...

Almaniya və Azərbaycanın hərtərəfli əməkdaşlığı hər iki tərəf üçün olduqca faydalıdır - Rauf Əliyev

Siyasət Materials 16 Mart 2023 20:20 (UTC +04:00)
Almaniya və Azərbaycanın hərtərəfli əməkdaşlığı hər iki tərəf üçün olduqca faydalıdır - Rauf Əliyev

Bakı. Trend:

Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin 13-14 mart tarixində Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə və Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşmüşdür. Cənab Prezident bu görüşlərdə bir çox məsələlrə münasibət bildirmiş və mühüm mesajlar vermişdir. Azərbaycanda iqtisadiyyatın mövcud vəziyyəti barədə məlumat verərkən bildirilmişdir ki, son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, xarici borcumuzun azaldığı və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, ÜDM-in 10 faizindən aşağı oluğu bldirilmişdir.

Azərbaycanın Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş olduğu bildirilərək qeyd olunmuşdur ki, Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Azərbaycan xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi planlaşdırır. Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır. 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var. Azərbaycanda bərpaolunan enerji mənbələrinin böyük potensialı olduğunu bildirən cənab Prezident qeyd etmişdir ki, Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən, həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq.

Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafından danışılararkən bildirilmişdir ki, bu istiqamətdə çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma Memorandumu bu əlaqələrin daha da inkişaf edəcəyindən xəbər verir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.

Azərbaycan - Ermənistan münasibətlərinə toxunan cənab Prezident qeyd etmişdir ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür. İndi sülhün zamanı çatıbdır. Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif edib. Ermənistan bu şansı qaçırmamalıdır. Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlamalıdır.

Qeyd olunmuşdur ki, Almaniya biznesi tərəfindən Azərbaycana və Azərbaycan iqtisadiyyatına böyük diqqət ayrılır. Bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir. Almaniya iqtisadi inkişaf baxımından Avropa məkanında aparıcı rol oynayır. Avropada ən böyük, Ümumi Daxili Məhsulun həcminə görə dünyada dördüncü ən böyük iqtisadiyyatdır. Hazırkı səfər Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcək. Siyasi, iqtisadi, mədəni, humanitar istiqamətlərdə yeni əməkdaşlıq platformaların yaranma ehtimalı yüksəkdir. Digər tərəfdən nəqliyyat və enerji sahəsində bu gün Azərbaycanın qlobal təşəbbüsləri göz önündədir. Bura həm Cənub Qaz Dəhlizi, eləcə də Orta Dəhliz və Zəngəzur dəhlizi aiddir. Həmçinin, Qara dənizin dibi ilə "yaşıl enerji" dəhlizinin formalaşması böyük bir coğrafiyada təhlükəsizliyin, sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərdir.

Hesab edirəm ki, Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək. Bundan başqa, Almaniya ilə Azərbaycanın hərtərəfli əməkdaşlığı hər iki tərəf üçün olduqca faydalıdır. Eyni zamanda, Qarabağda yenidənqurma və quruculuq işlərinin getdiyi bir vaxtda almaniyalı iş adamları və biznesmenlərilə Prezident İlham Əliyevin görüşü, eləcə də ölkəmizin iqtisadi dividendliyi və işğaldan azad edilən bölgələrin turizm potensialı ilə bağlı təqdimatın keçirilməsi vacib əhəmiyyətə malikdir. Bu, həm də bərpa-quruculuq işlərinə Alman şirkətlərinin cəlb edilməsi baxımından önəmlidir. Ümumilikdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti