...

Avtomobillər Bakı Dairəvi yolu ilə necə hərəkət edə bilər?

Cəmiyyət Materials 4 May 2015 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/

Bakı Dairəvi yolunda təmir işləri yekunlaşmaq üzrədir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, qurum tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə Bakı Dairəvi yolunda aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir.

Yolun şəhər istiqamətinə doğru olan 14 kilometrlik hissəsinin təqribən 13 kilometrində təmir işləri artıq yekunlaşıb. Yolun 1 kilometrlik hissəsində isə təmir-tikinti işləri davam etdirilir. Hələlik sürücülər yolun məhz təmir olunmuş hissəsindən, daha dəqiqi, "maşın bazarı" istiqamətinə doğru çıxan yola qədər istifadə edə bilirlər. Bakı Dairəvi yolu ilə şəhər mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələri "maşın bazarı" istiqamətinə çıxmaqla rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə bilərlər. "20 Yanvar" dairəsinə, Biləcəri qəsəbəsi və Sumqayıt şəhərinə doğru hərəkət edən nəqliyyat vasitələri isə yolun 9,5 kilometrlik hissəsində yaradılmış keçiddən istifadə edərək Bakı Dairəvi yolunun əks istiqamətinə çıxmaqla hərəkət edə bilərlər.

Qeyd edək ki, Bakı Dairəvi yolunun Lökbatan dairəsindən şəhərə doğru olan hissəsində "Azəryolservis" ASC tərəfindən təmir-tikinti işlərinə mart ayında başlanılıb. Təmir-tikinti işləri zamanı yol yatağının deformasiyaya uğramış hissəsi qazılaraq çıxarılıb, həmin hissədə yeni yol yatağı salınıb. Yolda 4 min kubmetr torpaq işləri görülüb, ümumilikdə təqribən 200 min kvadratmetr yeni asfalt-beton örtüyü salınıb. Yolda zədələnmiş və əyilmiş əyrixətli tirlər yeniləri ilə əvəzlənib, nişanlanma xətləri çəkilib və zəruri olan yerlərdə yol nişanları quraşdırılıb. Yolda təmir tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və işlərin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti