...

MTRŞ rəhbəri ekstremal vəziyyətlərdə yerli KİV-in işindən narazıdır

Cəmiyyət Materials 22 May 2009 17:35 (UTC +04:00)
MTRŞ rəhbəri ekstremal vəziyyətlərdə yerli KİV-in işindən narazıdır

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir C.Babayeva /

Azərbaycan Milli Televiziya və Radio Şurası qeyd edir ki, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı hadisə zamanı televiziya və radio kanalları operativ hərəkət edə bilmədilər. "Azərbaycanda teleradioyayımın inkişafı dövründə mediada operativliyin olmaması nöqsandır. Bakının ali təhsil müəssisəsində qanlı faciənin baş verdiyi gün ictimaiyyət bu barədə informasiyanı əsasən İnternet saytlarından əldə edib", - deyə cümə günü MTRŞ sədri Nuşirəvan Məhərrəmli "Ekstremal vəziyyətlərdə televiziya kanallarının rolu" mövzusunda keçirilən dəyirmi masa zamanı bildirib.

Aprelin 30-u səhər Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusunda silahlı şəxs atəş açmağa başlayıb. Hadisə zamanı "Makarov" tipli tapançadan istifadə olunub. Dövlət Neft Akademiyasına silahlı hücum nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

"Kütləvi informasiya vasitələrindən yüksək peşəkarlıq tələb olunur, xüsusilə də ekstremal vəziyyətlərdə. Şayiələrin əmələ gəlməsinə səbəb olmamaq üçün informasiya dəqiq olmalıdır", - deyə MTRŞ sədri qeyd edib.

O bildirib ki, televiziya kanalları da ali təhsil müəssisəsində faciə günü qanlı səhnələr nümayiş etdiriblər və kifayət qədər informasiya verməyiblər. "Telekanallar hadisə barədə dəqiq məlumatı yalnız axşam saatlarında verməyə başladılar. Həmin gün qanlı səhnələrin göstərilməsi yolverilməzdir. Kütləvi informasiya vasitələrinin rəhbərləri bu səhnələrin ali təhsil müəssisəsində ölən və yaralananların yaxınlarına pisixi təsir göstərə biləcəyi barədə əvvəlcədən düşünməli idilər", - deyə o vurğulayıb.

Azərbaycan Mətbuat Şurası Bakının ali təhsil müəssisəsində baş verən faciənin KİV-də işıqlandırılması barədə hesabat hazırlayıb. Hesabatda qeyd olunur ki, təhsil müəsisəsində baş verən hadisə barədə qəzet materiallarında yer alan məlumatların əksəriyyəti qeyri-dəqiq idi.
"Aprelin 30-dan mayın 15-dək Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciə ilə bağlı 859 məlumat açıqlanıb. Onlardan 725-i xəbər, 219-u isə rəsmi bəyanatlardır", - deyə öncə jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdi.

Onun sözlərinə görə, faciə ilə bağlı qəzetlərdə əsasən "qanlı" şəkillərə üstünlük verilib. "904 şəkildən 641-i məhz bu kimi mahiyyət daşıyırdı", - deyə o bildirib.

Hesabatda bildirilir ki, hadisə mətbuat tərəfindən qeyri-peşəkar işıqlandırılıb. "Ekstremal vəziyyətlərdə ölkənin kütləvi informasiya vasitələrinin təcrübəsizliyi yenidən təsdiq olundu", - deyə sənəddə qeyd olunur.

Amaşovun sözlərinə görə, ekstremal vəziyyətlərdə jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması üçün xüsusi tədbirlər həyata keçirmək lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti