...

Yusuf Məmmədəliyev: Gənclərin ziyanlı qrupların təsiri altına düşməsi asudə vaxtın təşkili ilə bağlı alternativlərin az olmasından irəli gəlir

Siyasət Materials 19 Dekabr 2017 16:11 (UTC +04:00)
“Gənclər evlərinin inkişaf etdirilməsi və onların öz təyinatına uyğun olaraq gənclərə keyfiyyətli sosial xidmətin göstərməsi bizim üçün prioritet mövzudur”.
Yusuf Məmmədəliyev: Gənclərin ziyanlı qrupların təsiri altına düşməsi asudə vaxtın təşkili ilə bağlı alternativlərin az olmasından irəli gəlir

Bakı. Elçin Mehdiyev – Trend:

“Gənclər evlərinin inkişaf etdirilməsi və onların öz təyinatına uyğun olaraq gənclərə keyfiyyətli sosial xidmətin göstərməsi bizim üçün prioritet mövzudur”.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev bu gün Binəqədi rayon Gənclər Evində “Azərbaycan hökumətinin BMT ilə Gənclər evlərinə dair birgə təşəbbüsü” pilot layihəsinin təqdimatında deyib.

Y.Məmmədəliyev bildirib ki, Gənclər evləri sosial xidmət şəbəkəsinin yaradılması və istifadəyə verilməsi çox önəmli bir addım idi və bu proses ölkənin demək olar ki bütün regionlarında yekunlaşıb:

“Lakin etiraf edilməlidir ki, hazırda bu şəbəkənin fəaliyyəti, onun faydalı iş əmsalı mövcud potensialdan xeyli aşağıdır. Regionlarda bir çox gənclər bu evlərin fəaliyyətindən xəbərsizdir. Bu amilləri nəzərə alaraq deməliyik ki, artıq gündəlikdə Gənclər evlərinin effektivliyinin və onların dayanıqlılığının təmin olunması dayanır. Bu baxımdan həm dövlət orqanları, həm beynəlxalq tərəfdaşlar, həm də vətəndaş cəmiyyətinin bərabər şəkildə iştirakı çox önəmlidir”.

Şöbə müdiri vurğulayıb ki, gənclər təşkilatları tədbirləri məhz Gənclər Evində keçirir və resurslardan geniş istifadə olunur: “Bu, müsbət haldır. Gənclər evlərində qeyri-formal təhsil və digər sosial xidmətlərdən əlavə, asudə vaxtın təşkili çox önəmlidir. Məlumdur ki, region gənclərinin bəzi zərərli vərdişlərə və ya müxtəlif ziyanlı qrupların təsiri altına düşməsi məhz asudə vaxtın təşkili ilə bağlı alternativlərin az olmasından irəli gəlir. Gəncləri zərərli vərdişlər, radikalizm, ekstremizm və digər bu kimi neqativ hallardan qorumaq üçün maarifləndirmə ilə yanaşı, onların asudə vaxtları ilə bağlı tədbirlər həyata keçirmək çox vacibdir”.

PA rəsmisi əlavə edib ki, gənclər siyasətində iştirak edən bütün tərəflər Gənclər evlərinin inkişaf etdirilməsi prosesinə cəlb olunmalı və öz töhfəsini verməlidir: “Hər regiona xas xüsusiyyətlər, adət-ənənələr nəzərə alınmaqla müvafiq proqramın tərtib olunması, peşəkar rəhbər və komanda tərəfindən koordinasiya olunması Gənclər evlərinin effektivliyini artırmağa kömək edəcək və bununla da Gənclər evlərinin lokal səviyyədə gənclərin bütün problemlərini həll edən və onlara dəstək verən resurs mərkəzi funksiyasını yerinə yetirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti