...

Kyodo News: Azərbaycan Yaponiya ilə qarşılıqlı iqtisadi əlaqələri möhkəmləndirməkdə maraqlıdır (FOTO)

Siyasət Materials 15 Mart 2016 11:32 (UTC +04:00)
Azərbaycan Yaponiya ilə qarşılıqlı iqtisadi əlaqələri möhkəmləndirməkdə maraqlıdır.
Kyodo News: Azərbaycan Yaponiya ilə qarşılıqlı iqtisadi əlaqələri möhkəmləndirməkdə maraqlıdır (FOTO)

Bakı. Trend:

Azərbaycan Yaponiya ilə qarşılıqlı iqtisadi əlaqələri möhkəmləndirməkdə maraqlıdır.

Bu fikir Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun Yaponiyanın nüfuzlu informasiya agentliyinə müsahibəsində vurğulanıb.

Trend AZƏRTACA-a istinadən xəbər verir ki, Yaponiyanın nüfuzlu Kyodo News informasiya agentliyi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun məxsusi müsahibəsini yayıb.

Yapon, ingilis və Çin dillərində yayımlanmış müsahibədə Əli Həsənovun Tokioya səfəri zamanı Prezident İlham Əliyevin Yaponiyanın Baş naziri Şinzo Abenin Azərbaycana rəsmi səfərə dəvət məktubunu hökumət rəsmisinə təqdim etdiyi bildirilib. Əli Həsənovun sözlərini sitat gətirən agentlik qeyd edir ki, Azərbaycan Prezidentinin köməkçisi Yaponiyanın Baş nazirinin bu səfərinin iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına mühüm təkan verəcəyini vurğulayıb. Bildirilir ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən dövrdə Yaponiyanın Baş nazirlərindən heç biri bu ölkəyə səfər etməyib.

Müsahibədə cari ilin fevralından başlayaraq Azərbaycanın Yaponiya vətəndaşları üçün viza rejimini sadələşdirdiyi, bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müraciətin kifayət etdiyi bildirilir. Qeyd edilir ki, bundan məqsəd yapon iş adamlarını qarşılıqlı mübadilə və investisiya qoyuluşu üçün ölkəyə cəlb etməkdir.

Yaponiyanın Azərbaycanda qrant layihələri həyata keçirən donor ölkə olduğu, bu məqsədlə təkcə 2013-cü ildə 42,9 milyon dollar ayırdığı qeyd edilib. Yaponiya hökumətinin məlumatına görə, 2015-ci ildə bu gündoğar ölkədən Azərbaycana ixrac 8,9 milyard yen (təqribən 78,2 milyon dollar) təşkil edib. İdxalı artırmaq üçün isə böyük potensialın olduğu vurğulanıb.

Azərbaycanın zəngin təbii ehtiyatları barədə danışan Əli Həsənov bildirib ki, neftin qiymətinin kəskin aşağı düşməsi manatın devalvasiyası ilə nəticələnib. Buna baxmayaraq ölkəmiz 2018-ci ildən başlayaraq Avropaya təbii qaz ixrac edəcək və bu məqsədlə TAP layihəsinin reallaşması davam edir.

Müsahibədə Azərbaycanın həm də nəqliyyat-kommunikasiya xətlərinin yaradılması istiqamətində layihələr həyata keçirdiyi, Bakını Şərqi Türkiyə ilə birləşdirəcək dəmir yolu xətti barədə də məlumat verilib. Bu layihənin isə cari ilin avqust-sentyabr aylarında yekunlaşacağı qeyd edilib. Vurğulanıb ki, məhz bu layihənin reallaşması nəticəsində Azərbaycan Yaponiyanı Çin və Mərkəzi Asiya ölkələri vasitəsilə Avropaya birləşdirən körpüyə çevriləcək. Bu körpü yalnız dəmir yolu xətlərini deyil, eyni zamanda, dəniz yolunu da əhatə edəcək.

Xatırladaq ki, müsahibədən sonra Kyodo News agentliyi prezidenti aparatının rəhbəri Sigeyuki Yoşida ilə görüşən Əli Həsənov dost ölkələrimiz arasında informasiya mübadiləsinin intensivləşdirilməsinin vacibliyini vurğulayıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti