyanın təbliğat-təşviqat kampaniyası ilə məşğul olan, onu yayan, başqa sözlə desək, demokratiyanı ixrac edən bir sıra ölkələr, beynəlxalq təşkilatlar və ya dünyada nüfuzu olan ayrı-ayrı şəxslər bunu ədalətli, obyektiv və doğru-düzgün etmirlər. İxrac zamanı çox vaxt ikili standartlara yol verilir və milli maraqlar güdülür.

Məsələn, Misirdə demokratik yolla prezident seçilən Məhəmməd Mursi hərbi yolla hakimiyyətdən devriləndə demokratiya "himayədarları" buna səssiz qaldılar. Niyə? Çünki Mursi Qərbin əlaltısı olmayacaqdı və onun maraqlarını qorumayacaqdı. Türkiyədə Gezi hadisələri baş verəndə isə tam fərqli mənzərənin şahidi olduq. Deməli, Qərbin dediyi ilə oturub-durmasan, səni demokratiya adı altında rəngli inqilablar, daxili qarşıdurmalar gözləyir.

Başlanğıcını Afina dövlətindən götürən demokratiyanın istehsalı və ixracı hazırda Qərbin, yəni Avropa İttifaqı və ABŞ-ın inhisarçılığındadır. Onlar zamanın tələbinə və yeni çağırışlara uyğun olaraq demokratiyanın yeni standartlarını müəyyənləşdirir və bunu dünya ölkələrinə diktə etməyə çalışırlar. Düzdür, demokratiyanın ənənəvi əsasları - insan azadlığı və hüquqları, söz azadlığı və insanlar arasında bərabərlik və s. bu ölkələrdə xeyli inkişaf edib. Lakin onlar da bu standartları görməzdən gələrək istədikləri vaxt antidemokratik fəaliyyətlə məşğul olurlar. Son Ferqyuson hadisələri də buna misaldır.

Demokratik normalar Qərbin özündə də müxtəlif cür başa düşülür və tətbiq edilir. Məsələn, ölüm cəzası ABŞ-ın müəyyən ştatlarında tətbiq edilsə də, Avropa bundan imtina edib. Yaxud Fransada eynicinslilərin evlənməsinə və uşaqların eynicinsli ailəyə himayəyə verilməsinə rəsmən icazə verilsə də, heç də bütün Avropa ölkələri eynicinslilərin bu qədər "qayğısına qalmır". Deməli, hər bir dövlət öz milli maraqlarından, dəyərlərindən və dövlət təhlükəsizliyindən çıxış edərək demokratiyanı mənimsəyir.

O zaman sual yaranır: demokratiyanı haradan idxal edək? Cavab "heç bir ölkədən". Biz də milli maraqlarımızı, dəyərlərimizi və dövlətçiliyimizi əsas götürməklə demokratiyanı cəmiyyətimizdə yaymalıyıq. Həddən artıq demokrat olmamalıyıq, bunun mənfi fəsadlarını Əbülfəz Elçibəyin hakimiyyəti dövründə gördük. Demokratik standartları tədricən tətbiq etməli, eləcə də demokratiya və özbaşınalığı ayırd etməliyik ki, bunun da müsbət nəticələrinə Heydər Əliyevin prezidentliyi dövründə şahid olduq. Bu siyasət bu gün də davam etdirilir.

Onsuz da demokratiya sonu görünməyən yoldur. Tələsmək lazım deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti