...

Ekspert: Sürücülər avtomobillərini sığorta etdirməkdən çəkinirlər

Cəmiyyət Materials 3 Avqust 2015 18:02 (UTC +04:00)
“Həm taksi sürücüləri, həm də təlim avtomobillərinin sürücüləri maşınlarını sığorta etdirməkdən çəkinirlər”.
Ekspert: Sürücülər avtomobillərini sığorta etdirməkdən çəkinirlər

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Elmir Murad/

"Həm taksi sürücüləri, həm də təlim avtomobillərinin sürücüləri maşınlarını sığorta etdirməkdən çəkinirlər". Bunu Trend-ə ekspert Elnur Alayev deyib.

Təlim avtomobillərinin mütləq şəkildə sığortalanmalı olduğunu deyən ekspert bunu həmin maşını idarə edənin naşı olması ilə izah edir.

O vurğulayıb ki, taksi sürücüləri də avtomobillərini həm könüllü, həm də icbari sığortalatmalıdırlar: "Təlim avtomobillərinin sığortalanması çox vacibdir. Onlar xüsusi təlim maşınları olmalıdır. Çünki təlim avtomobilinə oturan şəxs səriştəsizdir və qəza vəziyyəti yaranarkən onun yanındakı adam nə qədər istəsə də, hadisənin baş verməməsi üçün müdaxilə edə bilmir. Və nəticədə qəza yaranır. Bütün bunlara görə də təlim avtomobilinin sürücüsü sığorta haqqında düşünməlidir. Taksi sürücüləri də eyni addımı atmalıdırlar. Sonradan özləri üçün problemin yaranmamasına görə sığorta vacibdir".

E.Alayev son zamanlar insanların sığorta şirkətlərinə etibarının azaldığını deyib və qeyd edib ki, bu, sözügedən bazara təsirsiz ötüşməyib. Ekspert sığorta bazarına etimadın azalmasının səbəblərini də izah edib: "Bəzi sığorta şirkətləri müştəri haqlı olduğu halda onun ödənişini etmir. Bu isə təbii ki, müştəri ilə şirkət arasındakı inamı azaldır. Bu da ən son məqamda insanların avtomobilini sığorta etdirməməsinə və şirkətlərin durğunluğuna səbəb olur. Bununla yanaşı, insanların sığorta barədə informasiyaları da azdır. Şirkətlər onların maarifləndirilməsi istiqamətində təbliğat işi apararsa, təbii ki, bu, gələcəkdə bazarı canlandıra bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti