Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Elçin Mehdiyev/
"Azərbaycanda ailə həkimləri institutunun formalaşdırılması və təkmilləşdirilməsi vacib məsələdir. Ancaq bunun həyata keçirilməsi icbari tibbi sığorta ilə bağlıdır". Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
O bildirib ki, bunun üçün gərək icbari tibbi sığorta tətbiq edilsin və Azərbaycanda səhiyyənin yeni maliyyələşməsi mexanizmi müəyyənləşdirlsin: "Ailə həkimi əsasən ucqar rayonlarda, dağ kəndlərində yaşayan insanlara ilkin tibbi xidmət göstərmək üçün çox gərəkli bir institutdur. Ancaq indiki həkimin maaşı ilə ailə həkimi institutunu qorumaq çətin olacaq. Çünki bir həkimin gedib ucqar bir kənddə əhaliyə tibbi xidmət göstərməsi asan bir iş deyil və hər bir həkim də bu işi həvəslə həyata keçirmir".
M.Quliyev bildirib ki, ailə həkimi institutunun əlavə maliyyələşməsi olmalıdır: "Burada dövlət maliyyələşməsindən başqa, əlavə mənbə də tapılmalıdır. Məsələn, Türkiyədə bələdiyyələr xidmət edilən hər bir sakinə görə, həkimə 1 lirə ödəyirlər. Tutaq ki, bir həkim 4 min adama xidmət göstərirsə, dövlətdən aldığı məvacibdən əlavə 4 min lirə də tibbi xidmətə görə bələdiyyədən pul alır. Amma bizdə bələdiyyələrin bu imkanları yoxdur".
M.Quliyev hesab edir ki, bunun üçün fond yaratmaq olar: "Ən yaxşısı icbari tibbi sığortanın işə düşməsi olardı. İcbari tibbi sığorta paketinin içərisində ailə həkiminin maliyyələşmə mənbəyinin də nəzərdə tutulması problemi həll etməyin yolu olardı".
Səhiyyə Nazirliyindən isə Trend-ə bildirilib ki, Azərbaycanda ailə həkimi vəzifəsi 2008-ci ildən yaradılıb və bu ixtisasdan olan həkimlər daha çox kəndlərdəki tibb müəssisələrində çalışırlar. Lakin hazırda Azərbaycanda tələbatı ödəyəcək qədər mütəxəssis yoxdur. Bunun səbəbi isə gənclərin ölkənin müxtəlif bölgələrində çalışmaq istəməməsi ilə bağlıdır.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı da ötən iclaslarda ailə həkimləri ilə bağlı ayrıca qanunvericiliyin qəbul edilməsini və ya qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsini təklif etmişdi. M.İbrahimqızı məsələnin Milli Məclisin növbəti iclaslarında gündəmə gətiriləcəyini bildirib.
Bəzi ekspertlər bu həkimlərin kifayət qədər savadlı və hər bir xəstəlikdən xəbərdar olmasının vacib olduğunu bildirərək ailə həkimlərinin hazırlanması məqsədilə diplom müdafiəsindən sonra 2 il rezidenturanın keçirilməsini vacib sayırlar. Bunun üçün pediatr ixtisası ilə müalicə ixtisasını birləşdirməyi, təhsil proqramlarında dəyişiklik aparılmasını təklif edirlər. Həmçinin qanunda ailə həkiminə xüsusi status verilməsini, bu sahəni seçənlərin maddi təminatının genişləndirilməsinin vacib olduğunu deyirlər.