...

Azərbaycan səhiyyəsinin imicinə xələl gətirən yanlış statistika

Cəmiyyət Materials 18 Aprel 2012 17:57 (UTC +04:00)
BMT-nin Uşaq Fondu (UNİSEF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Həyat üçün faydalı faktlar” kitabının təqdimatında Azərbaycan səhiyyəsinin imicinə xələl gətirən, onun statistikasını təhrif edən, heç bir mənbəyə əsaslanmayan məlumatlar açıqlanıb
Azərbaycan səhiyyəsinin imicinə xələl gətirən yanlış statistika

Elçin Mehdiyev - Trend-in icmalçısı

BMT-nin Uşaq Fondu (UNİSEF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Həyat üçün faydalı faktlar" kitabının təqdimatında Azərbaycan səhiyyəsinin imicinə xələl gətirən, onun statistikasını təhrif edən, heç bir mənbəyə əsaslanmayan məlumatlar açıqlanıb. Həmin tədbirdə səslənmiş və böyük müzakirələrə səbəb olan fikir isə bu olub ki, Azərbaycanda hər 2 saatdan bir 1 körpənin dünyasını dəyişir.

Əgər doğrudan da Azərbaycanda tədbirdə səsləndiyi kimi, hər iki saatdan bir 1 körpə dünyasını dəyişsə idi, o halda ölkədə il ərzində 4320 körpə dünyasını dəyişmiş olardı. Bu halda əhalisi getdikcə artmaqda olan Azərbaycanda əhali artımından da söhbət gedə bilməzdi.

Reallıq isə budur ki, ötən il Azərbaycanda yalnız 1903 uşaq ölüb.

Yanlış fikir formalaşdıran və maraqlananların diqqətinə çatdıraq ki, respublikada həyata keçirilən çoxsaylı tədbirlərin nəticəsində səhiyyənin bir çox sahələrində olduğu kimi, ana və uşaqların sağlamlığının qorunması işində də böyük uğurlar əldə edilib. 2006-cı illə müqayisədə 2011-ci ildə ölkəmizdə uşaq ölümü göstəricisi 12,7-dən 10,8 promilliyə qədər azalıb. Azərbaycanın bu rəsmi statistik rəqəmləri ÜST-ın Avropa Bürosunun rəsmi rəqəmləri və Azərbaycanın rəsmi statistikası ilə üst-üstə düşür. Hesab etmək olar ki, bu göstəricilərin təhrifi yalnız məqsədyönlü şəkildə ölkənin səhiyyə sektorunda görülən işlərə, əldə olunmuş nailiyyətlərə kölgə salmaq məqsədi daşıyır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də Trend-ə müsahibəsində Azərbaycanda hər iki saatdan bir 1 körpənin dünyasını dəyişməsini reallığa heç yaxın olmayan və heç bir mənbəyə əsaslanmayan məlumat hesab edib.

Azərbaycanda doğulan və ölən körpələrin sayının gizlədilməsini mümkünsüz sayan Qədirli ölkədə il ərzində 4320 körpənin dünyasını dəyişməsini də çox absurd sayıb.

Qeyd edək ki, ana və uşaq sağlamlığının qorunması Azərbaycan səhiyyəsinin əsas prioritetlərindədir. ÜST nümayəndələri də ötən il Azərbaycan səhiyyəsi ilə tanışlıqdan sonra bu sahənin inkişafından çox razı qalıblar. Əsas isə odur ki, dünya səhiyyə sistemində əsas təşkilatlardan olan ÜST Azərbaycanda ana və uşaq ölümünün aşağı düşməsini təsdiqləyib və bu sahədə görülən işləri təqdirəlayiq sayıb.

Belə olduğu halda isə Azərbaycanda hər iki saatdan bir 1 körpənin dünyasının dəyişməsi barədə səslənən fikirlərin nəyə və hansı mənbəyə əsaslanması çox maraq doğurur. Uşaq ölümü ilə bağlı statistik rəqəmlərin iki dəfə şişirdilməklə Azərbaycanın səhiyyə sisteminin imicinə kölgə salmaq görəsən, kimlərə lazımmış?

Qeyd edək ki, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevord mətbuatda yaydığı məlumatda Azərbaycanın səhiyyə sisteminin inkişafında böyük irəliləyişlərə nail olması və son 20 ildə Azərbaycanda uşaq ölümünün 50 faiz azaldığını söyləyib.

Xəbər lenti

Xəbər lenti