...

Mirşahin Ağayev: ANS ötən illər ərzində daha peşəkar olub

Cəmiyyət Materials 26 Noyabr 2012 11:47 (UTC +04:00)
ANS öz adi işini görür, Azərbaycana xidmət göstərir. ANS ötən illər ərzində daha peşəkar olub.
Mirşahin Ağayev: ANS ötən illər ərzində daha peşəkar olub

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir E.Mehdiyev/

ANS öz adi işini görür, Azərbaycana xidmət göstərir. ANS ötən illər ərzində daha peşəkar olub. Bunu Trend-ə 21 yaşını qeyd edən ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev deyib.

Onun sözlərinə görə, hər şey dəyişdiyi və inkişaf etdiyi kimi, ANS də inkişaf edir.

"ANS-i yaradan insanların 1991-ci ilin noyabr ayında 23 yaşı var idi, 28-29 yaşı var idi. Bu gün onlar artıq gənc deyillər. Elə yaşadığımız ölkə də dəyişib. Hər il bir inqilab yaşayan, həftə səkkiz mən doqquz hakimiyyəti dəyişdirilən ərazi və əhali toplusundan ibarət anlaşılmaz coğrafi bir fraqment deyil. Güclü dövlət və oturuşmuş xalqla işləyirik. ANS həmişəki işi ilə məşğuldur və xəbər verir", - vitse-prezident əlavə edib.

ANS-in baş verən hadisələri göstərdiyini deyən Ağayev bildirib ki, artıq təcrübəsiz vaxtlarda olduğu kimi hadisə yaratmırlar.

"Olanı, baş verəni göstəririk. ANS kiminsə istədiyini yox, baş verənləri göstərir. Təəssüf ki, baş verənlərin içində heç də həmişə hər şey hamının istədiyi kimi olmur. Qınamaq da lazım deyil. ANS-in milyonlarla tamaşaçısı var. Bu tamaşaçıların hər birinin öz dünyagörüşü, zövqü var və biz eyni zamanda milyonlarla fərdin hər birinin ayrı-ayrılıqda xoşuna gələ bilmərik. Sonda eybəcər bir şey alınar", - əməkdar jurnalist deyib.

Trend İnformasiya Agentliyinin kollektivi Azərbaycanda ilk özəl telekanal olan ANS-in kollektivini telekanalın yaranması günü münasibətilə təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti