...

Azərbaycanda Yer qabığında sıxılma və gərilmələrin olduğu ərazilərin adları açıqlanıb

Cəmiyyət Materials 12 Mart 2014 17:27 (UTC +04:00)
Azərbaycanda Yer qabığında Böyük Qafqaz, Qobustan, Kür çökəkliyi, Naxçıvan və İranla həmsərhəd ərazilərdə sıxılmalar, Kiçik Qafqazda Gədəbəy və Şuşa rayonları yaxınlığında isə gərilmələr müşahidə edilir.
Azərbaycanda Yer qabığında sıxılma və gərilmələrin olduğu ərazilərin adları açıqlanıb

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda Yer qabığında Böyük Qafqaz, Qobustan, Kür çökəkliyi, Naxçıvan və İranla həmsərhəd ərazilərdə sıxılmalar, Kiçik Qafqazda Gədəbəy və Şuşa rayonları yaxınlığında isə gərilmələr müşahidə edilir.

Akademiyanın Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, AMEA Geologiya və Geofizika İnstitutu GPS (qlobal yertəyinetmə sistemi) texnologiyası ilə ölkə ərazisinin geodinamik şəraitinə dair tədqiqatlar aparıb və mühüm nəticələr əldə edib. Bu işlər 1998-ci ildən etibarən ABŞ-ın Milli Elm Fondunun dəstəyi ilə həyata keçirilir. Araşdırmalar "Ərəbistan-Avrasiya kolliziya zonasının kontinental deformasiyalarının interpretasiyası" layihəsi çərçivəsində Massaçusets Texnologiya İnstitutu ilə birgə aparılır.

Peyk vasitəsilə aparılan tədqiqatlar nəticəsində GPS şəbəkəsində horizontal hərəkətlərin paylanma qanunauyğunluqları öyrənilib və müasir geodinamik şərait haqqında yeni məlumatlar əldə edilib. Bu məlumatlar kolliziya zonasındakı deformasiya prosesləri, regional qırılmaların dinamikası, enerji toplanan yerlərin proqnozlaşdırılması və Yerin blok quruluşunun yeni modelinə aiddir. GPS məlumatları əsasında Yer qabığının Azərbaycana aid hissəsində meydana gələn deformasiya sürətləri hesablanıb, qeyri-bircins paylanmanın olduğu göstərilib, sıxılma və gərilmə oxlarının istiqamətləri müəyyən edilib. Sıxılmalar Böyük Qafqaz, Qobustan, Kür çökəkliyi, Naxçıvan və İranla həmsərhəd ərazilərdə müşahidə olunur. Gərilmələr isə Kiçik Qafqazda Gədəbəy və Şuşa rayonları yaxınlığında özünü büruzə verir.

AMEA Rəyasət Heyətinin qərarı ilə Respublika Seysmoloji Xidmət Mərkəzinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birgə tədqiqat proqramı hazırlamaq tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti