...

Səfir: Azərbaycan və Türkmənistanla əlaqələrin inkişafı İranın xarici siyasətində prioritetdir

Siyasət Materials 16 Aprel 2015 15:59 (UTC +04:00)
İranın Türkmənistandakı səfiri Məhəmməd Musa Haşimi Gülpayqani Azərbaycan və Türkmənistanın İslam Respublikasının xarici siyasətində özünəməxsus yeri olduğunu bildirib.
Səfir: Azərbaycan və Türkmənistanla əlaqələrin inkişafı İranın xarici siyasətində prioritetdir

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbirlər Təmkin Cəfərov, Ümid Niayeş/

İranın Türkmənistandakı səfiri Məhəmməd Musa Haşimi Gülpayqani Azərbaycan və Türkmənistanın İslam Respublikasının xarici siyasətində özünəməxsus yeri olduğunu bildirib.

M.Gülpayqani Trend-ə müsahibəsində deyib ki, Prezident Həsən Ruhani hökumətinin xarici siyasətinin əsas prioriteti qonşu ölkələrlə əlaqələri inkişaf etdirməkdir: "Azərbaycan və Türkmənistan isə İranla çox uzun quru və su sərhədlərinə malikdir, elə buna görə də İranın xarici siyasətində bu iki ölkənin özünəməxsus yeri var".

Səfir qeyd edib ki, İranın ali lideri, ölkə prezidenti və digər rəsmilərinin iradəsi müştərək tarixi və mədəni bağlılıqların olduğu Azərbaycan və Türkmənistanla əlaqələrin inkişaf etdirilməsinə yönəlib: "Azərbaycanın və Türkmənistanın müstəqilliyinin ilk günlərindən ölkələrimiz arasında əlaqələr var və İrana qarşı sanksiyalara baxmayaraq, bu münasibətlər inkişaf etməkdə davam etdirir".

Onun sözlərində görə, keçən il İran və Türkmənistan arasında əmtəə dövriyyəsi 4 milyard ABŞ dolları təşkil edib, lakin cari ildə bu rəqəmin 6 milyard dollara çatacağı və son 10 ilə qədər həmin həcmi saxlayacağı gözlənilir.

Diplomat bildirib ki, Türkmənistanda İran şirkətlərinin tam dəqiq sayı məlum olmasa da, qonşu ölkədə ofisləri olan və qeydiyyatdan keçmiş İran şirkətlərin sayı təxminən 80-dir.

M.Gülpayqani deyib ki, İran sərhədi və Türkmənistanın paytaxtı Aşqabad arasında 40 kilometr məsafə olduğu üçün Türkmənistana müxtəlif məhsullar ixrac edən, bu ölkədə xidmət göstərən və layihələr icra edən İran şirkətlərinin bir çoxunun Aşqabadda rəsmi ofisi yoxdur, elə buna görə də Türkmənistanda fəaliyyət göstərən İran şirkətlərinin sayı və onların sərmayələrinin həcmi dəqiq bilinmir.

Səfir əlavə edib ki, son illərdə İran şirkətlərinin Türkmənistandakı fəaliyyəti qənaətbəxşdir.

O, qeyd edib ki, İran hazırda Türkmənistana 4 keçid məntəqəsindən müxtəlif növ məhsullar ixrac edir: "İranın Türkmənistana qeyri-neft məhsullarının ixracının ümumi dəyəri ildə 1 milyard 350 milyon dollara çatıb, ümumilikdə isə bu rəqəm 4 milyard dollardır".

M.Gülpayqani deyib ki, ötən il ərzində İran və Türkmənistan arasında əmtəə dövriyyəsi 20 faiz artıb.

İran Gömrük Administrasiyasının məlumatına görə, keçən il bu ölkənin qeyri-neft məhsullarının Türkmənistana ixracı 16 faiz artaraq 973 milyon dollara çatıb. Bu rəqəmə neft məhsulları, qaz satışı və portfel ticarəti daxil deyil. Türkmənistanın İrana ixracatı (qeyri-neft məhsulları) isə 21 faiz azalaraq 114 milyon dollara çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti