...

Bahar Muradova: Azərbaycan dilinin korlanmasına yönəlmiş süni təzyiqlər var

Cəmiyyət Materials 29 Dekabr 2013 15:06 (UTC +04:00)
Bu gün hər bir Azərbaycan vətəndaşı Azərbaycan dilinin qorunması ilə bağlı qanunlarımızda əksini tapan müddəaların həyatımızın da normasına çevrilməsi üçün çox ciddi mübarizə aparmalıdır.
Bahar Muradova: Azərbaycan dilinin korlanmasına yönəlmiş süni təzyiqlər var

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İ.İzzət/

Bu gün hər bir Azərbaycan vətəndaşı Azərbaycan dilinin qorunması ilə bağlı qanunlarımızda əksini tapan müddəaların həyatımızın da normasına çevrilməsi üçün çox ciddi mübarizə aparmalıdır. Bu qanunların yerinə yetirilməsinə cavabdeh olan müvafiq qurumlar isə bu məsələyə çox ciddi diqqət yetirməlidirlər. Çünki bu, çox ciddi məsələdir və həm elmi, həm ictimai, həm də siyasi baxımdan çox böyük əhəmiyyət kəsb edir. Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Vitse-spikerin sözlərinə görə, Azərbaycan dilinin tətbiqi, qorunması və inkişafı ilə bağlı Azərbaycan qanunvericiliyində kifayət qədər baza var. Ona görə də bu gün dilimizi qorumaq üçün çıxış yolu yalnız qanunvericiliyə dəyişiklik və ya əlavələr etməkdə deyil. Bunun üçün digər vasitələr də var: "Bu dil bizim ulu babalarımızın dilidir və əsrlərin süzgəcindən keçərək bu günümüzədək gəlib çatıb. Bu dilə hər dövrün müəyyən təsiri olub və bundan sonra da olacaq, çünki dil statik olaraq qala bilməz. Dil daim dəyişikliyə meyillidir. Bugünkü ictimai-siyasi həyatda rast gəldiyimiz hadisələr hər yerdə olduğu kimi, dilimizdə də izini qoyur. Elmi yeniliklər, yeni texnologiyalar, yeni terminlər və məfhumlar meydana gəlir. Bunların dildə öz əksini tapması üçün həm təbii yollar, həm də digər təsir tədbirləri mövcuddur.

Əlbəttə ki, dilin təbii yolla dəyişməsi, yeniliklərin əmələ gəlməsi özlüyündə daha yaxşıdır. Çünki dilin lüğət tərkibinə o sözlər daxil olur ki, mütləq əksəriyyət tərəfindən işlənilir, qəbul olunur və fikri daha yaxşı ifadə etməyə kömək edir. Bunu nəzərə alaraq, sonra o sözlər dilin lüğət tərkibinə daxil edilir. Əgər dilimizə gələn yeniliklər nəinki fikrin daha yaxşı ifadə olunmasına kömək etmir, əksinə onun anlaşılması üçün çətinliklər yaradırsa, təbii ki, onun dilimizə daxil olmasının qarşısı alınmalıdır".

B.Muradovanın fikrincə, burada süni amillər daha çox rol oynayır: "Bu, əsasən ayrı-ayrı şəxslərin, xüsusilə jurnalistika sahəsində ayrı-ayrı fərdlərin dili, yazıları, sözləri, idadələri, fikirləri, yaxud da ayrı-ayrı ölkələrdə yaşayaraq müxtəlif dillərin təsirləri altında danışanların, fikrini yazılı şəkildə ifadə edənlərin dilə gətirdikləri "yeniliklər" olur. Elmi-texniki tərəqqi, İKT-nin inkişafı dilimizə insanların çoxunun anlamadığı bir çox terminlər gətirir. Bu, özünü daha çox sosial şəbəkələrdə, xüsusilə müasir gəncliyin dilində göstərir. Əlbəttə ki, bunların çoxu jarqonlardır və onların dilə gətirilməsi mütləq deyil. Bunun üçün həm dilçi mütəxəssislər, alimlər, o cümlədən Azərbaycan dilində danışan hər kəs bütün bunların fərqində olmalı və bu dilin təmizliyi, saflığı uğrunda mübarizədə iştirak etməlidir. Bu, bizim hamımızın dilidir, bu, bizim dövlətimizin, millətimizin dilidir, rəsmi dilimizdir. Yad ünsürlərin Azərbaycan dilinə asanlıqla yol tapmasının qarşısını almaq lazımdır. Bu məsələdə fikir adamları, qələm əhli, alimlərimiz xüsusi rol oynayır".

Parlament sədrinin müavini qeyd edib ki, bəziləri özlərini ətrafdakılara süni şəkildə guya daha müasir, daha fərqli görünmək xatirinə bəzən Azərbaycan dilinə yad olan sözlərdən istifadə edir ki, bu da yolverilməzdir: "Bu gün ictimaiyyətin gözü qarşısında olan, məşhur insanların, siyasi xadimlərin, şou-biznes nümayəndələrinin, gəncliyin simpatiya bəslədiyi şəxslərin fikir və danışıqları böyük əhəmiyyət daşıyır. İnsanlar kimi özünə kumir seçibsə, onun fikir və ifadələrini təkrarlamağı daha çox xoşlayırlar. Bəziləri, xüsusən gənclər guya daha müasir, daha fərqli görünmək xatirinə bəzən yad olan bir çox ifadələri və sözləri işlətməyə meyilli olurlar. Bu zaman gəncliyin dili ilə orta və yaşlı nəslin dili arasında kəskin fərqlər yaranır. Çox təəssüf ki, artıq hazırda bu problem sezilməkdədir".

B.Muradova qeyd edib ki, reklam işi ilə məşğul olanlar "Reklam haqqında" və "Dövlət dili haqqında" qanunların müddəalarına əməl etməlidirlər: "Televiziyalar, xüsusilə radiolar tərəfdən dilimizin korlanmasına yönəlmiş süni təzyiqlər var. Xüsusən diceylər (DJ). Çünki onların elə "özünəməxsus" dili var ki, onu heç də hamı anlaya bilmir. Əlbəttə ki, bunların qarşısını tam şəkildə almaq mümkün olmasa da, onları nizamlamaq mümkündür. Bunun üçün də ilk növbədə Azərbaycan dövlətinin və dilmizin qanunları əsas götürülməlidir. Dilimizin ahəng qanununa, onun işlənmə qaydalarına, ifadə vasitələrinə uyğun gəlməyən sözlər, ifadələr, söz birləşmələri yazılı dilimizdə öz əksini tapmamalıdır".

Vitse-spiker hesab edir ki, son zamanlar Azərbaycan dilinin korlanmasında kütləvi informasiya vasitələrinin daha çox rolu var: "Kütləvi informasiya vasitələrində çox vaxt qrammatik qaydalar zamana, şəxsə görə pozulur, adicə heca qaydalarına əməl olunmur, vurğular düzgün işlənmir. Artıq Azərbaycan dilinin intonasiyası tam fərqli bir istiqamətə yönləndirilir. Bu gün KİV-lərdə eşitdiyimiz intonasiyalar çoxumuza yaddır. Azərbaycan dilinin çox gözəl musiqisi, ahəng qanunu var. Bu dilin ahəng qanununa tabe olmayan sözlər dildə yad səslənir. Vaxtilə dilimizə keçən sözlərin bir çoxunu, müəyyən səsləri və hərfləri dəyişmək yolu ilə dilimizin ahəng qanununa tabe etdirmişik, özününküləşdirmişik. Yəni elə ifadələr var ki, onlar olduğu kimi işlənməlidir, elə ifadələr də var ki, Azərbaycan dilində onun qarşılığı tapılmalıdır. Qarşılığı tapılmadığı təqdirdə isə eləsi qəbul olunmlıdır ki, dilimiz onu qəbul eləsin".

Millət vəkilinin fikrincə, bu sahədə örnək götürə biləcəyimiz müəyyən nümunələr - Azərbaycanın görkəmli ictmai-siyasi xadimləri var: "Bu dildə danışan, yazan, gözəl sənət əsərləri yaradan yazıçılarımız, şairlərimiz, ictimai və siyasi xadimlərimiz var. Məsələn, ümummilli liderimiz Heydər Əliyevin rəvan, səlis nitqi əsl Azərbaycan dilinə nümunədir. O, dilin bütün qayda-qanunlarına riayət etməklə, Azərbaycan dilinin intonasiyasını, ritorikasını yerində və zamanında işlətməyi bacaran bir şəxsiyyət idi. Bu gün onun davamçısı Prezident İlham Əliyevdir. O, Azərbaycan dilinin qanunlarına tam mənasında əməl edərək hər kəsin, ən ucqar kənddə yaşayan, hətta təhsil almayan bir şəxsin də başa düşdüyü, eləcə də ən təkmil elmə, biliyə, savada malik insanların da qəbul etdiyi və bütün məqamları ilə razılaşdığı çox gözəl bir dildə danışır.

Hesab edirəm ki, bu gün həm qanunvericiliyimiz, həm dilimizin qayda-qanunları, o cümlədən hər birimizin içindəki Azərbaycan dili ilə bağlı müəyyən etməli və əməl etməli olduğumuz daxili qaydalarımız bizə imkan verir ki, Azərbaycan dilinin saflığını, gözəlliliyini qoruyaq. Hər kəs istər reklam işində, istər əsərlərin yaradılmasında, istər siyasi polemikada, istər ictimai müzakirələrdə Azərbaycan dilinin qaydalarına əməl etməlidir. Bu dili qorumaq bizim hər birimizin vəzifəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti