...

Beynəlxalq ictimaiyyət qaçqınlar və məcburi köçkünlərin müdafiəsini təmin etməkdə aciz qalıb – Bolqar professor

Siyasət Materials 5 Dekabr 2024 19:20 (UTC +04:00)
Beynəlxalq ictimaiyyət qaçqınlar və məcburi köçkünlərin müdafiəsini təmin etməkdə aciz qalıb – Bolqar professor
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq ictimaiyyət qaçqınlar və məcburi köçkünlərin müdafiəsini təmin etməkdə aciz qalıb.

Trend xəbər verir ki, bunu Bolqarıstan Elmlər Akademiyasının Balkan Araşdırmaları İnstitutunun hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə professoru, hüquq üzrə elmlər doktoru xanım Nadia Boyacıyeva “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransda deyib.

"Qaçqınlar digər insanlar kimi insan hüquqlarına malikdirlər, lakin onların vəziyyətini əks etdirən xüsusi hüquqlar da mövcuddur. Bunlar arasında işgəncələrdən, amansız, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzadan müdafiə, dövlət daxilində hərəkət azadlığı və yaşayış yerini seçmək hüququ, düşüncə, vicdan və din azadlığı, fikri ifadə etmək azadlığı və sağlamlıq və rifahı təmin edən layiqli həyat səviyyəsi hüququ xüsusilə önəmlidir", – deyə o vurğulayıb.

Onun sözlərinə görə, ümumi qəbul edilmiş yanaşmaya görə qaçqınlar təqib qorxusu, zorakılıq, münaqişələr və ya ictimai qaydanı ciddi şəkildə pozan digər amillər səbəbindən öz ölkəsini tərk edən və beynəlxalq müdafiəyə ehtiyac duyan insanlardır.

"Bu gün mövcud beynəlxalq və humanitar hüquq normalarına, diplomatik mexanizmlərə və çoxtərəfli yanaşmalara baxmayaraq, dünya ictimaiyyəti çox hallarda qaçqınlar və məcburi köçkünlərin müdafiəsini təmin edə bilmir", – deyə N.Boyacıyeva qeyd edib.

Qeyd edək ki, Bakıda "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda Qərbi Azərbaycan İcmasının II beynəlxalq konfransı keçirilib.

Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edib.

Tədbirdə aşağıdakı mövzular müzakirə olunub: Qərbi azərbaycanlıların Ermənistandan çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsin bərpası və bu sahədə diplomatik səylər.

Xatırladaq ki, hər il 5 dekabr tarixi 1987–1991-ci illərdə Qərbi azərbaycanlıların deportasiyasının ildönümü kimi qeyd olunur. Ötən il də bu mövzuda analoji beynəlxalq konfrans keçirilmişdi. "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll" mövzusuna həsr olunmuş beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.

Xəbər lenti

Xəbər lenti