Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda keçirilən ilk Avropa Oyunları zamanı baş vermiş avtobus qəzası ilə bağlı açılmış cinayət işinin məhkəmə istintaqının növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərin azadlığa buraxılması barədə vəsatət qaldırıblar. Məhkəmə vəsatətləri təmin etməyib. Cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb.
Xatırladaq ki, ötən il iyunun 11-də səhər saatlarında metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən "Atletlər kəndi"nin nəqliyyat deposunda "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxıb. Nəticədə, həmin vaxt səki ilə gedən şəxslərdən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pajer və Verena Breyt xəsarət alıb.
Məhkəmə qarşısına çıxarılanlar arasında avtobusun sürücüsü, 51 yaşlı Vəli Əhmədovla yanaşı, paytaxtın Nizami Rayon Polis Idarəsinin "Təhlükəsiz şəhər" xidmətinin operatoru olmuş Elçin Həsənov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və Xidmətin Bakı şəhər Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov da var.
Sürücü V.Əhmədov Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə ittiham olunur. Polis E.Həsənov isə avtobus qəzası baş verərkən təhlükəsizlik kameralarının qeydə aldığı video-görüntüləri ictimaiyyətə yaydığı üçün məsuliyyətə cəlb olunub və ona qarşı CM-nin 308-ci (vəzifədən sui-istifadə) maddəsilə ittiham irəli sürülüb. Digər iki nəfərə isə CM-nin 314-cü (səhlənkarlıq) maddəsilə ittiham elan olunub. Onlar bu sürücünü xəttə buraxmaqla səhlənkarlığa yol verməkdə təqsirləndirilir.
Onu da qeyd edək ki, adları çəkilən şəxslərdən üçü həbsdədir, Fərid Əmiraslanovun barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Məhkəmə Atletlər kəndindəki qəza ilə bağlı cinayət işini istintaqa qaytardı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda keçirilən ilk Avropa Oyunları zamanı baş vermiş avtobus qəzası ilə bağlı açılmış cinayət işinin məhkəmə istintaqının növbəti iclası keçirilib.