...

İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini tam dayandırdı

Cəmiyyət Materials 28 Yanvar 2014 10:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir T.Cəfərov/

"İmam Xomeyni adına İmdad Komitəsi yeni müstəqillik əldə etmiş Azərbaycanda vəziyyətin ağır olduğu bir dövrdə öz xeyriyyə və humanitar fəaliyyətinə başladı. Ötən 20 il ərzində on minlərlə ehtiyacı olan insana, xüsusilə məcburi köçkünlərə və Qarabağda şəhid olan şəxslərin ailələrinə yardımlar etdi". Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Trend-ə İmdad Komitəsinin Azərbaycanda fəaliyyətinin tamamilə dayandırılması ilə bağlı sualı cavablandırarkən deyib.

Səfir bildirib ki, İmdad Komitəsi humanitar yardımlarla yanaşı, təhsil, işsizliyin aradan qaldırılması, gənclərin ailə həyatı qurması, azərbaycanlı bacı və qardaşların məişət avadanlıqları ilə təmin edilməsi və eləcə də İmam Əli (ə) kilinikasında pulsuz tibbi xidmətlər göstərilməsi üzrə fəaliyyət göstərirdi.

Diplomat qeyd edib ki, artıq Azərbaycanda müstəqilliyin ilk günlərində olduğu kimi ağır və çətin şərait mövcud deyil, buna görə də İmam Xomeyni adına İmdad Komitəsi öz fəaliyyətini dayandırmağa qərar verib.

M.Pakayin bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qanlı və dağıdıcı müharibədə idi və İran İslam Respublikası bütün gücü ilə öz azərbaycanlı qardaşlarının köməyinə gəlmişdi: "İslam Respublikasının xeyriyyəçi işləri həmişə Azərbaycanın ümummilli lideri Heydər Əliyev cənablarının diqqətində idi. O, dəfələrlə İranın humanitar yardımlarına görə təşəkkürünü bildirmişdi və bu yardımların Naxçıvanı mühasirədən qurtardığınja inanırdı".

Səfir əminliyini bildirib ki, İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycanda göstərdiyi xidmətlər bu xalqın xatirəsindən heç vaxt silinməyəcək: "İmdad Komitəsinin fəaliyyəti İran və Azərbaycan dövlət və xalqlarının dostluq münasibətlərinin dəstəkçisi idi. Bu komitənin fəaliyyətinin dayandırılması iki ölkə arasında dostluq munasibətlərinin zəiflədilməsi üçün mövzuya çevrilməməlidir".

Qeyd edək ki, İranın Fars agentliyinin məlumatına görə, İmdad Komitəsinin fəaliyyət lisenziyasının müddətinin uzadılmaması həmin komitənin fəaliyyətinin dayandırılmasına səbəb olub. Bundan başqa, İmdad Komitəsinin nəzdində fəaliyyət göstərən İmam Əli (ə) adına xeyriyyə kilinikası da öz fəaliyyətini dayandırıb.

Trend-in əldə etdiyi məlumata görə, hazırda İmam Xomeyni adına İmdad Komitəsinin yerli işçiləri öhdəliklərində olan invertarları təhvil-təslim edirlər. Məlumata görə, İmam Əli kilinikasının avadanlıqları İranın Qırmızı Aypara Cəmiyyətinin Bakı nümayəndəliyinin balansına keçirilib.

Təşkilat 20 illik fəaliyyəti dövründə Azərbaycanda həyata keçirilən layihələrə təxminən 43 milyon ABŞ dolları həcmində vəsait sərf edib.

Ehtimala görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarından sonra İranın İmam Xomeyni adına İmdad Komitəsi beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin yenidən fəaliyyət göstərməsi məsələsinə baxılacaq.

Xatırladaq ki, İranın İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi 1993-cü ildə təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti