...

Bakının yol polisi təhsil müəssisələri ətrafında qaydaları pozanlara qarşı tətbiq ediləcək cəzaları açıqladı

Cəmiyyət Materials 14 Sentyabr 2013 15:44 (UTC +04:00)
Sentyabrın 16-dan etibarən yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinə gedənlərin, şagirdlərin, tələbələrin və digərlərinin təhlükəsizliyinin təmin edilməsi, onların rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədilə şəxsi avtomobillərlə təhsil müəssisələri ətrafında park etməklə süni sıxlıq yaradan sürücülər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tədbirləri görüləcək.
Bakının yol polisi təhsil müəssisələri ətrafında qaydaları pozanlara qarşı tətbiq ediləcək cəzaları açıqladı

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İzzət/

Sentyabrın 16-dan etibarən yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinə gedənlərin, şagirdlərin, tələbələrin və digərlərinin təhlükəsizliyinin təmin edilməsi, onların rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədilə şəxsi avtomobillərlə təhsil müəssisələri ətrafında park etməklə süni sıxlıq yaradan sürücülər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tədbirləri görüləcək.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, yeni dərs ilinin başlanması ilə əlaqədar yol polisi gücləndirilmiş iş rejimində işləyir. Bakı şəhəri ərazisindəki təhsil müəssisələri tam nəzarətə götürülüb və təhlükəsizliyin təmin edilməsi, asayişin qorunması məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub. Bununla əlaqədar, daxili işlər naziri general-polkovnik Ramil Usubovun xüsusi əmrinə əsasən, sentyabrın 10-dan etibarən "Diqqət, uşaqlar!" adı altında təhlükəsizlik aylığı keçirilir, yol polisi 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzi ilə birgə maarifləndirmə işlərini davam etdirir:

"Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçələrində yerləşən təhsil müəssisələri və onlara bitişik küçə və yollar üzrə avtomobillərin hərəkət intensivliyinin artması ehtimalı yarandığından Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə müraciət edir ki, məktəblərin yerləşdiyi əraziyə bitişik küçə və yollarda dayanmanı, durmanı, parklanmanı qadağan edən nişanların təsir zonasında dayanmaq və yaxud piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə, yolların kəsişdiyi nöqtəyə yaxın məsafələrdə, zolaqlı xətlərin üzərində avtomobillərin park edilməsi digər hərəkət iştirakçılarına maneə yaradır. Bu da yollarda süni sıxlığın və tıxacların yaranmasına gətirib çıxarmasına səbəb olan hallardandır. Ona görə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əhaliyə və avtomobil sahiblərinə bildirir ki, təhsil müəssisələri istiqamətində şəxsi avtomobillərlə hərəkət edərkən qeyd edilən göstəricilərə riayət edilsin. Əks halda, onların avtomobilləri müvəqqəti mühafizə olunan dayanacaqlara evakuasiya olunacaq, yaxud onların yerindəcə fotomaterialı hazırlanacaq, sürücü yanında olarsa, cərimə yazılacaq."

Əsədov qeyd edib ki, bu halların baş verməməsi üçün əhalinin daha çox ictimai nəqliyyat vasitələrindən istifadə etməsi tövsiyə olunur.

"Bakı şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlardan xahiş edir ki, onlar yol hərəkətində təkcə özlərini deyil, digərlərini də düşünsünlər. Məktəbin düz qapısının ağzında avtomobili saxlayıb şagirdi gözləmək digərlərinin hərəkətinə maneələrə, yol polisinin sizin haqqınızda məcburi cəza tədbiri görməsinə şərait yaradır," - deyə bölmə rəisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti