...

Qafan hava limanı Azərbaycanın sərhədlərinin toxunulmazlığını təhdid edən faktordur

Siyasət Materials 19 Avqust 2023 15:57 (UTC +04:00)
Qafan hava limanı Azərbaycanın sərhədlərinin toxunulmazlığını təhdid edən faktordur
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qafan Azərbaycanla sərhəddə yerləşən və strateji baxımdan önəmli bir ərazidir və bu ərazidə hava limanının işə salınması niyyətinin mülki uçuşların həyata keçirilməsi məqsədi daşıdığını düşünmürəm. Nəzərə alsaq ki, Qafan hava limanı Azərbaycan sərhəddinə həddindən artıq yaxın məsafədə yerləşir və beynəlxalq təcrübədə dövlətlərin sərhədlərinin yaxınlığında yerləşən hava limanlarının, yalnız qarşıqlı razılaşma, ikitərəfli və çoxtərəfli müqavilələr əsasında fəaliyyət göstərməsi mümkündür, bu halda Ermənistanın sözügedən hava limanının diriltmə cəhdinin təxribat məqsədi daşıdığını söyləmək olar.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, məlum olduğu kimi, Azərbaycan Füzuli və Zəngilanda hava limanları inşa edib.

“Lakin bu hava limanları sərhəd bölgəsindən xeyli uzaq məsafədə yerləşir və Azərbaycan bu hava limanlarının inşası zamanı təyyarələrin Ermənistanın hava məkanına daxil olmamaları üçün bütün riskləri nəzərə alıb.

Qeyd edim ki, Qafan hava limanı hələ sovet dövründə də mövcud olub. Lakin həmin dövrdə dövlətlərarası sərhəd yox idi və hər iki respublikanın sərhədləri SSRİ-nin inzibati sərhədləri sayılırdı. Məlum olduğu kimi, hazırda Avropa İttifaqına üzv ölkələrdə də sərhəd, yaxud transsərhəd hava limanları fəaliyyət göstərir. Aİ ölkələri arasında dövlət sərhədlərinin olmaması buna imkan versə də, sərhəd və transsərhəd hava limanlarının fəaliyyəti ikitərəfli razılaşmalarla, yaxud Ümumavropa qanunvericiliyi ilə tənzimlənir. Azərbaycanla Ermənistan arasında isə belə razılaşma yoxdur və bununla yanaşı, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmadığı, eyni zamanda rəsmi İrəvan dolayısıyla ərazi iddialarına, həmçinin, təxribatlarına son qoymadığı üçün ölkəmizin sərhədlərinin yaxınlığında hava limanının fəaliyyət göstərməsi Azərbaycanın sərhədlərinin toxunulmazlığını təhdid edən faktor kimi dəyərləndirilməlidir”, - deyə o, əlavə edib.

Onun sözlərinə görə, bəlli olduğu kimi, Qafan hava limanının uçuş-enmə zolağı Azərbaycanla sərhədə həddindən artıq yaxın ərazidə yerləşir və 2000 metr uzunluğundadır. Mütəxəssislərin rəyinə görə, bu uzunluq orta və ağır tonnajlı, o cümlədən hərbi təyinatlı təyyarələrin enişinə və qalxmasına imkan verir.

"Uçuş zolağının sərhəddə çox yaxın, az qala bitişik bir məsafədə yerləşməsi, Azərbaycanın hava məkanının pozulmasına yol aça bilər. Ərazinin relyefi və burada iqlim şəraitinin uçuşların həyata keçirilməsi üçün əlverişsiz olması bu ehtimalı daha da gücləndirir. Əgər hava sərhədi mülki təyyarələr tərəfindən pozularsa, bu zaman məsələyə Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya kontekstindən yanaşmaq lazımdır. Sözügedən konvensiyanın 3-cü maddəsinin “b” bəndində deyilir ki, konvensiyaya qoşulan “hər bir dövlət öz suverenliyini həyata keçirərkən mülki hava gəmisinin onun ərazisi üzərindən icazəsiz uçuşlar həyata keçirəcəyi təqdirdə həmin hava gəmisinin təyin olunmuş hava limanına enməsini tələb etmək hüququna malikdir. Bu (hava məkanının pozulması) Konvensiyanın məqsədlərinə uyğun olmayan hər hansı niyyət üçün istifadə edildikdə belə hava gəmilərinə bu cür pozuntulara son qoymaq üçün digər göstəriş də verilə bilər”. Burada çox güman ki, hərbi təyyarlərin müşayiəti ilə hava məkanı pozulan tərəfin müəyyən etdiyi hava limanına eniş, yaxud geriyə qayıtmaq tələbi nəzərdə tutulur. Çünki sözügedən maddənin “a” bəndində mülki təyyarələrə atəş açılması istisna olunur.

Yox, əgər hava məkanı hərbi təyyarələr tərəfindən pozularsa, yaxud mülki təyyarədə hərbi təyinatlı yüklərin daşındığı təsdiqini taparsa, o zaman bu hava məkanı pozulan ölkəyə təcavüz hesab olunur”, - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti