...

Serbiyada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2011 17:16 (UTC +04:00)
Serbiyada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd edilib. Bu barədə Trend-ə çərşənbə Azərbaycanın Serbiyadakı səfirliyindən bildiriblər.
Serbiyada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd edilib (FOTO)

Azərbaycan, Baki, 19 oktyabr /Trend/

Serbiyada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd edilib. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycanın Serbiyadakı səfirliyindən bildiriblər.

Tədbirdə Serbiya Prezidenti Boris Tadiç, xarici işlər naziri Vuk Yeremiç, əmək və sosial siyasət naziri Rasim Lyayiç, portfelsiz nazir Süleyman Uqlyanin və digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, millət vəkilləri, siyasi partiyaların rəhbərləri, xristian və müsəlman din xadimləri, ictimai və qeyri-hökumət təşkilatlarının, Belqrad şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının və Balkan ölkələri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Təntənəli tədbirdə Serbiya və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov tədbir iştirakçılarına Dövlət Müstəqilliyi Gününün tarixindən bəhs edərək, Azərbaycan xalqının uzun illər apardığı milli azadlıq mübarizəsi və SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan Respublikasının keçmiş Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş növbədənkənar sessiyasında "Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsi ilə Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edildiyi barədə məlumat verib, bu günün Azərbaycanın dövlətçilik tarixində ən parlaq və unudulmaz tarixi günlərindən biri olduğunu və müstəqil Azərbaycanın 1918-1920-ci illərdə müsəlman Şərqində ilk dünyəvi, hüquqi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu vurğulayıb. O, dövlət müstəqilliyinin yenidən bərpasından sonra Azərbaycan Respublikasının əldə etdiyi uğurlardan danışaraq, bu dövr ərzində Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycanın müasir tarixində müstəqil dövlətçiliyimizin möhkəmlənməsində əvəzsiz rolundan, onun milli mənafeyə söykənən siyasi kursu və dövlət strategiyasının bugünkü bəhrələrindən bəhs edib, bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən bu kursun uğurla davam etdirildiyini vurğulayıb.

Səfir son 20 il ərzində ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlara toxunaraq, Azərbaycanda irimiqyaslı enerji və nəqliyyat layihələrin reallaşdırılması barədə məlumat verib, hazırda Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 2/3 hissəsini təşkil etdiyini, ölkəmizin regionda lider dövlətə çevrildiyini, xalqımızın maddi rifahının günbəgün yaxşılaşdığını qeyd edib.

Həsənov diqqəti ölkəmizin əldə etdiyi uğurlarla yanaşı, tarixi Azərbaycan torpaqları olan ərazilərimizin - Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğalı kimi ağrılı probleminə cəlb edərək, münaqişə ilə bağlı BMT TŞ-nin qəbul etdiyi dörd qətnaməyə hələ də məhəl qoyulmadığını xüsusi vurğulayıb, Azərbaycan dövlətinin münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirdiyini bildirib, BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyinin təcavüzkarın öz əməllərindən geri çəkilməsi üçün fəaliyyətini intensivləşdirəcəyinə və təsirli tədbirlər görəcəyinə ümidini ifadə edib.

Daha sonra Azərbaycan və Serbiya arasında təşəkkül tapmış hərtərəfli əlaqələrə toxunan səfir Azərbaycan-Serbiya münasibətlərinin dinamik şəkildə, yüksələn xətlə inkişaf edərək, qısa müddət ərzində, xüsusilə Serbiya Prezidenti Boris Tadiçin 2010-cu ilin 12-13 may tarixlərində Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 8-9 iyun tarixlərində Serbiyaya rəsmi səfərlərindən sonra yeni müstəviyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb, ölkələrimiz arasında əlaqələrin bu səviyyəyə yüksəlməsində iki ölkə başçıları arasında mövcud olan səmimi, dost və mehriban şəxsi münasibətlərin müstəsna rolunu qeyd edib, ölkələrimizin beynəlxalq miqyasda bir-birilərinin ərazi bütövlüklərini tanıdıqlarını, sərhədlərinin toxunulmazlığını və suveren hüquqlarını qarşılıqlı olaraq tam dəstəklədiklərini bildirib, Azərbaycanın Serbiyadakı səfirliyinin hərtərəfli fəaliyyətinə göstərdiyi qayğı və hər cür dəstəyə görə Serbiya dövlətinə, hökumətinə, onun qurumlarına və nümayəndələrinə minnətdarlığını bildirib.

Tədbirdə Serbiya dövləti və hökuməti adından çıxış edən xarici işlər naziri Vuk Yeremiç Azərbaycan xalqını və dövlətini 18 oktyabr - dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə təbrik edərək, Serbiya dövləti və rəhbərliyinin Azərbaycanla münasibətlərə müstəsna önəm verdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaratdığını, Azərbaycanla Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və mümkün olduqca daha geniş sahələri əhatə etmək üçün qarşılıqlı istəyin mövcudluğunu vurğulayıb və ölkələrimiz arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildiribdir.

Tədbir Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin gündəlik həyatını, müstəqilliyin bərpasından sonra əldə edilmiş uğurları əks etdirən film və serb musiqiçilər və müğənnilərin ifasında milli musiqimizin müşayiəti ilə davam edib.

Xəbər lenti

Xəbər lenti