Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri hesab edir ki, son illər həyata keçirilən dövlət tədbirləri jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaradacaq.
"Mətbuat Şurası jurnalistlərin peşəkarlıqlarının artırılmasına, ixtisasları üzrə biliklərinin dərinləşdirilməsinə həmişə böyük önəm verib. Mövcud istiqamətdə müxtəlif qurumlarla birgə layihələr reallaşdırılıb və belə layihələr indi də davam etdirilir. Əlbəttə, Azərbaycan mediasında qeyri-peşəkarlıq meyilləri özünü daha çox göstərir. Vaxtilə daha çox nəzərə çarpan cəhət sırf qərəzli münasibət səbəbilə müşahidə edilən qeyri-peşəkarlıq olub. Hazırda isə jurnalistlər əksər hallarda bilməyərəkdən buna yol verirlər. Mövcud amil maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsini zəruriləşdirir", - Milli Mətbuat günü ərəfəsində Trend-ə müsahibəsində MŞ sədri Əflatun Amaşov bildirib.
Amaşov məsələ ilə əlaqədar növbəti məqam kimi yenə də iqtisadi çətinliyin üzərində dayanıb.
"Jurnalist də bir fərddir. Prinsip etibarilə o, cəmiyyəti düşünür. Amma tale elə gətirib ki, onun özünü düşünən olmayıb. Nəticədə tezbazar material hazırlayıb qonararını artırmaq istəyilə peşəkarlıqla bağlı cəhətləri özü də fərqinə varmadan ikinci plana atıb. Əslində bu cəhdlər də həyat şəraitinin normallığı üçün yetərli olmayıb. Bu mənada son illər həyata keçirilən dövlət tədbirlərinin əhəmiyyəti böyükdür. Düşünürəm ki, bütün bunlar tezliklə jurnalistlərimizin peşəkarlıqlarının qənaətbəxş səviyyəyə çatmasına şərait yaradacaq", - MŞ sədri əlavə edib.
"22 iyul tarixinin qeyd edilməsi xalqımıza bəxş edilən misilsiz nemətdir"
Amaşov hesab edir ki, 22 iyul tarixinin qeyd edilməsi xalqımıza bəxş edilən misilsiz nemətdir.
"Bu, yalnız "Əkinçi"yə, onun yaranmasında müstəsna xidmətləri olan Həsən bəy Zərdabiyə verilən yüksək qiymət deyil, eyni zamanda 136 ildə keçilən çətin, məşəqqətli, ancaq çox şərəfli yola, media təmsilçilərimizə istiqamətlənən dəyərdir. Biz özümüzü elə ona görə xoşbəxt saya bilərik ki, milli mətbuatımızın tarixi "Əkinçi" kimi məramı aydın, dili rəvan, peşəkarlığı nümunə olan bir nəşrlə başlayıb. 136 ildə keçilən yol bu ənənənin davamını göstərir, müasir dövrdə isə bu, yeni çalarlarla zənginləşir, inkişaf edir", - Amaşov bildirib.
"Jurnalistlər Mətbuat Şurasının timsalında öz çətinliklərini, hətta şəxsi problemlərini belə söyləyə biləcək tribuna qazanmağa müvəffəq olublar"
Amaşovun sözlərinə görə, Mətbuat Şurası bir ictimai institut olaraq Azərbaycanda medianın təmiz adını özünə qaytarması, "Əkinçi" ənənələrinin bərpası üçün üzərinə düşən bütün işləri həyata keçirib və keçirir.
"Uğurlarımız da olub, problemlərimiz də. Düşünürəm ki, Şuranın "reket jurnalistika"ya qarşı mübarizə tədbirlərini izləmək bu mənada canlı təsəvvür yaratmağa kifayət qədər yardımçı ola bilər.
Digər tərəfdən, bu illər ərzində jurnalistlər Mətbuat Şurasının timsalında öz çətinliklərini, hətta şəxsi problemlərini belə söyləyə biləcək tribuna qazanmağa müvəffəq olublar. Əlbəttə, bizdən narazılar da yox deyil. Nə də bütün problemlərin həlli bizdən asılıdır. Mətbuat Şurası ictimai qurumdur. Bəlkə də bu format bizə daha çox sərbəstlik verir. Sözsüz ki, işimizdə, elə "reket jurnalistika" kimi bir bəla ilə mübarizədə kifayət qədər çətinliklər yaranır. Bəzən mətbuatın adına ləkə gətirən elələrini görürsən ki, nəyi necə etməli olduğunu yaddan çıxarırsan. Lakin mediamızın hazırkı problemlərinin ictimai müzakirəsini təşkil etmək, həmin diskussiyalar barədə ictimaiyyəti məlumatlandırmaq kimi missiyamız var. Zənnimcə, bu fəaliyyət cəmiyyətə Azərbaycan mətbuatını daha yaxından tanıtdırmaq, jurnalistikanın haradasa itmiş nüfuzunun bərpası baxımından əhəmiyyətli sayılmalıdır", - MŞ sədri əlavə edib.
Onun fikrincə, Mətbuat Şurası yarananadək media ilə bağlı narazılıqlar məhkəmə müstəvisinə çıxarılırdı.
"Bu isə kütləvi informasiya vasitələrinin təmsilçilərinin uzun-uzadı məhkəmə prosesləri ilə üzləşmələrinə gətirirdi ki, nəticə etibarilə jurnalist yaradıcılığı üçün vaxt məhdudiyyəti yaranırdı. MŞ-də isə şikayətlərin araşdırılmasında sadə prosedur tətbiq olunur. Yəni jurnalistlər vaxt itkisi ilə üzləşmirlər. Böyük anlamda isə Şura fəaliyyətə başlayandan medianın məhkəmələrlə üzləşməsi faizində nəzərəçarpacaq azalmalar baş verib. Fikrimcə, bunu da müsbət məqam kimi vurğulamaq mümkündür", - Amaşov müsahibəsində deyib.
Mətbuat Şurasının indiyədək müxtəlif qanunvericilik təşəbbüsləri ilə çıxış etdiyini vurğulayan sədr bu mənada "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" kimi aktual səciyyə daşıyan sənədin hazırlandığını qeyd edib.
Şura diffamasiya ilə bağlı qanun layihəsini də ortaya qoyub. Sənəd ölkə parlamentinə təqdim edilib.
"İqtisadi problemlər həll olunduqca həm jurnalistlərin peşəkarlığı artacaq, həm də hadisə və proseslərə qərəzsiz yanaşma tərzi formalaşacaq"
"Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətini qənaətbəxş hesab etmək olarmı?" sualını cavablandırarkən Amaşov qeyd edib ki, vəziyyətin qənaətbəxş olduğunu deyən və fikrini müəyyən faktlarla əsaslandıranlar da, vəziyyətin yaxşılığını iddia edib arqumentlər gətirənlər də var.
"Hər birinin düşüncəsinə hörmətlə yanaşsam da, bu baxışların heç birini tam mənada bölüşə bilmərəm. Çünki hər şeyin qaydasında olduğunu iddia etməyi doğru saymıram. Digər tərəfdən, narazıların böyük qisminin siyasi məqsədlər güdmədiklərinə şübhəylə yanaşıram", - Amaşov vurğulayıb.
O real vəziyyəti də qiymətləndirib və qeyd edib ki, vaxtilə KİV-in dövlət qeydiyyatını asanlaşdırmaq üçün mübarizə aparanlar və bunun qanuniləşməsinə çalışanlar indi peşmançılıq duyurlar.
"Bunun üçün əsasları var - ölkədə 4500-ə yaxın KİV dövlət qeydiyyatından keçib. Onların böyük əksəriyyətinin fəaliyyəti sivil media prinsiplərinə, demokratik dəyərlərə zidd olacaq qədər "azaddır". Ölkədə söz və mətbuat azadlığı sahəsindəki vəziyyəti xarakterizə edərkən bu məqama mütləq diqqət yetirmək lazımdır.
Etiraf etməliyik ki, jurnalistlərin ilk mənbədən informasiya almaq problemi hələ də aktual səciyyə daşıyır. KİV-ə məlumat verməkdən boyun qaçıran məmurlar var. Diffamasiya haqqında qanunun qəbulu ərəfəsindəyik. Amma ölkədə diffamasiya mühitinin tam formalaşdığını söyləmək olmur. Qeydiyyatdan keçən KİV-lərin böyük əksəriyyətinin fəaliyyəti bu vacib sənədin qəbulundan sonrakı mərhələnin demokratik dəyərlərə, söz və mətbuat azadlığı prinsiplərinə kölgə salmayacağına təminat vermir", - o vurğulayıb.
Amaşov xatırladıb ki, Azərbaycanda "Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" qəbul edilib və sənədə uyğun olaraq Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. O əlavə edib ki, fondun jurnalist təşkilatları və KİV redaksiyaları arasında keçirdiyi layihə müsabiqələrinin, həmçinin fərdi jurnalist yazıları müsabiqələrinin mövzularında söz və mətbuat azadlığı prinsiplərinə xüsusi önəm verilir.
"Jurnalistlərə mənzil tikintisi üçün dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb. Təbii ki, bunlar mövcud sahədə əsaslı irəliləyişlərə nail olmaq üçün mühüm vasitələrdir. Çünki bütün problemlər kimi söz və mətbuat azadlığı ilə bağlı çətinliklərin də kökündə iqtisadi amillər dayanır. Elə şərait yaradılmalıdır ki, həqiqi jurnalistlər birbaşa öz işləri ilə məşğul olsunlar. Bu, onların həm peşəkarlığını artıracaq, həm də hadisə və proseslərə qərəzsiz yanaşma tərzini formalaşdıracaq", - Mətbuat Şurasının sədri qeyd edib.
Əflatun Amaşov: Dövlət tədbirləri jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaradacaq
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri hesab edir ki, son illər həyata keçirilən dövlət tədbirləri jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaradacaq.
