...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 26 Oktyabr 2015 12:45 (UTC +04:00)

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Qeyd edək ki, MDB adlı təşkilat yarandıqdan sonra 1991-93-сü illərdə SSRİ-ni birləşdirən on beş respublikadan on biri- Rusiya, Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Moldova, Tacikistan, Ermənistan və ən sonda Azərbaycan bu təşkilata üzv oldu. Qalan dörd respublikadan üçü- Latviya, Litva, Estoniya hökumətləri Avropa Birliyinə, NATO-ya və s. inteqrasiya olunmaları haqqında istəklərini bildirdilər və bu yöndə fəaliyyətə başlayaraq, qısa müddətdə gözlə görünən müsbət nəticələr əldə etdilər. Türkmənistan isə "bitərəf dövlət" siyasi kursunu yürütmək adı ilə bu quruma üzv olmaqdan imtina etdi.

SSRİ-nin yoxluğu şəraitində bu quruma üzv olan ölkələr, ilk növbədə özünün sərhəd və digər pay bölgüləri (bura iqtisadi sahələr sənaye obyektlərinin bölünməsi, hərbi texnika və sursatların paylanması və s. məsələlər daxildir) problemlərini müzakirə obyektinə çevirdilər. Son nəticədə əksər respublikalar belə razılığa gəldilər ki, ölkələrarası sərhədləri SSRİ tərkibində 1991-ci ilə qədər mövcud olan keçmiş inzibati bölgülər çərçivəsində saxlasınlar.

Bununla yanaşı, Rusiya özünün geosiyasi maraqlarını nəzərə alaraq 1992-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaradılmasının təşəbbüsçüsü oldu və bu təşkilat yarandıqdan sonra, MDB-yə üzv olan on bir dövlətdən üçü- Azərbaycan, Gürcüstan və Moldova ərazisində Rusiya tərəfindən yaranan və idarə edilən münaqişələr səbəbindən quruma üzv olmaqdan imtina etdilər.

Hörmətli professor Əli Həsənov yazır ki, MDB tərkibində ayrı-ayrı geosiyasi məsələlərə, xüsusilə də hərbi-strateji və təhlükəsizlik üzrə dərinləşdirilmiş inteqrasiya proseslərinə ehtiyatlı yanaşma siyasəti, bir çox dövlətlərin yürütdüyü müstəqil xarici siyasət kursunun tələblərindən irəli gəlirdi. Rusiya təşkilata üzv ölkələrin hər biri ilə münasibətlərini və onlar üzərindəki geosiyasi və geostrateji təsirini daha çox MDB-nin dövlətüstü və idarəetmə mexanizmləri vasitəsilə deyil, daha çox üzv ölkələrlə ikitərəfli münasibətləri dərinləşdirmək vasitəsilə reallaşdırmağa çalışırdı.

Müəllif yazır: "... MDB-nin müstəqil, regional-beynəlxalq təşkilat kimi fəaliyyətinə və gələcək perspektivlərinə, Rusiyanın digər üzv dövlətlərin ona münasibətinə, bu sahədə bir neçə həlledici geosiyasi amil və məqam özünü biruzə verir.

- İlk növbədə, qeyd edilməlidir ki, MDB üzvü olan dövlətlərin hər biri geosiyasi maraqlarını təmin etmək üçün ayrılıqda dünyanın qabaqcıl və inkişaf etmiş- ABŞ, Avropa Birliyi, Yaponiya, Çin və s. ilə ikitərəfli və nüfuzlu beynəlxalq qurumlarla çoxtərəfli əlaqələrə can atır...;
- İkincisi, MDB-də əsas və aparıcı rolu Rusiya oynayır. Bu qurumun sədrliyi elə yarandığı gündən məhz Rusiyaya məxsusdur. Bu amil bir tərəfdən digər üzv dövlətlərin MDB tərkibində hüquqlarının qeyri-bərabər olduğunu, digər tərəfdən isə siyasi, iqtisadi və digər inteqrasiya proseslərində üzvlər arasında qeyri-bərabər şəraitin mövcudluğunu göstərir...;
- Üçüncüsü, MDB çərçivəsində formalaşdırılan ümumi xarici və daxili siyasət, dünyada, regionda və üzv dövlətlərin ərazisində baş verən geosiyasi xarakterli və proseslərə yanaşmalar bir qayda olaraq üzv ölkələrin milli maraqlarını tam əks etdirmir...;
- Dördüncüsü, MDB tərkibində həyata keçirilən regional inteqrasiyanın sürəti, dərinliyi və başqa geosiyasi məsələlərlə bağlı üzv ölkələrin maraq və mənafeləri ciddi fərqlənir. MDB-nin hərbi-geostrateji məsələlərlə təhlükəsizlik və müdafiə sahəsi ilə bağlı dərinləşdirilmiş inteqrasiya planları bir qrup üçün məqbul, digəri üçün qeyri-məqbul hesab olunur...;
- Beşincisi, MDB beynəlxalq aləmdə Avrasiya subregional inteqrasiya təşkilatı kimi tanınsa da, beynəlxalq münasibətlər və hüquq sistemində öz vahid səsi, yeri və rolu olan qurum- hüquqi şəxs statusu ilə tanına bilməyib..." (Bax. s. 397-399)

***

Görünən budur ki, MDB geosiyasi, geoiqtisadi, hərbi-geostrateji proseslərdə inteqrasiya rolunu oynaya bilmədi. Bunun da bir çox səbəblərini yuxarıda qeyd etməklə yanaşı, bir məsələni də vurğulamaq yerinə düşərdi.

Məsələ bundadır ki, Rusiyanın MDB-yə üzv ölkələr arasında apardığı uğursuz siyasət bunun bariz nümunəsidir. Belə ki, Rusiya MDB-yə daxil olan ölkələr arasında yürütdüyü "ikili siyasətin" nəticəsində bu quruma olan etibar getdikcə zəiflədi və sonda yeni qurumların yaranmasına səbəb oldu. Fikir verin, bir tərəfdən Rusiya geosiyasi inteqrasiyanın tərəfdarı kimi çıxış edir, digər tərəfdən isə MDB-yə üzv olan bəzi dövlətlərdə separatizmə, bölücülüyə, qarşıdurmaya, münaqişəyə rəvac verib.

Məsələn, Rusiya Gürcüstanda, Moldovada, Ukraynada, qeyri-rəsmi olaraq Dağlıq Qarabağda separatçı rejimlərə dəstək verir, özünün regionda geosiyasi, hərbi-geostrateji maraqlarını həyata keçirmək istəyir və buna da çalışır. MDB-yə üzv dövlətlərin hansı Rusiyaya deyil, bütün dünyada gedən proseslərə inteqrasiya olunmaq istəyir, o zaman rəsmi Moskvanın təhdidləri ilə qarşılaşır. Bu da onun getdikcə etibarlılığını və nüfuzunu itirir.

Bu səbəbdən də son illər yaranmış Rusiya-Belarus İttifaqı (RBİ), Avrasiya İqtisadi Birliyi (AİB), Mərkəzi Asiya Əməkdaşlıq Təşkilatı (MAƏT), Türk Dövlətlər Birliyi (TDB), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və s. qurumlar dərinləşmiş inteqrasiya proseslərində MDB-nin indiki fəaliyyətindən fərqli olaraq xeyli irəli gediblər.

Bu təbiidir, çünki MDB məkanına müxtəlif geosiyasi maraqları mövcud olan dövlətlər bir araya gəliblər. Bir qütbdə əraziləri işğal olunmuş, yaxud münaqişələr içində çabalayan dövlətlər, digər qütbdə isə ya bu ilhaqa və münaqişəyə rəvac verən, ya da bu qarşıdurmada birbaşa iştirak edən dövlətlər durur. Məsələn, 2008-ci ilin avqust ayında Rusiyanın Gürcüstana hərbi müdaxiləsi və bu dövlətin paytaxtının 50 kilometrliyində hərbi qoşunlarını yerləşdirməsi buna bariz nümunədir. Yalnız beynəlxalq qurumların və Qərb dövlətlərinin səyi nəticəsində Rusiya öz qoşunlarını geri çəkməsinə baxmayaraq onları qondarma rejim olan Osetiyada yerləşdirdi. Belə bir addım Gürcüstanın MDB üzvlüyündən çıxması ilə nəticələndi.

Qeyd edək ki, SSRİ dağıldıqdan sonra postsovet məkanında əsl geosiyasi ittifaq nümunəsi Rusiya və Belarus arasında yaranan qurum ola bilər. Belə ki, bu ittifaq özündə vahid iqtisadi məkan, vahid valyuta, enerji təminatı, ümumi dövlətüstü qurumlar və başqa fəaliyyət növləri ehtiva edir. Lakin, MDB-yə üzv ölkələr bu quruma daxil olmağa tələsmirlər. Əslində, bu ittifaq Rusiyanın MDB çərçivəsində gələcək yaratmaq istədiyi Vahid İqtisadi Məkan və Gömrük İttifaqının mini layihəsi idi.

Buna gedən yolda sonradan yaranan "dördlər" və Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistanın da daxil olduğu "beşlik" bu günə qədər tam gücü ilə fəaliyyət göstərə bilmir. Bunun da əsas səbəbi üzv dövlətlər arasında iqtisadi maraq və qarşılıqlı mənafe sisteminin sona qədər, dərk olunmuş şəkildə işlənib hazırlanmasıdır. Buna heç Rusiya da imkan verməyəcək, çünki, Rusiya alt qatda özünün geosiyasi və hərbi-geostrateji mənafelərini qarşılıqlı mənafeyə qurban verə bilməz.

Rəsmi Moskvanın analitikləri belə hesab edirlər ki, qarşılıqlı mənafe son dərəcədə siyasi və hərbi təsirini üzv ölkələri arasında itirəcək.
Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti