...

Hər kəsin “qocalıq ehtiyatının” toplandığı yer – DSMF

Cəmiyyət Materials 26 May 2014 11:26 (UTC +04:00)
Burda həmin ehtiyatlar “ən cavan” sistemlərlə idarə olunur
Hər kəsin “qocalıq ehtiyatının” toplandığı yer – DSMF

Burda həmin ehtiyatlar "ən cavan" sistemlərlə idarə olunur

  • Qızım, səni istəyən oğlan işləyirmi, qazancı varmı, ailə saxlaya biləcək?
  • Hə, ana, işləyir, normal qazancı da var.
  • Səni aldatmır ki? Bəlkə bizim razılığımızı almaq üçün belə deyir?
  • Ana, sabah onun nikini, parolunu alaram, özun baxarsan.
  • Nə nik, parol?
  • Sosial Müdafiə Fondundakı.
  • .............

Paytaxtımızdakı binaların birində Azərbaycanda yaşayan 17 yaşdan 117 yaşadək hər bir insan haqqında məlumatların toplandığı mərkəz yerləşir - kim harada işləyir, nə qədər qazanır və s. Maraqlısı isə budur ki, hər kəs özü haqqında məlumatları buradan rahatca götürüb baxa bilər. Söhbət hansısa hüquq-mühafizə orqanından yox, Dövlət Sosial Müdafiə Fondundan gedir.

İndi məlumat əldə etmək və ya özün haqqında məlumat vermək üçün heç o mərkəzə getməyə də ehtiyac yoxdur. İnformasiya-kommunikasiya texnologiyaları ilə "yüklənmiş" elektron hökumət Dövlət Sosial Müdafiə Fondunu da əməll-başlı öz əhatəsinə alıb.

Bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizdən çoxunu əhatə edir. Fondun mərkəzi məlumat bazasında bütün pensiyaçılar və işləyənlər haqqında, başqa sözlə, 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 750 min nəfər sığortaolunan barədə lazımi məlumatlar toplanıb.

4 milyon nəfərdən çox vətəndaş. Bu qədər adama xidmət etmək isə elə də asan deyil. Təsəvvür edin, gün ərzində 100 minlərlə insan işini dəyişir, əmək haqqı artır və ya azalır, gənclər ilk dəfə işləməyə başlayır, kimsə təqaüdə çıxır, təqaüdün məbləğinda tez-tez yenidən hesablamalar aparılır, kimsə vəfat edir. Bütün bunlar Dövlət Sosial Müdafiə Fondunun məlumat bazasında öz əksini tapır. Əvvəllər sadəcə təqaüdün hesablanması aylarla vaxt, bir yığın sənəd və gərgin iş tələb edirdi. Üstəlik, bu mürəkkəblik məmurlarla pensiyaçılar arasında bəzən münaqişə, bəzən də qeyri-sağlam sövdələşmə yaradırdı. İndi isə nəhəng məlumat bazasında gündəlik baş verən dəyişikliklər seli informasiya-kommunikasiya texnologiyaları sayəsində məharətlə idarə olunur. Özü də burda iş təkcə məlumatlar bazasını idarə etməkdən ibarət deyil, həm də ümumi sayı 4 milyona çatan işləyən insan və təqaüdçülərə keyfiyyətli xidmətin göstərilməsidir.

Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının köməyi ilə Fond əhaliyə 19 adda elektron xidmət göstərir. Elektron xidmətlərin nə qədər sərfəli olduğunu artıq bir çoxları hiss etməyə başlayıb. Məsələn, "Sığortaolunanın onlayn uçota alınması" adlı xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. Bunun üçün sadəcə internetə qoşulmuş komputer arxasında 5-10 dəqiqə vaxt keçirmək kifayət edir. Elektron qaydada Fonda müraciət edirsən və sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsini rəsmiləşdirirsən. Elektron sistem həm işçiləri olan sahibkarların işini asanlaşdırır, həm də sahibkar kimi fəaliyyət göstərən ayrı-ayrı şəxslərin. 2014-cü ilin əvvəlinddən indiyədək onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 12 390 fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib.

Son zamanlar ən çox səbirsizliklə gözlənilən yenilik isə elektron hesabat xidmətinin işə düşməsidir. İndiyədək hər bir sahibkar sosial sığorta ödənişi etmək üçün Dövlət Sosial Müdafıə Fondunun yerli mərkəzlərinə getməli, məmurun qəbulunda növbəyə durmalı və hesabatlarını təqdim etməli olurdu. İndi isə heç mərkəzin yerini tanımağa da ehtiyac yoxdu. Elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin www.sspf.gov.az; www.e-sspf.gov.az saytında yerləşdirilib. Asanlıqla öyrənirsən və heabatını göndərirsən.

Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış "Yardım masaları"nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanıblar. Fondda hesab edirlər ki, "Yardım masaları"nın fəaliyyətinin genişləndirilməsi kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayını artıracaq.

Sosial Müdafiə Fondunun informasiya-kommunikasiya texnologiyalarından yararlanmaqla yaratdığı və ən çox rəğbət qazanan uğuru pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılması olub desək, yanılmarıq. Əvvəllər pensiya yaşına çatan insanların pensiyasının hesablanması, sənədlərin yığılması, pensiya məbləğində baş verən artımların hazırlanması həm pensiyaçılar, həm də Fondun işçiləri üçün əməlli-başlı baş ağrısı idi. Üstəlik, bu proseslərin mürəkkəbliyi bir sıra məmurlara rüşvət hesabına əlavə gəlir əldə etmək üçün "geniş imkanlar" yaratmışdı.

2013-cü ilin iyul ayından etibarən Azərbaycanda Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb. Pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində müasir avtomatlaşdırılmış infrastrukturun qurulması, Dövlət Sosial Müdafiə Fondunun serverlərində unikal elektron məlumat bazalarının yaradılması nəticəsində bu sahənin üzərinə çökmüş duman yoxa çıxdı.

İndi pensiyanı özün də hesablaya bilərsən. Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq pensiya kalkulyatoru vasitəsilə öz pensiyasının nə qədər olduğunu müəyyənləşdirir. Pensiya yaşına çatanda isə harasa gedib sənəd toplamağa və onu harasa təqdim etməyə ehtiyac yoxdur. Hər bir vətəndaş hansısa sənəd toplamadan və vaxt itirmədən "Çağrı Mərkəzi"nə zəng vurub real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər. Avtomatlaşdırılmış əmək pensiyası təyinatı sistemi hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir.

Hamının indiyədək "pensiyaçıların idarəsi" kimi tanıdığı, pensiyaçılar sayaq "ləng və köhnə qayda-qanunlarla" işləyən qurum kimi tanıdığı Dövlət Sosial Müdafiə Fondu bu gün müasirliyi ilə əksər qurumları geridə qoyur. Üstəlik indi Fond "müştərilərini", yəni mövcud və gələcək pensiyaçıları da öz ardınca irəliyə aparır, onları müasir informasiya-kommunikasiya texnologiyalarını öyrənməyə məcbur edir - artıq hamı başa düşür ki, bu yenilikləri bilmədən Fondla "ayaqlaşmaq" mümkün deyil.

Samir Paşayev

Yazı DSMF-nin "Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti