...

Viktoriya Nuland Cənub qaz dəhlizi layihəsinin dəstəyindən danışdı

Siyasət Materials 17 Fevral 2015 13:56 (UTC +04:00)
Bu gün Azərbaycan rəhbərliyi ilə aparılmış danışıqlar zamanı təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Viktoriya Nuland Cənub qaz dəhlizi layihəsinin dəstəyindən danışdı

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir Aygün Bədəlova/

Bu gün Azərbaycan rəhbərliyi ilə aparılmış danışıqlar zamanı təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Trend xəbər verir ki, bunu çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib.

V. Nuland Bakıda keçirilmiş görüşləri yüksək qiymətləndirib: "Biz Azərbaycanla 20 ildən artıqdır davam edən tərəfdaşlığımıza çox böyük dəyər veririk. Biz bu illər ərzində həyata keçirdiyimiz səmərəli işi davam etdirmək istəyirik".

O qeyd edib ki, ABŞ güclü və müstəqil Azərbaycan görmək istəyir: "Biz terrorçuluq və ekstremizmə qarşı səylər üzrə Əfqanıstan və Kosovada birgə həyata keçirdiyimiz iş barədə danışdıq".

Enerji sahəsində əməkdaşlığa gəlincə, V.Nuland əlavə edib ki, Cənub qaz dəhlizi təkcə Azərbaycan deyil, həmçinin eyni enerji mənbəyindən çox asılı olan bütün Avropa ölkələri üçün vacibdir: "Bu, ABŞ, Azərbaycan və Avropanın birgə layihəsidir".

Onun sözlərinə əsasən, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin vacibliyi, IT sahəsində, nəqliyyat və kənd təsərrüfatı sektorlarında, korrupsiya ilə mübarizədə işin intensivliyi məsələləri də müzakirə olunub: "Biz razılaşdıq ki, güclü demokratik Azərbaycanın maraqlarına uyğun olaraq ikitərəfli əsasda daha intensiv işləyək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti