Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın 32 ümumtəhsil məktəbində elektron jurnallardan istifadə edilir.
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, elektron jurnallardan istifadə edən məktəblər "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminın informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron məktəb" layihəsinın iştirakçılarıdır. Layihəyə daxil olan məktəblər Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, İsmayıllı, Quba və Agdaş şəhərlərində yerləşir. Ümumilikdə "Elektron məktəb" layihəsinə 39 təhsil müəssisəsi daxildir.
2012-2013-cü tədris ilində Bakı və Sumqayıt şəhərlərində yerləşən 20 məktəbdə kagız jurnallar tam olaraq istifadədən qaldırılıb və məktəblərdə yalnız elektron jurnallar tətbiq olunur. 12 məktəbdə isə müvəqqəti olaraq, elektron jurnallarla paralel, kagız jurnallardan istifadə olunur.
Azərbaycanda ilk dəfə tam olaraq elektron jurnallara keçid 2011-2012-ci tədris ilində Avropa liseyi və Akademik Zərifə Əliyeva adına məktəb - liseydə tətbiq edilib.
İdarədən verilən məlumata əsasən, elekton jurnallardan istifadə edən məktəblərin sırasına bu il əlavə olaraq daha 11 məktəb cəlb olunacaq. Yaxın illər ərzində isə əksər ümumtəhsil müəssisələrində elektron jurnal tətbiq ediləcək.