...

Azərbaycanın dövlət qurumları Bakıda taksi və avtobus sürücülərinə qarşı xüsusi tədbirlər həyata keçirəcək

Cəmiyyət Materials 2 Fevral 2010 14:03 (UTC +04:00)
BakıSərnişinnəqliyyatı MMC-nin mətbuat katibi Samir Həsənov çərşənbə axşamı Trend News-a bildirib ki, gələcəkdə paytaxtda avtobus və taksilərdə sürücülük etmək istəyənlər kurslara cəlb olunacaq və kursu başa vurandan sonra xüsusi imtahan verəcəklər.
Azərbaycanın dövlət qurumları Bakıda taksi və avtobus sürücülərinə qarşı xüsusi tədbirlər həyata keçirəcək

Azərbaycan, Bakı, 2 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın dövlət qurumları Bakıda taksi və avtobus sürücülərinə qarşı tədbirlər həyata keçirəcək.

BakıSərnişinnəqliyyatı MMC-nin mətbuat katibi Samir Həsənov çərşənbə axşamı Trend -a bildirib ki, gələcəkdə paytaxtda avtobus və taksilərdə sürücülük etmək istəyənlər kurslara cəlb olunacaq və kursu başa vurandan sonra xüsusi imtahan verəcəklər.

Bakının Binəqədi yolunda "Emil Petrol" yanacaqdoldurma məntəqəsinin qarşısında dünən iki sərnişin avtobusunun toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

106 və 165 saylı avtobusların toqquşmasına avtomobillərin yüksək sürətlə idarə olunması səbəb olub.

Həsənovun sözlərinə görə, qeyd olunan nəqliyyat vasitələrində sürücü işləmək istəyənlərin sürücülük təcrübəsi olmalı, paytaxtın küçələrini və ərazilərini tanımalı, sərnişinlərlə etik qaydalar çərçivəsində davranmağı bacarmalıdırlar.

Qeyd olunan tələblərə cavab verənlərə sürücü kimi işləməyə icazə veriləcək.

Bakı Sərnişinnəqliyyatı MMC-nin rəsmisi avtobus sürücülərinin kobud pozuntulara yol verdiyini bildirib və qeyd edib ki, ötən il kobud qayda pozuntularına yol vermiş 300-dən artıq avtobus sürücüsü inzibati qaydada cəzalandırılıb. Onlar arasında "D" kateqoriyası olmadan sərnişin daşıyanlar da olub.

Pozuntulara yol vermiş sürücülər arasında xəbərdarlıq alanlar, cərimələnənlər, xətdən kənarlaşdırılanlar da olub.

Paytaxtda sərnişin daşıyan 1000-dən artıq avtobusun olduğunu deyən Həsənov bildirib ki, təmsil etdiyi qurum bu sahədə pozuntuların qarşısını almaq üçün imkanları daxilində fəaliyyət göstərir. O, bu işdə sərnişinlərin onlara yardımçı olmalarını xahiş edir.

"Bizim hər bir sürücüyə ayrı-ayrılıqda nəzarət etmək imkanımız yoxdur. Sərnişinlər bu işdə bizə kömək göstərməlidirlər. Kobud pozuntulara yol verən, sərnişinlərlə kobud rəftar edən sürücülər barədə fəaliyyət göstərən 562-77-02 nömrəli qaynar xəttə zəng edib məlumat verə bilərlər. Hər bir şikayət ciddi araşdırılacaq və müvafiq tədbirlər görüləcək",- deyə Həsənov vurğulayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Cəmşid Hənifəyev Trend -a bildirib ki, dünən Binəqədi rayon ərazisində iki avtobusun toqquşması nəticəsində baş vermiş qəzadan sonra yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə xüsusi tapşırıqlar verilib.

Məlum hadisədən sonra İdarənin rəisi Həsən Şirinov Bakının rayon yol polisi şöbələrinin rəislərinin iştirakı ilə iclas keçirib və bu sahəyə nəzarətin gücləndirilməsi məqsədilə tapşırıqlar verib.

Hənifəyev deyib ki, yol-hərəkət pozuntularına yol verən avtobus sürücülərinə qarşı çox ciddi tədbirlər görüləcək. Bu sahədə pozuntuların aradan qaldırılması üçün şəhərdə reydlər keçiriləcək.

Şöbə rəisinin sözlərinə görə, ötən il paytaxtda avtobus sürücüləri tərəfindən 91 yol qəzası qeydə alınıb və nəticədə 27 nəfər həlak olub, 107 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Hənifəyev deyib ki, 2008-ci illə müqayisədə avtobuslar tərəfindən törədilən qəzaların sayı 47 hadisə, ölümlər 2 nəfər azalıb. Xəsarət alanların sayı isə 36 nəfər artıb.

BDYPİ rəsmisi deyir ki, avtobus sürücülərinin daha çox yol verdiyi pozuntular avtomobili müvafiq kateqoriya, sürücülük vəsiqəsi olmadan idarə etmə, ötmə qaydalarının pozulması, avtomobilin yüksək sürətlə idarə olunması, dayanacaqdan kənarda sərnişin götürməsidir.

Ekspert, sabiq polis rəisi Mahmud Hacıyev Trend -a bildirib ki, Azərbaycanda yol qəzaları, xüsusən də ölümlə nəticələnən yol qəzalarının sayı artır.

Hacıyev Bakıda yol hərəkət qaydalarının daha çox avtobus sürücüləri tərəfindən pozulduğu qənaətindədir.

"Marşrut sürücüləri heç bir qayda-qanuna riayət etmir, avtomobili istədikləri yerdə saxlayıb sərnişin götürür. Nəzərə alsaq ki, piyadalar da qaydalara riayət etmir, onda bu sahədə hansı xaosun yarandığını təsəvvür etmək çətin deyil",- Hacıyev bildirib.

O hesab edir ki, problemin həlli üçün yeni qanunun qəbuluna, qanuna dəyişikliklər edilməsinə, cəzaların sərtləşdirlilməsinə ehtiyac yoxdur.

"Əlaqədar qurumların iştirakı ilə kompleks tədbirlər görülməlidir",-Hacıyev deyib.

Xəbər lenti

Xəbər lenti