Bakı. Trend:
Bu gün dünyamız çox mürəkkəb bir dönəmdən keçir. COVID-19 pandemiyası, planetin müxtəlif guşələrində baş verən dağıdıcı münaqişə və müharibələr, qlobal istiləşmə, inflyasiyanın sürətli artımı və digər problemlər ciddi narahatlıqlar doğurur. Belə bir vaxtda dövlət və cəmiyyət həyatında medianın, informasiyanın rolu əhəmiyyətli dərəcədə artmaqdadır.
Azərbaycanın son illərdə qət etdiyi uğur yolu mövcud qlobal risk amilləri fonunda daha cazibədar görünür. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində həyata keçirilən köklü islahatlar, zamanın çağırışlarına adekvat olan media siyasəti Azərbaycanı beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevirib.
Jurnalistlərin peşə bayramı ərəfəsində Azərbaycan mətbuatının tarixinə və keçdiyi inkişaf yoluna, media-cəmiyyət münasibətlərində yeni mərhələyə və bunun nəticəsi olan müasirləşmə tendensiyasına, jurnalistlər qarşısında açılan geniş perspektivlərə nəzər salmaq istədim. Bu, sözün həqiqi mənasında bir uğur hekayəsidir.
Mətbuat tariximiz haqqında bir neçə söz
Milli mətbuatımızın yaranışından 147 il keçir. Dövrünün görkəmli ziyalılarından biri, maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş “Əkinçi” qəzeti Azərbaycan tarixinə milli mətbuatımızın ilk nümunəsi kimi düşüb. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək fəaliyyət göstərən “Əkinçi” xalqımızın milli oyanışında, milli məfkurənin formalaşmasında misilsiz rol oynayıb. Onun açdığı yolu sonradan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Molla Nəsrəddin”, “Həyat”, “Açıq söz” kimi milli qayəli jurnal və qəzetlər davam etdirib.
Mətbuatımızın növbəti inkişaf mərhələsi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 1918-1920-ci illərdə nəşr olunan qəzetlər öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesində fəal iştirak etməklə yanaşı, xalq arasında istiqlal ideyalarını yayır, xüsusən milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində misilsiz xidmətlər göstərirdi. Həmin dövr respublikamızda ilk milli informasiya agentliyinin – Azərbaycan Teleqraf Acansının (indiki AZƏRTAC) yaranması ilə də əlamətdardır.
Azərbaycan mətbuatı sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, milli varlığını qoruyub saxlaya bildi. Kütləvi informasiya vasitələrinin şəbəkəsi genişləndi, jurnalistikanın çeşidli növləri meydana çıxdı.
İyirminci əsrin 90-cı illərində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi nəticəsində milli mətbuatın formalaşması və inkişafı üçün geniş imkanlar yarandı. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri aradan qaldırdı. Medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, vətəndaş cəmiyyəti quruculuğunda KİV-in rolunun yüksəldilməsi məqsədilə davamlı addımlar atılmağa başlandı.
Ulu öndər Heydər Əliyev və milli mətbuat
1969-cu ilin iyul plenumu, respublikaya milli ruhlu rəhbərin – Heydər Əliyevin təyin edilməsi Azərbaycanın həyatında dönüş nöqtəsi oldu. Ölkədə həyatın ritmi dəyişdi, hər bir sahədə, eləcə də mətbuatda görünməmiş inkişaf başladı.
Dünyaşöhrətli dövlət xadimləri sırasında yer alan Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər, eyni zamanda, milli ruhun və milli özünüdərkin dirçəliş dövrü kimi də səciyyəvidir. Bu dahi şəxsiyyət mətbuatın, informasiyanın insanların vahid məqsədə yönəldilməsindəki səfərbəredici rolunu hamıdan yaxşı görürdü. Buna görə də mətbuata və jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı. Tarixdə bunun bir çox nümunələri var.
Bir qədər əvvəl qeyd etdiyim kimi, dövlət müstəqilliyinin bərpası milli mətbuatın formalaşması və inkişafı üçün geniş üfüqlər açdı. Bu imkanları bacarıqla, cəsarətlə reallaşdıran Ulu Öndərimiz hakimiyyətə qayıdışının ilk illərində söz və mətbuat azadlığı qarşısında, necə deyərlər, yaşıl işıq yandırdı. Yaxşı xatırlayıram, Heydər Əliyevin senzuranı ləğv etməsi respublikada az qala şok effekti doğurmuş, birmənalı qarşılanmamışdı. Lakin zaman bu qərarın doğruluğunu, vaxtında atılmış addım olduğunu təsdiqlədi.
Bir daha xatırlatmaq yerinə düşər ki, Ulu Öndər qəzetlərin nəşriyyata olan borclarını donduraraq onları bağlanmaq təhlükəsindən xilas etdi. Yaxud, dövlət başçısının fəaliyyəti üzərindən “sirr pərdəsini” də mətbuat vasitəsilə məhz Ulu Öndərimiz götürdü, bu sahədə aşkarlıq və şəffaflıq yaratdı.
Bu dahi şəxsiyyət, həmçinin milli media ənənələrini zənginləşdirən üç mühüm prinsip müəyyənləşdirmişdi: dövlətçiliyə xidmət, azərbaycançılıq ideologiyasının təbliği və ümumbəşəri dəyərlərə hörmət. Müdrikcəsinə müəyyənləşdirilən bu prinsiplər mətbuatımızın püxtələşməsində əvəzsiz rol oynadı. Azərbaycan mətbuatı hər üç istiqamətdə örnək ola biləcək uğurlara imza atdı.
Ulu öndərimiz Heydər Əliyevin mətbuata və jurnalistlərə münasibətinin bilavasitə şahidi olan bir qələm adamı kimi bu mövzuda bəlkə də saatlarla danışa bilərəm, bu barədə təəssürat və mülahizələrimi yeri gəldikcə bölüşmüşəm. Təkrarlamaq istəmədən yalnız onu deməklə kifayətlənirəm ki, Heydər Əliyev mətbuatın böyük dostu idi, medianın dövlət və cəmiyyət həyatında rolunu onun qədər dəyərləndirən ikinci lider tapmaq çətindir.
Mətbuatın inkişafının yol xəritəsi
Əsası Ulu Öndərimiz tərəfindən qoyulan media siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və zamanın çağırışlarına uyğun yeni çalarlarla zənginləşdirilir. Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir. Bu tendensiya mətbuat sahəsində də açıq-aşkar görünməkdədir.
Ölkəmizdə müstəqil və güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı, xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Kütləvi informasiya vasitələrinin ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmaması, öz işini qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşdırması, cəmiyyəti obyektiv və peşəkar şəkildə məlumatlandırması üçün davamlı addımlar atılır. Bununla bağlı dövlət siyasətinin əsasında modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi amillər dayanır.
Yeni cəmiyyət düzənində medianın yerinin və rolunun dəqiq, mövcud reallıqlar nəzərə alınmaqla müəyyənləşdirilməsi müstəsna əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, müasir dövr həm də informasiya savaşı ilə səciyyəvidir, medianın inkişafının xüsusi önəm daşıdığını şərh etməyə ehtiyac qalmaz.
Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə KİV-in inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu, gözlənilən dəyişikliklərin və yeniləşmənin mesajı verilmiş oldu. Yol xəritəsi rolunu oynayan Fərmandan sonra “Media haqqında” Qanun qəbul olundu, jurnalistlər sosial ipotekadan yararlanmaq imkanı qazandı, qəzet kağızı əlavə dəyər vergisindən azad edildi. Bu, ölkə mediasının inkişafına yeni yanaşmanın ilkin təzahürləri olmaqla, eyni zamanda, KİV qarşısında açılan daha geniş üfüqlərdən və perspektivlərdən soraq verir.
Ümumiyyətlə, postmüharibə dövründə Azərbaycanın informasiya mühitinə bir yenilənmə ruhu hakimdir. Mediaya yanaşmada, media ilə təmaslarda istiləşmə müşahidə olunur. Əlbəttə, buna yön və ton verən Prezident İlham Əliyevdir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın medianın uğurlu, döyüşkən fəaliyyətini vurğulamasını da bu qəbildən hesab etmək olar.
Mətbuat azadlığı və jurnalist məsuliyyəti
Demokratiya yolu ilə inamla irəliləyən Azərbaycanda söz və ifadə, mətbuat azadlığı bərqərar olub. Bu gün ölkəmizdə çoxsaylı media şəbəkəsi, o cümlədən internet televiziyaları fəaliyyət göstərir. Əhalinin 85 faizindən çoxu internet istifadəçisidir, sosial şəbəkələr üzərində heç bir nəzarət, yaxud məhdudiyyət yoxdur. Media üçün yaradılmış bu cür əlverişli, azad şərait fonunda jurnalist məsuliyyətinin, peşə etikasının üzərindən də sükutla keçmək olmaz.
Bu baxımdan hazırda yaradılmaqda olan Media Reyestri Azərbaycanda media mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətinin artırılmasına şərait yaradan vasitələrdən biri kimi diqqət çəkir. Reyestr keyfiyyətli informasiya istehsalını dəstəkləməyə, bu sahədə stimullaşdırıcı tədbirlər görməyə imkan yaradacaq. Bu da öz növbəsində hazırkı rəqabət mühitində peşəkar medianın önə çıxmasını və inkişafını təmin edəcək.
Jurnalist məsuliyyətinin əsas prinsiplərindən biri peşə etikasına əməl olunmasıdır. Müəllif hüquqları, hadisə və məlumatlara qərəzsiz, obyektiv yanaşma, əxlaq normalarının gözlənməsi və digər bu kimi meyarları jurnalist məsuliyyəti anlayışına aid etmək olar. Təəssüf ki, bu normalardan sapma meyilləri hələ də qalmaqdadır. Həmkarlarımız gərək öz hüquqları ilə yanaşı, üzərlərinə düşən məsuliyyəti də unutmasınlar, peşə etikasından heç bir halda kənara çıxmasınlar.
Azərbaycan ictimaiyyətinin bu gün zamanın çağırışlarına uyğun təkmilləşən və modernləşən mətbuatdan gözləntiləri çoxdur. Bununla bağlı müzakirələrin əsas mövzusu milli informasiya məkanının təhlükəsizliyini qorumaq, milli maraqları həmişə uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipinə daim sadiq qalmaqdır.
Təbii ki, ən mühüm gözləntilərdən biri Vətən müharibəsində qazandığı möhtəşəm Zəfəri ilə dünyaya səs salan, adını dünya tarixinə qalib ölkə kimi yazan Azərbaycanın postmünaqişə dövrünün reallıqlarını beynəlxalq ictimaiyyətə daha dolğun şəkildə çatdırmaqdır. Unutmaq olmaz ki, mətbuat həm də Azərbaycanın dünyaya, dünyanın Azərbaycana açılan pəncərəsidir.
Azərbaycanın dünyaya açılan pəncərəsi
Bu barədə söhbətə fenomenal, bəlkə də dünya tarixində analoqu olmayan hadisə ilə başlamaq istərdim.
Biz informasiyanın təsir gücünü 44 günlük Vətən müharibəsinin gedişində, eləcə də postmüharibə dövründə daha yaxından gördük. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi ilə Azərbaycanın qapıları dünya mediasının üzünə taybatay açıldı. Mötəbər və geniş auditoriyaya malik xarici telekanallar, xəbər agentlikləri, qəzetlər Azərbaycan Prezidenti ilə söhbətə can atırdılar. Onların arasında qərəzli, dost olmayan media orqanları və jurnalistlər də vardı. Lakin Prezidentimiz bütün hallarda kamera, mikrofon önünə keçir, əsl həqiqəti və ədaləti mümkün qədər çox tamaşaçıya, oxucuya çatdırmaq üçün heç bir fürsəti qaçırmırdı, Azərbaycan və Qarabağ həqiqətlərini səbir və təmkinlə çatdırırdı. Otuzadək müsahibəsinin hər birində dünyaya onun başa düşəcəyi dildə mesajlar verirdi.
Nəticə göz önündədir. Beləliklə, ermənilərin, xüsusən erməni diasporunun onilliklər boyu uydurduqları və şüurlara yeritdikləri yalanlar, miflər göz önündə sabun köpüyü kimi əriyib getdi. İstənilən halda müharibəni qəbul etməyən beynəlxalq aləm, dünya ölkələri Azərbaycana haqq qazandırır, yaxud neytral mövqe tuturdular. İnformasiya savaşındakı bu üstünlük Qarabağ Zəfərini şərtləndirən əsas faktorlardan birinə çevrildi, eyni zamanda, milli mediamız uçun ibrətamiz dərs – sözün həqiqi mənasında ustad dərsləri oldu.
Hazırda Azərbaycan mediasının xaricdə böyük izləyici auditoriyası var. Ölkəmizdə fəaliyyət göstərən KİV orqanlarının beynəlxalq əlaqələri getdikcə genişlənir. 2021-ci il ərzində ölkənin internet seqmentində onlarla yeni xəbər portalı yaranıb, yüzlərlə sosial media resursu açılıb. Bu da Azərbaycanda informasiyanın əlçatanlıq dərəcəsinin yüksəlməsinə xidmət edir.
Ümumən mobil texnologiyalar-sosial media tandemi informasiyanın böyük hissəsinin hərəkətini təmin edir. Məhz bu tandemin təsiri altında medianın xəbər istehsalı, yayımı, təqdimatı kimi sahələrində yeni formalar yaranır, ənənəvi üsulların bir qismi unudulur və ya dəyişir. Dünya üzrə ən çox ziyarət edilən saytlar sırasında birinci yeri sosial şəbəkə və onlayn kommunikasiya saytları, ikinci yerdə isə xəbər və media saytları yer alır. Azərbaycanda da bu iki kateqoriyadan olan veb-saytlar üstünlük təşkil edir. Yeri gəlmişkən deyim ki, AZƏRTAC-ın da veb-saytı Alexa şirkətinin 2021-ci il hesabatına əsasən, ölkədə ən çox ziyarət olunan beş informasiya platformasından biri olub.
Bütün bu göstəricilər mətbuat-sosial media münasibətlərinin yalnız cüzi tərəfidir. Media hazırda sosial şəbəkələrin informasiya axınından həm mənbə kimi istifadə etməyə, eyni zamanda, sosial medianın texnoloji, təqdimat formaları və digər tələblərinə uyğunlaşmağa çalışır. Bunun üçün isə medianın iqtisadi, texnoloji və kadr resurslarını artırması vacib şərtdir.
Bu kontekstdə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxsin yaradılması və bu ilin əvvəlində “Media haqqında” Qanunun qəbul edilməsi ölkə mətbuatı tarixində əlamətdar hadisələrdəndir.
Təqdirəlayiq haldır ki, MEDİA Agentliyi media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, KİV-in yeni iqtisadi modelin yaradılmasını hədəfləyir, bu istiqamətdə atılan və atılacaq addımlara dəstək göstərir. MEDİA agentliyinin sistemli və ardıcıl tədbirləri nəticəsində yaranmış müsbət dinamika artıq göz önündədir. Fərqli kateqoriyalara istiqamətlənmiş bütün bu tədbirlərin əsas məqsədlərindən biri informasiya və xəbər mühitini sağlamlaşdırmaq, jurnalistika peşəsinin cəmiyyətdə nüfuzunu qaldırmaq, onu yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaq və milli mediamızı məsuliyyətsiz və qeyri-peşəkar təzahürlərdən təmizləməkdən ibarətdir.
Əminəm ki, “Media haqqında” Qanun müasir medianın fəaliyyət göstərdiyi yeni reallıqları, texnologiyaları, jurnalist işinin yeni trendlərini əks etdirməklə bu sahənin inkişaf meyillərinə daha aydın və dəqiq konturlar gətirəcək. Dövlətimizin başçısı mətbuatın dinamik inkişafında maraqlıdır və dəfələrlə məhz KİV-in ictimai nəzarət funksiyasının önəmini vurğulayıb. Prezidentin mətbuat sahəsinə diqqətinin nəticəsidir ki, dövlətimizin başçısı tez-tez həm xarici, həm də yerli jurnalistlərlə görüşlər keçirir, cəmiyyəti maraqlandıran sualları cavablandırır. Əminliklə demək olar ki, Azərbaycanda son iki ildə media yeni trendləri daha çevik tətbiq etməklə qlobal informasiya məkanına sürətlə inteqrasiya etməyə başlayıb.
Dünya mediasında trendlər yeni texnologiyaların tətbiqi ilə dəyişir. Süni intellekt, blokçeyn texnologiyaları getdikcə media tərəfindən daha çox istifadə olunur. Bunun da başlıca səbəbi informasiya axınının durmadan artması, rəqabət mühitinin daha da sərtləşməsi, ənənəvi medianın sosial media ilə informasiya və auditoriya uğrunda mübarizəsidir. Bəzi ekspertlər hesab edirlər ki, informasiya hazırda bir əmtəə olsa da, getdikcə onun cəmiyyətə pulsuz çatdırılması qaçılmaz olacaq. Bu da biznes modeli üzrə fəaliyyət göstərən media qurumları üçün böyük risklər deməkdir. Bununla belə, informasiyanı biznes hesab edən mütəxəssislər yeni texnologiyaların tətbiqi və eyni zamanda, sosial mediadan gələn dezinformasiya və feyk xəbər axını fonunda ənənəvi medianın əhəmiyyətinin daha da artacağına əmindirlər. Bu səbəbdən də media hər iki varianta hazır olmağa çalışmalıdır.
Zaman dəyişir, qarşımıza yeni-yeni vəzifələr çıxır. Milli mətbuatımızın keçdiyi 147 illik yolda dəyişməyən, bütün dövrlər üçün aktuallığını qoruyan jurnalistikamızın obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik kimi prinsipləridir. Bu sıraya söz və mətbuat azadlığının daim genişlənən hüdudlarını da əlavə etsək, göz önündə milli mətbuatımızın məmnunluq doğuran mənzərəsi canlanar. Bu azad, şəffaf, Avropa standartlarına uyğun mətbuat aləmi Prezidentimizin siyasi iradəsinin, Azərbaycanı yetkin informasiya cəmiyyəti kimi görmək istəyinin nəticəsidir.
Fürsətdən istifadə edərək, zəngin ənənələrə malik milli mətbuatımızın ildönümü münasibətilə bütün həmkarlarımı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayıram. Xalqımız əmindir ki, mətbuatımız dövlətçiliyimizin möhkəmlənməsinə, milli maraqlarımızın qorunmasına, Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliğinə verdikləri töhfəni bundan sonra da layiqincə davam etdirəcək.
Aslan Aslanov
AZƏRTAC-ın İdarə Heyətinin sədri,
OANA-nın vitse-prezidenti,
Dünya Xəbər Agentlikləri Şurasının və İƏT Milli Xəbər Agentlikləri Birliyinin büro üzvü