Bakı. Trend:
Bu gün Azərbaycanın ən yaxşı reportyoru da Prezident İlham Əliyevdir, ən yaxşı redaktoru, ən yaxşı bloqqeri, ən yaxşı aparıcısı, bir sözlə ən yaxşı media kapitanı da İlham Əliyevdir.
Trend-in məlumatına görə, bunu REAL televiziyasının rəhbəri, jurnalist Mir Şahin Ağayev Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”u tərəfindən birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimat mərasimində çıxışı zamanı deyib.
Layihəyə uğurlar arzu edən M.Ağayev bildirib ki, Ulu öndər Heydər Əliyevin "iki dövlət, bir millət" şuarı var. İndi isə bu şuar "iki dövlət, bir media" kimi formalaşır:
"Sentyabrda birgə media platformasının yaradılmasının əhəmiyyəti sonradan özünü göstərdi. Vətən müharibəsi dövründə Azərbaycan və Türkiyə vahid media platformasında iştirak etdi. Atəşə məruz qalmış rayonlarımıza səfərlər zamanı türkiyəli həmkarlarımızın bizimlə çiyin-çiyinə necə çalışdıqlarının şahidi olurduq".
M.Ağayev qeyd edib ki, Vətən müharibəsi dövründə biz İlham Əliyevin hansı mücadiləni etdiyini, hansı çabaları göstərdiyini, necə dirəniş nümayiş etdirdiyini görmüşük:
"Düşünürəm ki, bu platforma üçün ən yaxşı nümunəni elə İlham Əliyevdən də öyrənmək olar. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətlərini də necə fədakarlıqla qoruduğu da yəqin ki, hamımızın yadındadır. Xarici ölkələrdən gələn jurnalistlərin suallarının bir qismi Türkiyənin Azərbaycana hərbi yardım etməsi ilə bağlı idi. Amma hər dəfə Azərbaycan Prezidenti kifayət qədər ustalıqla, diplomatik manevrlə, eyni zamanda konkret şəkildə Türkiyənin Azərbaycana köməyinin nədən ibarət olduğunu dürüst formada izah etdi. Bu baxımdan, Rəcəb Tayyib Ərdoğan - İlham Əliyev münasibətləri Azərbaycan mediası və Türkiyə- Azərbaycan mənsubları üçün nümunə olmalıdır. Sadəcə olaraq, liderlərimizə baxaq və öyrənək".