Rusiya, Moskva, 26 oktyabr /Trend, xüsusi müxbir E.Hüseynov/
Rusiya bundan sonra da beynəlxalq tərəfdaşları ilə informasiya sahəsində yaxınlaşmağa istiqamətlənmiş layihələri hazırlayacaq və dəstəkləyəcək. Trend-in məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin şənbə günü Moskvada öz işinə başlamış III Beynəlxalq Rusdilli Yayımçılar Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
Müraciətdə bildirilir: "Ənənə halını almış forumunuz rusdilli informasiya məkanının genişlənməsinə xeyli töhfə verməklə ildən-ilə öz mövqeyini möhkəmləndirir. Forum rus dili və ədəbiyyatının uğurlu irəliləyişinə və möhkəmlənməsinə, habelə dünyada Rusiyanın müsbət imicinin formalaşmasına səmimi şəkildə maraq göstərənləri birləşdirir. Daha çox sizin sayənizdə xaricdə rus dilinə maraq artır və bu, rus dilini beynəlxalq ünsiyyətin qabaqcıl dillərindən birinə çevirir".
MDB işləri üzrə Federal Agentliyin nümayəndəsi Georgi Muradov bildirib ki, rusdilli informasiya ictimaiyyəti çətin mərhələdən keçir. Bu mərhələdə Avrasiya məkanında sivilizasiyanın gələcək vektoru müəyyənləşir. O, rusdilli KİV-in Avrasiya ölkələri ərazisində rus mədəniyyətinin qorunması işində böyük rolunu qeyd edib.
G.Muradov məlumat verib ki, uzaq xaricdə hazırda 10-12 milyon, MDB ərazisində isə təqribən 20 milyon rusdilli vətəndaş yaşayır.
Konqresdə Azərbaycanı Trend İnformasiya Agentliyi ilə təmsil olunur.