...

Tae-Sunq Junq: Dünya Xəbər Agentliklərinin V Konqresi mühüm əhəmiyyət daşıyır (FOTO)

Siyasət Materials 18 Noyabr 2016 11:21 (UTC +04:00)
Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası dünya xəbər agentlikləri arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək.
Tae-Sunq Junq: Dünya Xəbər Agentliklərinin V Konqresi mühüm əhəmiyyət daşıyır (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası dünya xəbər agentlikləri arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək. Bunu Trend-ə Koreyanın “Yonhap” xəbər agentliyinin Media texnologiyaları departamentinin direktoru Tae-Sunq Yunq deyib.

O bildirib ki, Bakıda keçirilən tədbirlər çərçivəsində dünya xəbər agentlikləri qarşısında duran mühüm çağırışlar müzakirə edilir, vacib qərarlar qəbul edilir və gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilir: “Bu baxımdan tədbir mühüm əhəmiyyət daşıyır. Azərbaycan tədbiri yüksək səviyyədə təşkil edib”.

Bakıda birinci dəfə olduğunu bildirən koreyalı qonaq şəhəri çox bəyəndiyini də bildirib: “Ailəmlə birlikdə Bakıya turist kimi gəlməyi və bu gözəl şəhəri daha yaxşı gəzməyi çox istəyirəm”.

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edir. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Tədbirlərdə iştirak etmək üçün Azərbaycana Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti