Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İsbalayeva/
2011-ci ilin yanvar-oktyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1716,6 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 268,2 mln. manat və ya 18,5 faiz çoxdur. Bu barədə çərşənbə axşamı Trend-ə Fondun İctimaiyyətlə əlaqə sektorundan məlumat verilib.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilin müvafiq dövrünə nisbətən 11,2 faiz və ya 97 mln. manat artaraq 967,1 mln. manat təşkil edib.
Məlumata görə, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,6 faizi və ya 576,5 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12 faiz və ya 61,9 mln. manat artıb, proqnoz isə 101 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 14,1 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 14,8 faiz artıb.
2011-ci ilin yanvar-oktyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 390,6 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9 faiz və ya 35,2 mln. manat artıb. Sair gəlirlər üzrə daxilolmalar 5,4 mln. manat təşkil edib.
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.
2011-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1687,4 mln. manat olub.
Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1650,2 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 279,1 mln. manat və ya 20,4 faiz çoxdur. Pensiya xərcləri 2010-cu ilin müvafiq dövrünə nisbətən 20,6 faiz və ya 274,5 mln. manat artaraq 1606,9 mln. manat təşkil edib.
2011-ci ilin ilk 10 ayında əhaliyə 43,3 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 32 faizi hamiləliyə və doğuma görə, 27,4 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,9 faizi dəfn üçün, 22,7 faizi isə digər müavinətlərin payına düşür.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 37,2 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisindən 8,2 mln. manat və ya 18,1 faiz azdır.
DSMF bu ilin 10 ayında qeyri-büdcə sektoru üzrə proqnozu 101 faiz icra edib
2011-ci ilin yanvar-oktyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1716,6 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 268,2 mln. manat və ya 18,5 faiz çoxdur.