...

Gənclər və idman naziri Mingəçevirdə vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 11 May 2013 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İzzət/

Gənclər və idman naziri Azad Rəhimov tərəfindən mayın 11-də Mingəçevir şəhərində vətəndaşların qəbulu keçirilib.

Gənclər və İdman Nazirlyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, qəbulda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Goyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayon sakinləri iştirak ediblər.

Ümumilikdə qəbulda yuxarıda qeyd edilən rayon və şəhərlərdən 50-dək vətəndaş iştirak edib.

Vətəndaşların müraciəti daha çox güzəştli ipoteka krediti almaq, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması, işlə təmin olunmaq, bəzi kəndlərdə futbol meydançasının inşası, gənclər təşkilatının yaradılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər mərkəzinin inşası və s. məsələlərlə bağlı olub.

Qəbula gələn vətəndaşlar arasında idman müəllimlərinin dərs saatlarının artırılması, eləcə də ailə üzvlərinin müalicəsi, evinin təmiri məqsədilə müraciət edənlər də olub.

Qəbula gələn yaşlı nəslin nümayəndələri arasında Mingəçevir şəhərində aparılan tikinti-abadlıq işlərinə görə öz minnətdarlıqlarını bildirənlər də var idi.

Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Qeyd edək ki, vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələrində elan olunmuş qayda üzrə, müvafiq rayonların yerli gənclər və idman idarələri ilə əlaqə saxlayaraq qəbula yazılmışdılar.

Qəbuldan sonra nazir Azad Rəhimov Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Goyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayonlarının gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti