Bu ayın sonunda Brüsseldə Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı növbəti görüş olmalıdır. Görüşün baş tutmaması üçün bütün vasitələrə əl atan Fransa Ermənistanı yeni müharibəyə başlamağa belə, təhrik etməyə hazırdır
İlk baxışdan bir-biri ilə bilavasitə, aşkar əlaqəsi olmayan üç hadisə Ermənistan rəhbərliyinin indiki mövqeyini lakmus kağızı kimi aşkarlayır.
1-ci hadisə. Xankəndindəki sabiq separatçı xuntanın keçmiş rəhbəri Samvel Şahramanyan Ermənistandakı İctimai Televiziyanın efirində bəyan edib ki, "imzaladığı sənədlərin hüquqi qüvvəsi yoxdur". Yəni o, separatçı rejimin könüllü olaraq öuraxılması, qarabağlı ermənilərin silahlı dəstələrinin və Ermənistan Müdafiə Nazirliyinin hərbi birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazisini tərk etməsi, habelə xuntanın bütün "rəsmi strukturlar"ının buraxılması ilə bağlı imzalanmış sənədləri kağız parçası saydığını bildirib.
2-ci hadisə. Ermənistanın baş naziri Nikol Paşinyan qarabağlı ermənilərin Azərbaycanı tərk edərək Ermənistana yollanmasını, yəni könüllü köçünü "Bakı tərəfindən tətbiq olunmuş etnik təmizləmə" adlandırmamış, qarabağlı ermənilərin bu könüllü repatriasiya zamanı heç bir təzyiqə, qısnamaya və ya təhdidə məruz qalmadıqlarını söyləmişdi. Lakin indi Paşinyan həmin bəyanatı unutmuş kimi davranır, yeni açıqlamalar səsləndirir, Bakıya qarşı absurd ittihamlarını bərpa edir.
3. Bu gün Lüksemburqda Avropa İttifaqının Xarici İşlər Komitəsinin növbəti toplantısı olacaq. Aİ dövlətlərinin XİN başçılarının qatılacaqları toplantıda müzakirə ediləcək məsələlər arasında İsrail-Fələstin münaqişəsi, Ukraynadakı situasiya və təbii ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş proses də var.
Lüksemburqdakı toplantıda kimin nə deyəcəyini, hansı məzmunda çıxış edəcəyini indidən təxminləmək olar. Təbii ki, müzakirələrin konstruktiv olma şansı da var - amma pan-Avropa təşkilatlarının tam əksəriyyətində son vaxtlar Cənubi Qafqazdakı situasiya müzakirə ediləndə necə mövqelər tutulduğunu, hansı bəyanatların verilərək necə qətnamələr qəbul edildiyini yada salsaq, konstruktivizm ehtimalı olduqca azdır.
... Beləliklə, Ermənistan rəhbərliyinin bundan sonra daha aqressiv, məntiqsiz və Azərbaycana qarşı yeni iddiaların yer alacağı strategiya əsasında davranacağı şübhə doğurmur. Nikol Paşinyan hakimiyyətinə bəhs etdiyimiz məcrada dəstək və təkan verən isə həmişə olduğu kimi, Fransadır.
S.Şahramanyanın separatçı xunta ilə bağlı "bəyanatı"nın müəlliflərinin Ermənistandan uzaqda, Sena çayının sahillərində olduğunu deyə bilərik. Çünki məhz Fransa aylardır ki, "qarabağlı ermənilərin hüquq və təhlükəsizliklərinin təminatı", "Qarabağa beynəlxalq müşahidəçilərin göndərilməsi" və s. kimi narrativləri gündəmdə saxlayaraq onlara siyasi təsir aləti statusu verməyə çalışır.
Nikol Paşiyanın əvvəlki mövqeyindən geri çəkilməsi, daha doğrusu, mövqeyində "U dönüşü" edərək Parisin təlimatlarını bunca primitiv şəkildə icra etməsi də bəhs olunan məcradakı hekayədir. Fəqət, Paşinyanın daxili motivasiyası da var: o, həddən ziyadə qəzəbli qarabağlı ermənilərin siyasi kütlə təki formalaşaraq ölkədəki ənənəvi müxalifətin elektroal kütləsinə birləşməsindən çəkinir.
Aşkar anti-Rusiya və pro-Fransa meylli olan qarabağlı ermənilərdən hazırda Ermənistandakı müxalifət düşərgəsində yer alan partiyalarla siyasi təşkilatların istisnasız olaraq hamısı yararlanmaq istəyir.
Nikol Paşinyan rəqiblərinin güclənməsinə imkan verməmək və qarabağlı erməniləri sosial bazasına əlavə etmək üçün indi aqressiv ritorikalı populizmlə məşğuldur.
Eyni zamanda o, xarici ölkələrdəki erməni diaspor təşkilatları ilə çoxdan pozulmuh münasibətlərini bərpa edərək "yarıtmaz baş nazir" və "xəyanətkar adam" statusları ilə vidalaşaraq "Rusiyaya aşkar meydan oxuyaraq Ermənistanın Qərbə inteqrasiyasını artıracaq siyasətçi" imicinə yiyələnmək fikrindədir.
Sözügedən istiqamətdə də N.Paşinyan bilavasitə Yelisey Sarayından ünvanlanan "məsləhətlər və məşvərətlər" əsasında davranır.
Qarabağlı erməni separatçılarının aktivləşdirməyə, Avropa İttifaqında Azərbaycana qarşı düşərgə formalaşdırmağa və İrəvana təsir imkanlarını artırmağa çalışan Fransanın əsas məqsədi Azərbaycanın geosiyasi imkanlarını zəiflətməkdir.
Bu ayın sonunda Avropa İttifaqının Siyasi Şurasının sədri Şarl Mişelin vasitəçiliyii ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə yeni görüşünün keçirilməsi nəzərdə tutulub.
Avropa İttifaqının İspaniyanın Qranada şəhərində keçirilmiş sammitində də Fransa geosiyasi liderlik iddiasına düşərək "tərəf" olmaq, üçtərəfli formatı Almaniyanın kansleri Olaf Şoltsu da müzakirələrə qataraq beştərəfli formata çevirməyə çalışmışdı.
Alınmamışdı, çünki Azərbaycan belə bəsit və qaba təzyiqlərə boyun əymədiyindən Qranadakı "müzakirə"lər rəsmi Bakının iştirakı olmadan keçdi.
Şoltsu prosesə qatmaqla Emmanuel Makron Fransa və Almaniya arasında geosiyasi "pay bölgüsü" aparmaq niyyətindədir. Yelisey Sarayının planlarına görə, postsovet məkanında Almaniyanın əlahiddə maraq dairəsi Mərkəzi Asiya, Fransanın "aksiomatik məkanı" isə Cənubi Qafqaz olmalıdır.
Ermənistanı silahlandıran, rəsmi İrəvanın ritorikasına süni əlavələr edərək aqressivləşdirən Fransa faktiki olaraq bölgədə yeni müharibənin arzusundadır.
Ukraynadakı hərbi əməliyyatları, Fələstin-İsrail qarşıdurmasını nəzərə alsaq, Cənubi Qafqazda vəziyyətin Paris tərəfdən süni eskalasiyası Qərbin maraqlarına nə qədər uyğundur - sual artır ritorik deyil.
ABŞ və Avropa İttifaqı bölgəmizdə sülhlə stabilliyin bərqərar olmasını istəyirlər - təbii ki, Vaşinqtonla Brüsselin regionla bağlı öz maraqları, fərqli mənafeləri var.
Amma bütün müxtəlifliyə və fərqlərə rəğmən, Birləşmiş Ştatlarla Aİ bölgədə gərginliyin qarşısını almaq üçün bütün vasitələrə əl atmağa hazır olduqlarını dəfələrlə bəyan ediblər.
Parisin Ermənistanı və erməniləri dəstəkləməsi Qərb anlayışla qarşılayır, ancaq yeni hərbi əməliyyatların triggeri rolunu oynayan Emmanuel Makron hətta Azərbaycana kəskin, subyektivizm və qərəzə əsaslanan ritorikalı mövqe tutan Qərb ölkələrinin siyasi kuluarlarında belə, təəccüb və qıcıq yaradır.
E.Makron Cənubi Qafqazı Fransanın əlahiddə və rəqibsiz geosiyasi fəaliyyət məkanı, hətta plasdarmı hesab edə bilər.
Belə deyil və Fransanın dövlət başçısı indiyədək dünyanın bir sıra bölgələri ilə bağlı absurd, hətta idiotik strateji layihələrində olduğu kimi, yanılır.
Fransanın destruktiv, Emmanuel Makronun isə marginal siyasətinin yaratdığı təhdidlərin qarşısının almağın yollarını Bakı bilir.
Makron da bunu anlayacaq.