Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İzzət/
"Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olan şəxslər ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə ala biləcəklər. Həmçinin, dövlətimizin inkişaf sürəti nəzərə alınaraq ölkə iqtisadiyyatına azı 500.000 manat investisiya qoyan şəxslərə 3 ilədək müddətə müvəqqəti yaşamaq üçün icazənin verilməsinə dair müddəa yeniliklərdən biridir. Bunlarla yanaşı, 1 il müddətinə verilən müvəqqəti yaşama icazələrinin növbəti dəfə 2 ilədək uzadılmasına dair müddəalar da məcəllədə öz əksini tapıb. Müstəsna hal kimi təhlükəli yoluxucu xəstəlik virusunun daşıyıcısı olan və Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşama icazələrinin verilməsi də məcəllədə öz əksini tapıb."
Trend xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri Firudin Nəbiyev "Respublika" qəzetinə verdiyi müsahibəsində bildirib.
Avqustun 1-dən etibarən qüvvəyə minən Miqrasiya Məcəlləsindəki yeniliklərlə bağlı məlumat verən MDX-nin rəisi qeyd edib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi sadələşdirilib. Məcəllə ilə tənzimlənən yeniliklərdən biri də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu ilə bağlıdır. Bura miqrasiya uçotunun məqsədləri, aparılma qaydası və əsasları aiddir.
Bundan əlavə, xidmət rəisinin sözlərinə görə, məcəllənin qəbulu ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisindən tranzit keçidi qaydalarında da dəyişikliklər edilib, onların vahid miqrasiya məlumat sistemi vasitəsi ilə olduğu yer üzrə qeydiyyata alınması qaydası müəyyənləşdirilib, ümumiyyətlə isə qeydiyyat proseduru sadələşdirilib:
"Sadələşmə yaşama və iş icazələrinin verilməsi sahəsində də nəzərdə tutulub. Qüvvədə olan qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazənin müddəti dörd dəfədən artıq uzadılamasına yol vermirdi, amma məcəllənin qəbulu ilə bu məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda, Azərbaycan Respubiikasının vətəndaşı ilə nikahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi alınması tələb olunmur."