Bakı. Məftun Salmanov - Trend:
Suriyadan müharibənin dəhşətlərindən qaçan insanlar pənah gətirdikləri Avropada badalaq, dəyənəklə qarşılaşır. Qitədə məskunlaşan miqrantlar isə qorxu ab-havasında yaşayır, qaldığı yerlər oda verilir, ya da irqçi münasibətlə üzləşirlər. Avropa ölkələri köməksiz qaçqınları futbol topu kimi bir-birilərinə ötürür, topun, yəni onların öz ərazisində qalmamasına çalışır.
İŞİD-in Parisdə silsilə terror aktları törətməsi Avropanın köhnə qitəyə üz tutan miqrantlara qarşı münasibətini daha da sərtləşdirib. Polşa kimi bəzi dövlətlər ümumiyyətlə miqrant qəbul etməyəciyini açıqladığı halda, digərləri isə yalınız müharibələrin baş verdiyi ölkələrdən qaçqın qəbul edə biləcəyini bildirib. Hərçənd bir müddət əvvəl miqrantların qəbulu üzrə Avropa ölkələri üçün müəyyən kvota ayrılmışdı.
İndi Yaxın Şərqdən, Afrikadan və digər ölkədən miqrant görəndə Avropanın simasından zəhrimar yağır. Bu günlərdə Serbiya 200 miqrantı Makedoniyaya geri göndərsə də, rəsmi Skopye onları nəinki qəbul etməyib, hətta dəyənəklərlə qarşılayıb. Makedoniya sərhədində gördükləri mənzərədən qorxuya düşən qaçqın uşaqların ağlayışına sanki göy də qoşularaq güclü yağış yağdırırdı. İndi özünüzü bir anlıq miqrantların yerinə qoyun. Bunu təsəvvür etmək belə, insanda vahimə yaradır.
Hazırda həmin miqrantlar tərəfsiz bölgədə kimsəsiz, biçarə vəziyyətdə qalıb. Elə bir təəssürat yaranır ki, sanki Yer planetində onlara yer tapılmır. Bəlkə onları kosmik gəmiyə doldurub başqa planetə göndərək. Tərslikdən başqa planetlərdə hələ həyat tapılmayıb, əgər tapılsaydı inanın ki, belə də olacaqdı. İnsanlıq, dəyərlər itəndə qaçqınlarla bağlı ağlasığmaz təkliflər irəli sürülür. Hələ iyul ayında amerikalı milyonçu Ceyson Buzi istənilən ölkədən olan qaçqının yaşaya biləcəyi dövlət yaratmağı təklif etmişdi. Yəhudi əsilli milyonçu qeyd etmişdi ki, özünün "Qaçqınlar milləti" layihəsini həyata keçirmək məqsədilə ölkələrin istifadə etmədiyi torpaqları almaq və ya dənizdə adalar yaratmaq lazımdır. C.Buzi İsraili misal çəkərək belə layihənin uğur qazanacağına əminliyini bildirmişdi: "İsrail demək olar ki, qaçqınlar ölkəsi kimi yaradılıb, amma yalnız yəhudi qaçqınlar əsasında". Görünən odur ki, hər şey milyonçunun təklifinə doğru gedir.
Bəli, miqrantların üst-başından çirk yağır, nə vaxt çimdiklərini bir Allah bilir, ola bilsin ki, bəziləri müxtəlif xəstəlik daşıyıcılarıdır. Lakin onlar Maldiv adalarından deyil, cəhənnəmə çevrilmiş Suriyadan, İraqdan və Əfqanıstandan gəlir. Onlar ilk növbədə insandırlar, sonra isə müsəlman, suriyalı və s. Miqrantların Avropaya axın etməsi nəticəsində sərhədlərdə yaranan mənzərələr müəyyən qədər II Dünya müharibəsi illərində nasistlərin yəhudilərə qarşı münasibətini xatırladır - sərhəddəki polislərin miqrantları müşahidə edərkən ağızlarını xəstəlik ehtimalına qarşı bağlamaları, qaçqınlara ərzaqların normal paylanılması əvəzinə heyvanlara yem verilirmiş kimi üzərlərinə atılması.
Təsadüfi deyil ki, BMT hazırda Avropadakı miqrant böhranının II Dünya müharibəsindən bəri ən böyük böhran olduğunu açıqlayıb. Hazırda dünya üzrə 60 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətindədir. Deməli III Dünya müharibəsi gedir, lakin örtülü formada. Avropa ölkələrinin qəbul etmək istəmədiyi miqrantları dəniz udur. İlin əvvəlindən Aralıq dənizində ölən miqrantların sayı 3 500 nəfəri ötüb.
Paris hadisələrindən sonra ABŞ-ın 30-a yaxın ştatı da avropalı həmfikirlərinə qoşularaq suriyalı qaçqınları qəbul etməkdən imtina ediblər. Adama deyən lazımdır ki, sənin babanın babasının babası məhz Amerika torpaqlarına çağırılmamış miqrant kimi gəlməyibmi? Sonra isə buraları özünküləşdirib yerli əhaliyə divan tutmayıbmı? İnsafən demək lazımdır ki, Nyu-Yorkun meri Bill de Blazio imtina qərarını qəbul edənlərə keçmişlərini xatırladıb və vicdanlarına qulaq asmaları üçün dəniz sahilində Aylinin cansız bədəninin əks olunduğu fotonu göstərib.
Miqrantlarla bağlı yaşananlar Qərb demokratiyası, dəyərləri üçün bir imtahandır. Hələ ki, Qərb bu sınaqdan üzü ağ çıxmır və ona utanc gətirən addımlar atır. Ümidsizliyin mühasirəsində olan miqrantların əlindən tutacaq öz dövləti yoxdur. Onlar ortalıqda qalıb. Düzdür, 2 milyondan çox suriyalı qaçqını öz ərazisində yerləşdirən başda Türkiyə olmaqla azsaylı ölkələr olsa da, bu kifayət etmir. Qaçqınların yeganə ümidi Allaha qalıb. İndi onların insanların başını kəsəndə, günahsız insanları öldürəndə "Allahu Əkbər" (Ən Böyük Allahdır) deyə qışqıranlardan daha çox "Allahu Əkbər" deməyə haqqı çatır. "Allahu Əkbər" deyib ümidsizliyə qapılmamaq üçün...