Trend in regiona səfər öncəsi Aİ-nin xarici münasibətlər və Avropa təhlükəsizliyi üzrə komissarı Benita Ferrero-Valdner ilə eksklüziv müsahibəsi
- Oktyabrda Cənubi Qafqaz regionuna gələcək Avropa İttifaqı "Üçlüyü" missiyasının marşrutu və proqramı dəqiqləşdirilibmi?
- Bəli, marşrut artıq məlumdur. Oktyabrın 2-3-də "Üçlük" Yerevanda, sonra Tbilisidə və ən nəhayət, Bakıda olacaq. Biz hər bir ölkə ilə inkişaf etdirdiyimiz Avropanın Qonşuluq Siyasəti üzrə Fəaliiyət Planında əldə olunan irəliləyişi müzakirə etmək üçün siyasi liderlərlə yüksək səviyyədə görüşlər keçirəcəyik. Biz həmçinin dondurulmuş münaqişələr də daxil olmaqla, regiondakı mövcud siyasi vəziyyəti də müzakirə edəcəyik.
- Azərbaycan tərəfi iddia edir ki, Avropanın Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının Azərbaycana aid bəzi bəndlərində ölkənin maraqları nəzərə alınmayıb. Fəaliyyət Planının konkret olaraq hansı bəndləri Azərbaycanla razılaşdırılmayıb?
- Aİ Azərbaycan hökuməti ilə Tərəfdaşlıq və əməkdaşlıq haqqında mövcud saziş əsasında qurulacaq Fəaliyyət Planı ilə bağlı məsləhətləşmələr aparıb. Hər iki tərəfdaş üçün nəzərəçarpacaq dərəcədə səmərəli olan bu plan sizə Aİ ilə sıx əməkdaşlıq təklif edərək, enerji bazarları da daxil olmaqla nəhəng Avropa bazarında yeni imkanlar açaraq Azərbaycanın Aİ proqramlarında iştirak etməsi, ümumi maraq doğuran bir çox məsələlərdə daha yaxın tərəfdaş olması üçün bir şansdır.
Planda hər şey qarşılıqlı olaraq razılaşdırılıb və mən Azərbaycanın diqqətdən kənarda qala biləcək hansısa bir marağı barədə heç nə bilmirəm. Tam əksinə. Mən noyabrda Azərbaycan və Aİ arasında əməkdaşlıq şurasında təsdiq olunması üçün fəaliyyət planının vaxtında başa çatdırılacağına ümid edirəm.
- "Xəzər 2008" ("Caspian Outlook 2008") forumunda çıxışınız zamanı Siz qeyd etmisiniz ki, "İqtisadiyyatın bərpa olunması və vətəndaş cəmiyyətinin qurulması üçün Aİ regiona - Cənubi Osetiya, Abxaziya, Dağlıq Qarabağa donor yardımını davam etdirmək niyyətindədir". Bu, Aİ-nin Cənubi Qafqazdakı separatçı rejimləri dəstəkləməsi demək deyilmi? Və bu, Aİ-nin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü tanımaması demək deyilmi?
- Qətiyyən yox. Biz hər iki ölkənin ərazi bütövlüyünü dəstəkləyirik.
Biz çox istərdik ki, regiondakı münaqişələr diplomatik yolla həll olunsun. Bu o deməkdir ki, məhz indi soyuq başlar üstünlük təşkil etməlidir. Gərginliyin artması isə yeni münaqişələrin yaranmasına, bütün region üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər.
Aİ sülhün əldə edilməsi işində özünəməxsus iştirak edəcək. Qonşuluq siyasəti preventiv mexanizm və ya münaqişənin həlli mexanizmi deyil. Lakin demokratiyanı və regional əməkdaşlığı dəstəkləyərək, milli islahatlar proqramlarına yardım etməklə və sosial-iqtisadi perspektivləri yaxşılaşdırmaq üçün kömək göstərməklə, inanıram ki, biz münaqişənin həlli üçün sağlam mühitin yaradılmasına öz töhfəmizi verə bilərik.
Məhz bu baxımdan biz münaqişə zonalarının maliyyə cəhətdən dəstəklənməsi üçün gücümüzü əsirgəmədiymizi bildiririk.