Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS-in "Hesabat" analitik-informasiya proqramının yayımına qoyduğu bir aylıq qadağa ilə bağlı mətbuat konfransı keçirib.
M.Ağayev MTRŞ-nin bu qərarını qərəzli hesab etdiyini, ANS televiziya kanalının tarixinin hamının gözü qarşısında olduğunu bildirib.
M.Ağayev qeyd edib ki, MTRŞ-nin qəbul etdiyi qərarlar adətən ANS-lə bağlı olub: "Düzdür, Şura başqa kanallarla da bağlı qərarlar qəbul edib, ancaq əsasən ANS barədə qərarlar verib, qadağalar qoyub".
ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru deyib ki, MTRŞ-nın qərarı ilə bağlı müvafiq tədbirlər görüləcək: "Biz qanun çərçivəsində məhkəməyə müraciət edəcəyik".
Qeyd edək ki, MTRŞ-nin bu gün keçirilən iclasında ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb. ANS televiziyasının efirində yayımlanan "Hesabat" analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alaraq, Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində "Hesabat" analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırıb.